"Erməni məsələsi" Böyük Sovet Ensiklopediyasında – II HİSSƏ
Əvvəli burada:
http://diaspor.info/siyaset/10793-ermeni-meselesi-boyuk-sovet-ensiklopediyasinda-nece-qeyd-olunub.html
"Erməni məsələsi" adlandırılan problemin meydana gəlməsi hansı tarixi şərtlərdən və proseslərdən doğub?
1890-cı illərdə erməni millətçi burjuaziyasının təbəqələşməsi rəhbər Daşnaksütyun partiyasını siyasəti dəyişdirməyə məcbur etdi- partiya Ümumtürkiyə inqilabi hərəkatında dayaq axtarmağa başladı. “Gənc türklər”lə saziş bağladı. 1907-ci ildə daşnakların təşəbbüsü ilə Osmanlı imperiyasının bütün müxalifətçi partiyalarının Parisdə qurultayı keçirildi. Qurultayda dövlət çevrilişi planı işlənib hazırlandı.
Çevriliş 1908-ci ildə həyata keçirildi, lakin daşnakların gözlədikləri nəticəni vermədi: yeni rejimdə ermənilərin vəziyyəti qətiyyən yaxşılaşmadı. Həm də gənc türk hökuməti təqsirkarları yüngülcə cəzalandırmaqla kifayətləndi. Bununla əlaqədar olaraq erməni siyasi dairələri yenə də istiqaməti dəyişdilər və özlərini ilkin dayaq bazasına— Rusiyaya üz tutdular. Bu dəfə çar hökuməti məmnuniyyətlə onlara meyl göstərdi. Dünya müharibəsi yaxınlaşırdı; Milyukovun ifadəsincə, "Rusiya ilə Türkiyə arasındakı yol ayrıcında məskən salmış" ermənilər böyük siyasi əhəmiyyət kəsb etdilər. 1913-cü ildə rus diplomatları mütəşəkkil erməni burjuaziyası ilə saziş bağladılar və "məzlum ermənilərin müdafiəsi" uğrunda açıq çıxış edərək şərq vilayətlərində islahatlar keçirilməsi tələbini irəli sürdülər. Almaniyanın müdafiə etdiyi Türkiyə hökuməti inadlı müqavimətdən sonra 1914-cü ildə islahatlar haqqında saziş imzalamağa məcbur oldu. Həmin sazişə görə ermənilər dövlətlərin, birinci növbədə Rusiyanın nəzarəti altında idarəetmə, dil, hərbi mükəlləfiyyət və s. sahələrdə çox geniş muxtariyyət almalı idilər.
Rusiyanın bu müdaxiləsi saziş imzalanandan azacıq sonra başlanmış dünya müharibəsi zamanı ermənilərin vəziyyətini xeyli ağırlaşdırdı, həm də müharibə başlanan kimi daşnaklar "Böyük Ermənistan" şüarını yenidən ortaya atdılar, üstəlik əsas etibarilə Türkiyənin fərari ermənilərindən ibarət könüllü dəstələr yaratmağa başladılar…
1917-ci il fevral inqilabı erməni məsələsinin tarixində yeni dövr açdı. Bir il ərzində Zaqafqaziya Rusiya ilə əlaqə saxlamaqda davam edirdi və Petroqraddan direktiv almış Xüsusi Zaqafqaziya Komitəsi tərəfindən idarə olunurdu…
1917-ci ilin oktyabrında daşnakların rəhbərliyi altında erməni milli konqresi toplaşdı. Konqres Ermənistanla Rusiyanın digər hissəsinin əlaqəsini təsdiq etdi və Türkiyə Ermənistanının dünya müharibəsi zamanı rus qoşunları tərəfindən işğal olunmuş ərazilərinin Rusiyada saxlanılması tələbini irəli sürdü. Konqresdə Tiflisdə yerləşən erməni "milli mərkəzi" və 15 üzvdən ibarət milli şura seçildi.
Mərkəzi dövlətlərin darmadağın edilməsi erməni burjuaziyası qarşısında yeni və geniş imkanlar açdı: müharibədən sonra yaranmış şəraitdə ermənilər qaliblərə təkcə Türkiyə əleyhinə (Kilikiyada) deyil, həm də Sovet Rusiyası əleyhinə (Zaqafqaziyada) dayaq kimi çox "lazım idilər". Erməni məsələsi yeni, əvvəlkindən daha böyük əhəmiyyət kəsb edirdi. Bununla əlaqədar olaraq "qalib dövlətlər" hər şeydən əvvəl ən təhlükəli saydıqları "Sovet istiqaməti"ndə özlərinin müvafiq "erməni bazası"nı yaratmaqdan ötrü tədbirlər gördülər.
