Azərbaycan tarixinə qələbələr yazan Güclü Azərbaycan Ordusu - Son 17 il
2020-ci ilin son ayının son günlərini yaşayırıq. Bu ilimiz çətin və keşməkeşli olsa da, sonda xalqımıza böyük sevinc bəxş edən Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev cənabları 30 illik ən böyük ağrılı dərdimiz – Qarabağımızın bizə qaytarılması oldu. 44 gün davam edən İkinci Qarabağ Müharibəsinin qələbəsi Azərbaycan Prezidentin, Ali Baş Komandan İlham Əliyevin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun, Güclü Ordumuzun, rəşadətli əsgərlərimizin və xalqın birliyinin məntiqi nəticəsidir. Bir sözlə, Böyük Azərbaycan zərrə-zərrə işğal edilsə də, ağır döyüşlərdə büdrəsə də, heç vaxt yıxılmamışdır. Dəfələrlə aramsız müharibələrə, talanlara, işğallara məruz qalan ana yurd Prezident cənab İlham Əliyevin sözləri ilə desək, heç vaxt indiki qədər qüdrətli olmamışdır.
Dövlət başçımız İlham Əliyev cənabları çıxışlarında da dönə-dönə vurğulayır ki, bu Qələbə Azərbaycan Ordusunun gücünü göstərdi: "Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu Qələbə gücümüzü göstərdi. Onu göstərdi ki, heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaq. Mən 17 il ərzində ölkə Prezidenti və Ali Baş Komandan kimi dəfələrlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz sözlərimi demişdim. Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz".
Bəli, bu gün 30 illiyk həsrətə 44 gün ərzində son qoymasının əsas amili- XALQ-İQTİDAR-ORDU birliyinin, Ali Baş Komandanımız İlham Əliyev cənablarının son 17 illik prezidentlik fəaliyyəti müddətində ordumuza daima diqqət və qayğısının, dəmir yumruğunun nəticəsidir. Dövlətimizin başçısının dediyi kimi: "Paşinyan heç kimdir. Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik, sizin ordunuzu məhv etmişik. Əgər kapitulyasiya aktı Ermənistan tərəfindən imzalanmasaydı, özləri bilirlər nə ilə qurtaracaqdı bu müharibə. Bax, budur bizim gücümüz, budur bizim birliyimiz. Dəmir yumruq sizin başınızı əzdi və bundan sonra artıq heç kim bizimlə ultimatum dili ilə danışmayacaq. O cümlədən rəzil vəziyyətdə olan Paşinyan, bizə yeddi şərt irəli sürdü, başına vurduq bütün o şərtləri. Nə oldu o şərtlər? Mənim bir şərtim var idi, rədd ol, çıx get və o şərtə əməl edildi".
Çünki dövlət başçımız İlham Əliyev cənablarının bütün çıxışlarında bildirib ki, biz haqq yolunda, öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq və bu haqq vuruşunda bizim xilaskar əsgərlərimiz şücaət göstərirlər: "Mən bir daha demək istəyirəm ki, Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür".
Göründüyü kimi, bu gün Müzəffər ordumuz Qarabağ cəbhəsində tarix yazır, işğal altında olan torpaqlarımız işğaldan azad edilir və edilməkdədir. Dövlət başçımız İlham Əliyev 17 illik Prezidentlik fəaliyyətində ancaq və ancaq düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi ilə bağlı yüksək tribunalarda, verdiyi müsahibələrində qətiyyətlə çıxışları, söylədiyi hər söz, hər kəlməsi, Güclü Ordumuzun, Rəşadətli əsgərlərimizin və nəhayət, dövlət başçımızla xalqımızın bir olmağımız, 30 illik həsrətimizə son qoyulmağımız olub. Çünki Azərbaycan Ordusunun potensialı göz önündədir. Ulu Öndərin başlatdığı ordu quruculuğunu son 17 ildə yeni keyfiyyət mərhələsinə yüksəldən Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılmasını uğurla təmin edib. Bunun nəticəsidir ki, inkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq Azərbaycanın təcrübəsini öyrənir. Bu gün isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz regionun və dünyanın ən güclü 50 ordusu sırasına yüksəlib. Məhz bu inkişafın nəticəsidir ki, xalqımızın və Ali Baş Komandanın rəhbərliyi ilə bu gün yeni bir tarix yazıldı.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının dediyi kimi: "Azərbaycan indi o dövlət deyilki, onun maraqlarını kimsə kənara qoya bilər". Bəli, bu gün Azərbacan dövləti nə o dövlətdir, ordusu da nə o ordu deyil. Məhz 44 gün ərzində mənfur düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu, ordusu darmadağın edildi, Azərbaycan əsgərləri onları iti qovan kimi qovdu: "Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!".
Bəli, uğur dalınca uğur, zəfər dalınca zəfər bizi müşayiət etdi, Azərbaycan ordusu şanlı tarix yazdı. Vətən müharibəsində Azərbaycan Ordusunun böyük rəşadətini göstərdi. Şanlı tarixin yazılmasının əsas memarı - Ali Baş Komandan, QALİB SƏRKƏRDƏ İlham Əliyev cənablarının son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasıdır. Azərbaycan xalqı bundan sonra da yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək. Qarabağ Azərbaycandır!
MƏHƏBBƏT İBRAHİMOVA,
YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədri