Qarabağ xanlığı və sonrakı dövrdə erməni ekspansiyası - ANALİZ
Qarabağa İran və Türkiyədən köçürülən ermənilərin yerli əhaliyə qarşı soyqırım və işğal prosesi necə başladı?
Ermənilərin özlərini dünyanın ən qədim xalqı hesab etməsi, Yaxın Şərq və Qafqazda “Böyük Ermənistan” adlı mifik dövlətləri haqda cəfəngiyyatları tarix elmində heç bir fakta, sənədə, dəlilə söykənməyən uydurmalardır. Qarabağla bağlı saxta erməni tarixi, erməni irsi, erməni mədəniyyəti də heç bir elmi əsası olmayan, fakta söykənməyən boşboğazlıqdan o yana keçmir. Qarabağda olan hər şey Azərbaycan xalqının tarixi irsidir, qədim mədəniyyətidir, bunun minlərlə elmi sübutu var. Yazımızda bu məqamlara toxunacaq Qarabağın xanlıq və çar Rusiyasına qədərki tarixini analiz etməyə çalışacağıq.
Qarabağ xanlığının siyasi və etnik mənsubiyyəti
1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu. Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi.
Səfəvi dövründə Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncə şəhəri olduğu üçün sonralar isə Əfşar imperiyası dövründə Qarabağ vilayəti Azərbaycan bəylərbəyliyinin paytaxtı Təbriz şəhərinə tabe olduğu üçün Qarabağ xanlığının yarandığı zaman burada sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər yox idi. Pənahəli xan bu məqsədlə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsini əmr etdi.
Pənah xanın müstəqil dövlət quruculuğu sahəsindəki fəaliyyəti onun rəsmən tanınması ilə nəticələndi. Mirzə Camal yazır: "Müsəlman tarixi ilə 1161, xristian tarixi ilə 1745-ci ildə (1748-ci il olmalıdır) Adil şahın Pənah xana "xan" adı verilməsi və Qarabağ hakimi vəzifəsinə təyin edilməsi haqqında fərmanı, qiymətli xələt, qızıl yəhərli at və daş-qaşla bəzənmiş qılıncla birlikdə Sərdar Əmir Aslanın yaxın adamı vasitəsilə o zaman yaşadıqları Bayat qalasına gəlib çatdı".
1751-ci ildə isə Pənahəli xan Ağdam yaxınlığında Şahbulaq yaylağında daha möhkəm qala, yəni Şahbulaq qalasını tikdirdi. Lakin bu qala da coğrafi cəhətdən əlverişli yerdə yerləşmədiyi üçün Şuşakənddən bir qədər aralı,hündür, sıldırım dağ üstündə qalanın, Şuşa qalasının inşasına başlandı və 1756–1757-ci illərdə tikilib başa çatdırıldı. Qala Pənahabad, və ya Şuşa adlandırılırdı.
1763-cü ildə Pənahəli xanın ölümündən sonra hakimiyyətə İbrahimxəlil xan gəldi. Məlikliklərə qarşı uğurlu müharibələr aparıldı. Ədəbiyyat və elm sahəsində Pənahəli xan dövrünə nisbətən daha çox irəliləyiş oldu.
İbrahimxəlil xanın dövründə Şuşada Gövhərağa məscidi inşa olundu. Lakin İbrahimxəlil xanın hakimiyyətinin sonlarında xüsusən də Ağaməhəmməd şah Qacarın yürüşlərindən və Rusiya-Qacar müharibələrindən sonra xanlıq zəifləməyə başladı. Ağaməhəmməd şah Qarabağa 1795 və 1797-ci illərdə 2 yürüş etdi. İkinci yürüşdə Şuşa qalasını ələ keçirməyə nail oldu. Lakin onun Şuşada qətlə yetirilməsindən sonra İbrahimxəlil xan hakimiyyətini yenidən bərpa edə bildi.
Qarabağ Rusiya tərkibində: nələr baş verdi?
Hələ XVIII əsrdən Qafqazı öz təsiri altında salmaqla iqtisadi maraqlarını təmin etmək istəyən Rusiya XIX əsrin 1-ci yarısında buna nail oldu. 1805-ci ildə Qarabağ xanı ilə Rus imperatoru arasında “Kürəkçay” müqaviləsi imzalandı. 11 maddədən ibarət “Andlı öhdəlik” adlanan bu traktat ilə Qarabağ xanlığı Rusiya himayəsinə qəbul edildi. Bu traktatın şərtlərinə görə Qarabağ xanlığı Rus imperiyasının vassalı oldu (Traktat mejdu Karabaxskim xanom i Rossiyskoy imperiey o perexode xanstva pod vlasti Rossii ot 14 maye 1805 qoda. 6-cı maddə; Qarabaq: Kurakçayskiy doqovor-200, Baku, 2005, 176 s; Hacıyev Q.Ə. Kürəkçay müqaviləsi və Qarabağın sonrakı tarixi taleyi // Qarabağ dünən, bu gün və sabah. 2006, s.142-147)
“Kürəkçay”ın (1805-i il) ardınca Rusiya ilə İran arasında bağlanan “Gülüstan” (1813-cü il) və “Türkmənçay” (1828-ci il) müqaviləsindən sonra Rusiya dövləti qısa müddətdə (1828-1830-cu illərdə) İrandan 40 min və Türkiyədən 90 min ermənini Qarabağa köçürdü və məskunlaşdırdı. Çar Rusiyası Qarabağda erməniləşdirmə prosesinə başladı (Umudlu V.U. Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalı və müstəmləkəçilik əleyhinə mübarizə (1801-1828), Bakı, 2004,180 s.) Bununla da Azərbaycanın Qarabağ bölgəsi münaqişə yuvasına çevrildi.