Daşnakların Ermənistan respublikası müttəfiqlərdən Kars vilayətini, İrəvan quberniyasını aldı ki, bu da Ermənistanın ərazisinin 17 500 ingilis kvadratmilinə, əhalisinin 1 510 000 nəfərə (795 000 nəfər erməni, 575 000 nəfər müsəlman, 140 000 nəfər digərləri) çatmasına imkan verdi. Daşnaklar bununla kifayətlənməyərək, Gürcüstanın tərkibindəki Axalkalaki və Borçalı ərazilərinə, həmçinin, Azərbaycanın tərkibindəki Qarabağa, Naxçıvan diyarına, Yelizavetpol quberniyasının cənub hissəsinə yiyələnmək iddiasında olduqlarını bildirdilər. Həmin əraziləri zorla ilhaq etmək cəhdləri (ingilislərin Zaqafqaziyanın işğal etdikləri dövrdə) Gürcüstanla müharibəyə (dekabr 1918-ci il) və Azərbaycanla uzun, qanlı mübarizəyə səbəb oldu. Nəticədə mübahisəli rayonların əhalisi 10-30% azaldı və bir sıra yaşayış məntəqələri, sözün əsl mənasında, ermənilər tərəfindən yerlə-yeksan edildi…
İngiltərənin Yaxın Şərqdəki vəziyyətini möhkəmləndirən tədbirlər- 1919-cu ildə İranla müqavilə bağlaması və Konstantinopolu işğal etməsi (mart 1920) onun “Erməni məsələsi”nə marağını tamam soyutdu: 1919-cu ilin axırlarında İngilislər Zaqafqaziyanı tərk etdilər və San-Remodakı konfransda (aprel-may-1920) Ermənistanın taleyi məsələsi… lazım olmadığı üçün Qərbi Avropa imperialistlərinə- Şimali Amerika imperialistlərinə verildi…
Beləliklə 2 "erməni bazası"ndan biri ləğv edildi. Erməni məsələsi Zaqafqaziyada cəmləşdi. "Böyük Ermənistan"la bağlı bütün ümidlərinin açıq-aydın puça çıxmasına baxmayaraq, daşnaklar burada davakar millətçilik siyasəti yeritməkdə davam edirdilər. Sovet sərhəddi Ermənistanın şimalı boyu müəyyən ediləndən sonra onların vəziyyəti xeyli ağırlaşdı: daşnakların terrorçu rejimindən, saysız-hesabsız talan və müharibələrdən təngə gələn, daim aclıq və dilənçilik şəraitində yaşayan Ermənistanın xalq kütlələri kortəbii surətdə Sovet hakimiyyətinə can atırdılar. Bakıda Sovet hakimiyyəti qurulandan cəmi 3 gün sonra Ermənistanın bir sıra məntəqələrində üsyanlar qalxdı (Aleksandropolda hətta bir neçə saatlığa Sovet hakimiyyəti elan edildi). Üsyanlar daşnaklar tərəfindən vəhşicəsinə yatırıldı. Digər tərəfdən, Sovet Rusiyası ilə Ankara arasında 1920-ci ildə başlanmış dostluq münasibətləri daşnak Ermənistanı ilə toqquşdurdu, çünki daşnak Ermənistanı adları çəkilən dövlətlərin birləşdikləri yolda düşmən qüvvə kimi dururdu.
Buna görə də daşnaklar Ankaranın başının Qərbdəki yunan-ingilis cəbhəsində mübarizəyə qarışmasından istifadə edib Türkiyə tərəfdən özlərinin təhlükəsizliyini təmin etməyi qərara aldılar, çünki Sovet Rusiyası təcavüzkar əməliyyatlara qətiyyən cəhd göstərmirdi. İrəvan hökuməti Qarabağın, Naxçıvanın və Sovet Federasiyasına açıq-aydın meyl edən ərazilərin ona verilməsi təklifi ilə çıxış etdi (1920-ci ilin iyununda), eyni zamanda daşnak qoşunlarının başçılarına məxfi əmr verdi ki, adları çəkilən ərazilərdə partizan əməliyyatlarına başlasınlar. Bu əməliyyatlar 1920-ci ilin sentyabrında başlandı. Eyni zamanda, ingilislərdən silah almış daşnaklar Kars vilayətinin və İrəvan quberniyasının hər yerində müsəlman əhalinin kütləvi qırğınını törətdilər. Şuragöl, Şərur-Dərələyəz, Kaqızman, Sürməli, Karakurt, Sarıqamış rayonlarını yandırıb külə döndərdilər: "Beləliklə, özlərinin arxa cəbhəsini təmin edərək" Maku sərdarının köməyinə arxayın olub, Oltuya və Kaqızmana hücuma keçdilər…
1920-ci ilin dekabrında Ermənistanda Sovet hakimiyyəti quruldu. 1921-ci il Rusiya-Türkiyə müqaviləsi Aleksendropol müqaviləsini ləğv etdi, Ermənistanla Türkiyə arasındakı sərhəd indiki xətlər şəklində müəyyənləşdirdi.
