BBC-nin reportajı bizim necə barbar, vəhşi düşmənlə üz-üzə olduğumuzun sübutudur - ŞƏRH ÖZƏL
"30 illik müharibə tarixində ermənilərin həm də terrorist olduğunu bir daha görmüş olduq. Erməniçilik ideologiyası terrorizmə, faşizmə, vandalizmə əsaslanan bir ideologiyadır. Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqının milli, maddi irsinə qarşı törədilən cinayətlər, azərbaycanlıların evlərinin, kəndlərimizin dağıdılıb viran qoyulması erməni fiziki terrorunun, hərbi cinayətinin bariz nümanəsidir". Bunu DİASPOR.İNFO-ya açıqlamasında Milli Məclisin üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, Azərbaycan ordusunun əldə etdiyi qəti qələbədən sonra işğal olunmuş digər rayonlarımızı tərk etmək məcburiyyətində qalan ermənilər indi də ekoloji terror törətməyə başlayıblar: "Onlar Azərbaycan meşələrini yandırır, azərbaycanlılara məxsus olan abidələri dağıdırlar. Maddi-mənəvi abidələrimizə ziyan vurduqları kimi Azərbaycan meşələrinə də zərər vurmaqla, ağacları kəsməklə, yanğən törətməklə həm də ekoloji terror həyata keçirirlər. Bunların hər biri cinayətdir və əmin olsunlar ki, post-müharibə mərhələsi başlayan kimi Azərbaycan xalqına qarşı bu cinayəti törədənlərin hər biri Azərbaycan qanunları qarşısında cavab verməli olacaqlar. Əvvəla Kəlbəcərə gəlib orada qeyri-qanuni məskunlaşanlar məhz bu cinayətə görə, ikincisi Azərbaycan meşələrinə qarşı törətdikləri ekoloji terrora görə də cavab verməli olacaqlar".
H.Babaoğlu vurğulayıb ki, bu prosesdə ermənilərin terrorçu olması bütün dünyaya aydın oldu: "BBC-nin yaydığı reportajda görünən görüntülər əslində bir daha dünyaya sübut etdi ki, biz 30 ildir necə vəhşi, barbar düşmənlə üz-üzəyik. Düşünürəm ki, bütün bunlar erməni terrorunun iç üzünü açmış oldu. Ancaq istər postmüharibə erasında Azəbaycan qanunları çərçivəsində, istərsə də beynəlxalq hüquq çərçivəsində İnterpol vasitəsilə bizə qarşı bu terroru törədənlər mütləq cəzalandırılacaqlar. Hər kəs bundan əmin olsun".
Müəllif: Aysel Məmmədova