Paşinyan hakimiyyətində “yarpaq tökümü” TƏHLİL
Qarabağdakı müharibənin ermənilər üçüm məyusedici nəticələri Ermənistanda daxili siyasi böhrana səbəb olub. Ermənistan vətəndaşları həm məğlubiyyət açısını yaşayır, həm aldadılaraq alçaldıldıqlarından hiddətlidirlər, həm də iqtisadi böhranın, sosial vəziyyətlə bağlı açınacaqlı yaşayışlarından da beziblər. Bütün bunların fonunda, üstəlik vətəndaş müharibəsi, qarşıdurmalarla da üz-üzədirlər. Elə bu vəziyyətlə əlaqədar olaraq məsuliyyətdən boyun qaçırmaq üçün istefalar bir-birinin ardınca gəlir, hökumət başçısı Nikol Paşinyanın tərəfdarlarının sıraları nəzərəçarpacaq dərəcədə azalır. Ermənistanın baş nazirinin komandasında belə istefalar, bu kimi vəziyyət normal hala çevrilib.
Şirakın qubernatoru Vardan Qriqoryanın, bir qədər əvvəl Syunik bölgəsinin qubernatoru Hunan Poqosyanın da istefası erməni cəmiyyətinə bəlli oldu. Onlardan əvvəl Qayane Abramyan, Taqui Tovmasyan, Arsen Julfalakyan, Qor Qevorqyan və başqaları deputat mandatlarından belə imtina etdilər və hakim partiyanın sıralarını, yəni Paşinyanı tərk etdilər. Sanki, Ermənistanın hakim partiyasında, Paşinyan hakimiyyətində “yarpaq tökümü” müşahidə edilir və bu bütün erməni cəmiyyətinin, eləcə də dünyanın gözü qarşısında baş verir. Bu da təəcüblü deyil və aydındır ki, gövdə silkələnəndə ağacdan, onun budaqlarından yarpaqlar tökülməlidir.
Ermənistanın baş naziri Nikol Paşinyan “sükanı” hələ də əlində saxlamağa çalışır. Ermənistan ictimaiyyətinin istefa tələblərinə məhəl qoymayan Nikol küçə nümayişləri və adını inqlab qoysa da əslində, reallaşdırdığı dövlət çevrilişi sayəsində qamarladığı postu, baş nazir postunu təhvil vermək niyyətində deyil. Ancaq erməni baş nazir eyni zamanda onu da nəzərə almalıdır ki, ağırlıqlara, təsirlərə və təzyiqlərə qarşı müqavimət yalnız müəyyən bir həddə qədər mümkün ola bilər. Bunu da nəzərə almaq yerinə düşərdi ki, təzyiqlər artmaqda davam edir, miqyası da böyüməkdədir.
Hər şeyə qərar verməli olan, ən azından belə qərarlar vermək iqtidarında olan kadrlar niyə gedirlər? Ölkələrinin ən acınacaqlı, eyni zamanda taleyüklü dövründə niyə ancaq başlarını götürüb uzaqlaşırlar? Niyə belə bir anda siyasi səhnəni tərk edirlər? Daha dəqiq desək, niyə aradan çıxırlar? Qərar vermək iqtidarında olanlardan indi ölkə ictimaiyyəti çıxış yolu ola biləcək qərarlar gözlədikləri məqamda niyə qərarlar verib xalqı çətin andan xilas etmirlər? Çünki, çox zaman qərarı onlar verməyiblər. Çünki, onların yerinə də baş nazir qərar verib. İndi də qərar vermələrinə Nikol qəti şəkildə imkan vermir. Kimsə başını qaldırıb nəyə isə burnunu soxanda, Paşinyan onun burnunu yaxşıca əzişdirib. Ümumiyyətlə, bu işğalçı ölkədə hər şeyə qərarı Nikol özü verib və hələ də təkbaşına, özü istədiyi kimi qərar verməkdə davam edir. O, ağlına gələn qərarı verir və son dərəcə bundan razıdır. Amma, görək erməni cəmiyyəti bundan razıdırmı? Xeyr. Əks halda meydanlar boş olardı, belə izdihamla onun istefası tələbi irəli sürülməzdi.
Maraqlıdır, bəzi siyasətçilər baş nazir Nikol Paşinyana ünvanlanaraq ölkədəki acınacaqlı vəziyyəti izah etməsini tələb edirlər. Bu vəziyyətdən çıxış yolu istəyirlər. Hətta bəyan edirlər ki, hazırda Ermənistan adlı bu dövlətin xarici borcu hədsiz səviyyədədir və ölkənin durumu bundan sonra nəinki borcun qaytarılması, hətta bundan sonra bir qədər də əlavə borclanmanın olacağını təsdiq edir. Siyasətçilər erməni baş nazirinə ünvanlanaraq sual edirlər ki, belə olan halda hansı dövlətdən söhbət gedir? Hətta, Ermənistanın bir dövlət kimi özünü qoruya bilməməsi, vətəndaşlarını təmin edə bilməməsi fonunda niyə saxlanıldığı sualı da qoyulur. Bildirilir ki, əgər Ermənistan dövlət olaraq mövcud ola bilmirsə, gedib hansısa bir dövlətin daxilinə girsin və vətəndaşlar qorunsun.
Həqiqətən də çox acınacaqlı haldır. Bir ölkə vətəndaşının dövlətinin olmamasını, yaxud dövlətçiliyinin həddən artıq zəif, gücsüz, acınacaqlı vəziyyətdə olmasını görərək, bunu anlayaraq dövlətçiliyindən əl üzməsi çox acınacaqlıdır. Suverenliyindən, müstəqilliyindən əl çəkərək hansısa dövlətin daxilinə sığınmaq istəyi, ən azından fikri əbəs yerə formalaşmayıb. Bunun əsası var. Əsas da ki, göz önündədir. Amma Nikol üçün bütün bunlar sanki görünmür, qısa bir müddətlik baş nazir postu onun üçün hər şeydən üstündür.
Bu arada Nikolu, onun komandasını, hakimiyyətini tərk edənləri anlamaq, başa düşmək çətin deyil. Çünki, Paşinyandan fərqli olaraq onların hər biri başa düşür ki, Qarabağ məğlubiyyətindən sonra Paşinyan üçün heç də yaxşı dövr gəlməyıb. Başa düşürlər ki, qarşıdurma onun siyasi gələcəyi üçün, ümumiyyətlə, varlığı üçün belə təhlükəli bir xarakter alıb. Etiraf edək ki, hər kəs uğursuzluqların məsuliyyətini bölüşməyə hazır deyil. Buna hazır və razı olmayanların sayı indi bu işğalçı ölkədə bax buna görə durmadan artır. Məhz buna görə də bu məqamda təəccüblü bir şey yoxdur. Beləki, Ermənistan hakimiyyətini, Nikol Paşinyanı tərk edənlər olub, var və bundan sonra da olacaq.
Müəllif: İnam Hacıyev