PKK terrorçusu: “Biz Qarabağa qədər gedərək, ermənilərə kömək etmişik” FAKT
Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad edərkən, erməni silahlı qüvvələrinin tərkibində döyüşən onlarla PKK terrorçularını məhv edib
Hələ sentyabr ayının 27-dən əvvəl Türkiyə və digər ölkə mətbuatları yazırdılar ki, PKK/YPG terror təşkilatının silahlıları müxtəlif vasitələrlə Ermənistana axın edir, bu vasitə ilə Qarabağda silahlı təxribatlar törətmək üçün istifadə olunurlar. Hətta məlum olmuşdu ki, Ermənistanda ayrılmış xüsusi adamlar İraqda, Suriyada və s. Yaxın Şərq ölkələrində mənzillənmiş kürd terror təşkilatının yerlərdə fəaliyyət göstərən rəhbərləri ilə görüşərək planlar və xəritələr üzərində iş aparıb, onların Qarabağa istiqamətlənməsi, silahlanması və s. ətrafında fikir mübadilələri aparıblar. Artıq bu barədə kifayət qədər faktlar, dəlillər mövcuddur.
Lakin bu arada Türkiyənin “Sabah” qəzeti daha dolğun və inanılmış faktlara söykənərək, 44 günlük Qarabağ müharibəsində PKK/YPG terrorçularının işğalçı Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycan Ordusuna qarşı döyüşdüyünü əks etdirən yazı ilə çıxış edib. DİASPOR.İNFO xəbər verir ki, sözügedən faktı hətta kürd terrorçuları da etiraf edirlər.
Layika Gültəkin: “İstənilən zaman erməni xalqı arzu edərsə, biz təbii ki, onların sıralarına qoşulacağıq”
Beləliklə, terror təşkilatının rəhbər qadın strukturlarında yer alan Layika Gültəkin PKK/YPG-yə yaxınlığı ilə seçilən KİV-lərə bildirib ki, onlar hər zaman erməni xalqının çağırışlarına səs veriblər.
“Deyirlər ki, PKK-da kimsə qalmayıb, bizim sayımız azalıb. Amma bu, belə deyil. Biz Qarabağa qədər gedərək, ermənilərə kömək etmişik. İstənilən zaman erməni xalqı arzu edərsə, biz təbii ki, onların sıralarına qoşulacağıq”, deyə terrorçu qadın bildirib.
Bu arada o da məlum olub ki, Layika Gültəkinin adı Türkiyənin PKK terrorçularının adları qeyd olunmuş “qırmızı” axtarış siyahısında yer alıb və təhlükəlilərdən hesab olunur. Onun tapılaraq qanuna təslim edilməsinə görə 10 milyon Türkiyə lirəsi vəd edilib.
Xatırladaq ki, Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad edərkən, erməni silahlı qüvvələrinin tərkibində döyüşən onlarla PKK terrorçularını məhv edib. Eyni zamanda, işğalçılar tərəfində döyüşən digər bu və ya digər terror təşkilat üzvlərinin adları Azərbaycanın hüquq-mühafizə orqanlarına məlumdur. Onlara qarşı cinayət işləri açılıb.