Həmin andan- erməni xalqının yeni dövlət quruluşu yaranmasından bəri erməni məsələsinin aradan qalxdığını hesab etmək olar. Düzdür, Ermənistanın sovetləşməsindən sonra Qərbi Avropa imperialistləri Lozanna konfransında erməni məsələsi ilə möhtəkirlik etməyə daha bir cəhd göstərdilər: "Erməni ocağı" yaratmaq, "milli azlıqlar"ın müdafiəsi üçün Millətlər Birliyinin nəzarəti altında Konstantinopolda xüsusi orqan təsis etmək layihəsi irəli sürüldü; lakin bu yalnız və yalnız Türkiyə nümayəndə heyətinin Mosul məsələsində güzəştə getməyə məcbur etmək məqsədi güddüyü üçün lazımi güzəştlər edilən kimi layihə aradan götürüldü…
Ermənilərə yeganə real köməyi Sovet Rusiyası göstərdi. 1923-cü ilin yanvarın 27-də Çiçerin yoldaş Lozanna konfransına bildirdi ki, Rusiya və Ukrayna hökumətləri xaricdəki erməni qaçqınların böyük bir hissəsini qəbul edə bilər. Bu zaman Çiçerin yoldaş tamamilə haqlı olaraq göstərdi ki, Sovet nümayəndə heyəti Erməni məsələsinin müzakirəsində iştirak etməkdən uzaqlaşdırıldığına görə həmin məsələ lazımi şəkildə həll oluna bilməzdi. Çiçerin yoldaşın məktubu xaricdəki erməni dairələlərində hədsiz dərəcədə güclü əks-səda doğurdu: bir sıra xeyriyyə cəmiyyətləri, partiyalar Sovet hökumətinə minnətdarlıqlarını bildirdilər, həmçinin Rusiyanın təklifinin həyata keçirilməsinə dair planları haqqında məlumat verdilər.
"Böyük Ermənistan" proqramının tamamilə, həmişəlik süquta uğraması, indi Sovet Ermənistanında aparılan çox böyük təsərrüfat və mədəniyyət işləri "diaspor"dakı erməni siyasi partiyaları arasında qəti dönüş yaratdı. Erməni burjuaziyası və ziyalıları partiyası- liberal demokratlar (ramkavarlar) indi Sovet Ermənistanına mehriban münasibət bəsləyirlər. Onların Ermənistana göndərdikləri "kəşfiyyatçılar" Sovet hakimiyyətinin dinc quruculuq işləri ilə tanış olmuş, nəticədə ramkavarların mətbuatında Sovet ölkəsinə böyük rəğbətlə yazılan materiallar verilmişdir. Hətta millətçi Qnçaq partiyası da bu cür mövqe tutmuşdur.
Əvvəlki kimi Sovet Ermənistanına hədsiz nifrət bəsləyən yeganə partiya Daşnaksütyundur. O, yenə də silahlı müdaxiləni, ölkənin daxilində partizan müharibəsi aparmağı və üsyan qaldırmağı təbliğ edir, halbuki bu istiqamətdə göstərilən son cəhd yəni 1921-ci ilin fevralında Vratsyanın əksinqilabi çevrilişi tam uğursuzluqla nəticələnmiş, ölkədə qısa, lakin qanlı vətəndaş müharibəsi doğurmuşdu. İndi Daşnaksütyun partiyası mənəvi cəhətdən çürüməkdədir, hətta mühacir kütlələr arasında nüfuzunu itirir- hazırda qaçqınların Sovet Ermənistanına köçürülməsi üçün Avropada və Amerikada yığılan (əsas etibarilə daşnaksakanların Qırmızı Xaç Cəmiyyəti tərəfindən) vəsaiti mənimsəmək hesabına dolanır. Yeri gəlmişkən, erməni mühacirləri arasında ən vicdanlıları özlərinin əvvəlki istiqamətini dəyişir və keçmişdən əl çəkərək, təqsirlərini boyunlarına alıb Vətənə qayıdırlar.
Sovet çevrilişindən sonra Daşnaksütyun şübhəsiz tam ölümə məhkumdur və bu ölümlə erməni məsələsinin tarixində yeni səhifə açılır.
V.Qurko - Kryajin
1926-cı ildə Moskvada "Böyük Sovet Ensiklopediyası" səhmdarlar cəmiyyətinin buraxdığı Böyük Sovet Ensiklopediyasından tərcümə edilmişdir.
Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.