Azərbaycan-İtaliya münasibətlərində yeni mərhələ başlayır - ÖZƏL MÜNASİBƏT
"“Azərenerji” ASC və İtaliyanın “Ansaldo Energia” şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsinin imzalanması Azərbaycan-İtaliya münasibətlərində yeni mərhələ kimi dəyərləndirilə bilər və bu müqavilənin iqtisadi baxımdan səmərə gətirəcəyini proqnozlaşdırmaq olar. Qeyd etmək lazımdır ki, Azərbaycanla İtaliya arasında münasibətlər həm siyasi, həm iqtisadi, həm də humanitar sahədə yüksələn dinamika üzrə inkişaf edir". Bunu DİASPOR.İNFO-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Politoloqun sözlərinə görə, İtaliya Parlamenti 44 günlük vətən müharibəsində Azərbaycanı dəstəkləyən bəyanatla çıxış etdi və bu bizim beynəlxalq mövqelərimizi bir qədər də gücləndirdi: "Digər tərəfdən Türkiyə şirkətləri ilə yanaşa İtaliya şirkətləri də Azərbaycanın işğaldan azad etdiyi regionda yenidənqurma, bərpa və quruculuq işlərinə investisiya ayırmaq istəyil ilə bağlı da iradəsini nümayiş etdirib. Bu da Azərbaycan-İtaliya münasibətlərinin dostluq zəminində inkişaf etdiyini göstərir. Ümumilikdə həm siyasi, həm iqtisadi baxımdan Avropa Birliyinin üzvü olan İtaliyanın Azərbaycanı dəstəkləməsi eyni zamanda Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin yüksəldiyini əməkdaşlıq münasibətlərinin yarandığını bir daha nümayiş etdirir".
İ.Hüseynov vurğulayıb ki, energetika sahəsində, xüsusilə də təchizat müqaviləsinin imzalanması perspektivdə iqtisadi baxımdan ölkəmizə müsbət töhfələrini verəcəkdir: "Bu bir daha onu göstərir ki, iqtisadiyyatın müxtəlif kompanentlərini əhatə edən əməkdaşlıq platformaları üzərində gərgin fəaliyyət həyata keçirilə bilər. Burada həm kənd təsərrüfatı məhsullarının ixracı, bununla yanaşı olaraq həm də alternativ enerji sahəsində İtaliyanın təcrübəsinin Azərbaycanda tətbiqi ilə bağlı fəaliyyət həyata keçirilə bilər. Ümumilikdə iqtisadiyyatı əhatə edən bir sıra sahələr üzrə əməkdaşlıq üçün çox münbit zəmin var. İtaliya Azərbaycanın etibarlı dostu və tərəfdaşıdır. Ümid edirik ki, İtaliya ilə Azərbaycanın çox yaxşı partnyorlar kimi yeni mərhələyə qədəm qoyacaq".
Müəllif: Aysel Məmmədova