Laçının erməni işğalına son: - 1 DEKABR - VİDEO - FOTO
Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyi arasında noyabrın 10-da imzalanan birgə bəyanata əsasən, Ermənistanın işğalçı qüvvələri dekabrın 1-də Laçın rayonunu tərk edəcək və rayon Azərbaycan Ordusunun nəzarətinə keçəcək. Başqa sözlə, Laçının 28 ildən çox davam edən işğalının bitməsinə saatlar qalır.
DİASPOR.İNFO xəbər verir ki, Laçının Azərbaycanın nəzarətinə qaytarılması ilə bağlı dövlət strukturları da müvafiq hazırlıq işləri aparırlar. Müvafiq qurumlar tərəfindən rayon mərkəzi Laçın şəhəri üçün, həm də rayonun ayrı-ayrı kəndləri üçün nişanlar hazırlanıb.
Müqavilənin 6-cı bəndinə uyğun olaraq rayonun mərkəzi Laçın şəhərindən keçməklə Dağlıq Qarabağın ərazisinə humanitar yüklərin və bu ərazidə yaşayan erməni əhalinin hərəkəti üçün dəhliz saxlanılıb.
Laçın rayonu haqqında nə bilirik?
Laçın rayonu 18 may 1992 ci İldə Erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd olmuşdur. Laçın rayonu Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon mərkəzinin Bakı şəhəri ilə şosse yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km-dir. 2020-ci il noyabrın 10-u olan sülh müqaviləsinə əsasən 1 dekabr Ermənistan silahlı qüvvələri Laçını boşaldıb Azərbaycan Respublikasına təhvil verməlidir.
Qısa tarixi
Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Rayonun tarixi abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər.
XII əsrin sonu XIII əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində alban Xaçın knyazlığı yaranmışdır. Bu knyazlıq eləcə də indiki Laçın bölgəsini əhatə edirmiş. Ona görə də Dağlıq Qarabağın digər bölgələrində olduğu kimi, bu ərazilərdə də Xaçın adı ilə bağlı yeni adlar, toponimlər əmələ gəlməyə başlamışdır. Sonralar Xaçın knyazlığının ərazisində Xaçın da daxil olmaqla Qarabağ-alban məlikləri Xaçın, Vərəndə, Dizaq, Gülüstan (Talış) məlikliyi ilə yanaşı, Çiləbörd məlikliyi də yaranmışdır.
1828-ci il Rusiya-İran müharibələrindən sonra bağlanan Türkmənçay müqaviləsinə əsasən, bölgə Şimali Azərbaycanın tərkibində Rusiyaya qatılıb. Rusiyanın himayəsi altında Cənubi Qafqaza Osmanlı dövlətindən və İrandan ermənilərin kütləvi şəkildə köçürülüb məskunlaşdırılmasına başlandı. Ancaq Laçın bölgəsinə ermənilərin məskunlaşdırılması mümkün olmadı. Azərbaycanda xanlıqlar ləğv edildikdən sonra, Laçın bölgəsi 1829-cu ildən yeni yaradılan Qarabağ əyalətinə qatılıb, 1868-ci ildən isə indiki Laçın yeni yaradılan Zəngəzur qəzasına qatılır. Zəngəzur qəzası Yelizavetpol quberniyasına (Gəncə quberniyası) daxil idi, 1918-ci ildən 1922-ci ilədək isə Qarabağ quberniyasının tərkibində olmuşdur.
1905–1907 və 1914–1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində təxminən yarım milyon müsəlman həlak olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra da Qarabağı və Zəngəzuru mənimsəmək üçün ermənilərin ərazi iddiaları nəticəsində kütləvi qırğınlarla davam edir. Erməni komandanı Andronik nə yolla olursa-olsun öz silahlı qüvvələri ilə bərabər Gorus, Laçın, Şuşa istiqamətindən Qarabağa daxil olmaq, oranın erməni əhalisini Azərbaycan hökumətinə qarşı qaldırmaq, təxribatlar törətmək və bölgədə itaətsizlik yaratmaq istəyirdi. Bu məqsədlə Andronik bir neçə minlik ordu ilə Zabux kəndini keçərək Laçın istiqamətində irəliləməyə başladı. Bu məsələdən əvvəlcədən xəbər tutan, bölgənin nüfuz sahiblərindən biri, Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun qardaşı Sultan bəy Sultanov, öz partizan dəstəsi ilə Laçın-Zabux yolundakı bir dərədə pusqu quraraq Andronikin qoşununu mühasirəyə saldı. Burada təqribən bir günlük çox qanlı döyüşlər getdi. Bu döyüşlər zamanı general Andronik demək olar ki, bütün qüvvəsini itirərək bir neçə nəfərlə güclə qaçmağa imkan tapdı. Dərə bu döyüşdən sonra xalq arasında "Qanlı dərə" adlandırıldı.
Birinci savaş
Birinci Qarabağ müharibəsinin aktiv fazası Bişkekdə imzalanan atəşkəsdən sonra dayandı. Bundan istifadə edən Ermənistan hakimiyyəti Laçın şəhərinin və rayonun bir neçə ətraf kəndin ermənilərlə məskunlaşdırılmasına dair məxfi əmr verdi. Ermənistan bununla Dağlıq Qarabağı aparan yeganə yolun keçdiyi strateji mühüm ərazini nəzarətdə saxlamağa çalışırdı. Ermənistan o vaxt hesab edirdi ki, Laçın rayonunun dörd yaşayış məntəqəsinin məskunlaşdırılması kifayətdir. Lakin ermənilərin planları daha böyük idi. Onlar iddia etdilər ki, işğal etdikləri ərazilərin hamısında məskunlaşmağa haqları var, çünki bu ərazilər "qədim erməni torpaqlarıdır". Nəticədə 1995-ci ildə Laçın rayonunun 4 yox, 12 kəndində ermənilər qanunsuz məskunlaşmışdı. 2004-cü ildə isə Laçın və kəndlərində, o cümlədən digər ətraf rayonlarda yaşayan ermənilərin sayı 13.500-ə çatmışdı.
Təbiəti
Səthi dağlıqdır və şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub-çərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594m). Çayları Həkəri və onun qollarıdır. Əsasən çimli, dağ-çəmən, qəhvəyi dağ-meşə və karbonatlı dağ-qara torpaqlara malikdir. Bitki örtüyü kollu və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq), subalp və alp çəmənliklərindən ibarətdir. Heyvanat aləminə qayakeçisi, çölsiçanı, cüyür, çöldonuzu, sincab, süleysin və s. aiddirlər. Ərazinin çox yerində qışı quraq keçən mülayim isti və soyuq iqlim üstündür. Orta temp-r yanvarda −10 °C-dən 0 °C-yədək, iyulda 10–22 °C-dir. İllik yağıntı 600–900 mm-dir. Rayonun cəmi torpaq sahəsi 166488 hektardır. Ondan da 75781 hektarı kənd təsərrüfatına yararlı, 12102 hektarı isə əkin yeridir.
Ermənistan tərəfindən işğalı və nəticələri
Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunun işğalı zamanl ermənilər tərəfindən 264 nəfər şəhid edilmiş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayonun 6 Milli Qəhrəmanı vardır. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır.
İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir.
Rayonun 65507 nəfər əhalisi Azərbaycanın 59 şəhər və rayonlarına, "Taxta-körpü" qışlaqlarındakı 84 obaya məcburi köçkün düşmüşdür.