İbrahimxəlil xanın ölümündən sonra 1806-ci ildə hakimiyyətə Mehdiqulu xan gəldi. 1805-ci ilin iyulunda, Kürəkçay müqaviləsindən sonra çar I Aleksandr tərəfindən general-mayor rütbəsi verilmişdir. Mehdiqulu xan siyasi təzyiqlər üzündən 1822-ci ildə xanlığı tərk edərək İrana getmişdir. Bununla da Qarabağ xanlığı ləğv olunmuşdu.
Mehdiqulu xan sonradan xahiş edərək 1826-cı ildə Qarabağa döndü. Lakin ona sadəcə Qarabağda yaşamaq hüququ verildi və xan vəzifəsi bərpa olunmadı. Mehdiqulu xan 1845-ci ildə vəfat etdi.
1828-1830-cu illərdə Rusiya hakimiyyəti İran və Türkiyədən Cənubi Qafqaza 140.000 erməni köçürüb. Onların böyük hissəsi Qarabağda yerləşdirildi. İran və Türkiyədən kütləvi miqrasiya, xüsusilə Rusiya hökümətinin onlar üçün yaratdığı əlverişli iqtisadi şərait nəticəsində köçkünlərin arasında doğum sayının artması ilə yanaşı, 19-cu əsrin birinci yarısı ilə ermənilər və müsəlmanlar arasında nisbətin dəyişməsinə gətirib çıxardı.
19-cu əsrin 1-ci yarısını müqayisə edərkən
1811-ci il – ermənilər 20,8% / müsəlmanlar 79%,
1823-cü il – ermənilər 21,7% / müsəlmanlar 78%,
1830-cu il – ermənilər 33% / müsəlmanlar 66,6%)
19-cu əsrin 2-ci yarısını müqayisə edərkən
1889-cu il – ermənilər 45,5% / müsəlmanlar 54%,
1897-ci il – ermənilər 41,5% / müsəlmanlar 57%,
1904-cü il – ermənilər 41,6% / müsəlmanlar 57%,
1914-cü il- ermənilər 41% / müsəlmanlar 55%)
XX əsrin əvvəllərində Qarabağda etnik təmizləmə siyasəti geniş vüsət aldı. Bu, 1905-1906-ci illərdə türk-müsəlmanların silahlandırılmış ermənilər tərəfindən qırğını ilə nəticələndi (Nəvvab M.M. 1905-1906-cı illərdə erməni-müsəlman davası. Bakı, 1993; Ordubadi M.S. Qanlı illər. Bakı, 1991).
Qarabağ Azərbaycan Respubliaksı tərkibində
1918-ci ilin mart ayında Qarabağ bölgəsinin azərbaycanlı əhalisi də soyqırıma məruz qaldı. 1918-1920-ci illərdə Qarabağda erməni daşnakları Qarabağın qəzalarında kəndləri məhv edərək minlərlə azərbaycanlını öz doğma yurdlarından qovdular (Məmmədova H. Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov. Azərbaycan MEA Xəbərləri (tarix, fəlsəfə, hüquq seriyası). №2, 1999. s.54-59).
1918-ci ildə milliyətçi Daşnaksutyun Partiyasının rəhbərliyi ilə elan edilmiş Ermənistan Respublikası öz ərazisini əsasən müsəlmanların məskunlaşdığı vilayətlər hesabına genişləndirməyə çalışırdı. Bunun üçün orada erməni say çoxluğunu süni surətdə təmin etmək məqsədi ilə müsəlmanların qırılması və qovulması siyasəti aparılmışdır. Məqsəd ermənilərin 50%-ni təşkil etdikləri Şuşa qəzasını, müsəlmanların payı 70-75%-ə çatan Qarabağın qalan hissəsindən ayırmaq idi.
1918-1920-ci illərdə daşnaklar Qarabağın Zəngəzur və Şuşa qəzalarında fəal etnik təmizləmə aparıblar. “Dinc müsəlman əhali amansızcasına qətl edilir və bir çox kəndlər yandırılır”, – deyə 1919-cu ilin dekabrında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı N.Yusifbəyli Cənubi Qafqazda Qərb dövlətlərinin komandanlığına məlumat göndərib.
1920-ci ilin mart ayına qədər yalnız Zəngəzurda 40-a qədər müsəlman kəndi məhv edilmiş, 60.000 müsəlman qaçqın düşmüşdü. Qarabağın başqa rayonlarından, məsələn, Cavanşir qəzasından da azərbaycanlı əhalinin kütləvi köçü baş verirdi.
Beləliklə, 1920-ci ilədək Dağlıq Qarabağda və Qərbi Zəngəzurda on minlərlə müsəlmanın qovulması və 50-dən çox müsəlman kəndinin məhv edilməsi yolu ilə ermənilərin say çoxluğu təmin edildi. Bu, Qərbi Zəngəzurun Sovet Ermənistanına verilməsi (1920) və Dağlıq Qarabağda erməni muxtariyyətinin (1924) yaranması üçün əsas oldu.
Altay
Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.