Rusiyalı politoloq: “Ermənistanda hakimiyyət dəyişilərsə, yeni eskalasiya qaçılmaz olacaq” ŞƏRH
“Ermənistanın KTMT-də iştirak etməsinə baxmayaraq, Moskva ilə Bakı arasında iki ölkə arasında mövcud olan və 1997-ci ildə qəbul edilmiş ikitərəfli razılaşma mövcuddur, tərəflər eyni zamanda üçüncü ölkə üzərindən də bir-birinə qarşı aqressiv tədbirlərdə iştirak etməyəcəkləri barədə öhdəliyə malikdirlər. Rusiya ilə Azərbaycan arasında, həmçinin Rusiya silahlarının və texnikalarının verilməsi, kadrların hazırlanması və rus mütəxəssislərinin texnikaların təmirində, modernləşdirilməsində iştirakı haqqında da razılaşma var”.
DİASPOR.İNFO xəbər verir ki, bunu azərbaycanlı Rusiya politoloqu, “Valday” beynəlxalq diskusiya klubunun eksperti Fərhad İbrahimov Lenta.ru-ya verdiyi şərhində bildirib və vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında son yeddi ildəki münasibətlər keyfiyyətli səviyyədən yeni inkişaf səviyyəsinə yüksəlib.
Fərhad İbrahimov: “Türkiyənin mövcud münaqişədə Azərbaycana göstərdiyi hərbi və diplomatik cəhətdən dəstəyi, eləcə də “osmanlı faktoru” münaqişənin həllinin qiymətləndirilməsinə, həmçinin Rusiyanın Zaqafqaziyaya dinamikasına da ciddi təsir göstərdi”
“Həm Moskva, həm Bakı daim təsdiq edirdilər və indi də edirlər ki, ikitərəfli münasibətlər strateji partnyorluq xarakteri daşıyır, ticarət dövriyyəsi artır, qarşılıqlı fəaliyyətlər sahəsi genişlənir”, deyən politoloqa görə, Türkiyənin mövcud münaqişədə Azərbaycana göstərdiyi hərbi və diplomatik cəhətdən dəstəyi, eləcə də “osmanlı faktoru” münaqişənin həllinin qiymətləndirilməsinə, həmçinin, Rusiyanın Zaqafqaziyaya dinamikasına da ciddi təsir göstərdi: “Müharibə vaxtı bir sıra ekspertlər belə bir fikirlər irəli sürürdülər ki, Türkiyə öz fəaliyyəti ilə Rusiyanın təsirini azaltdı. Ancaq Moskva və Ankara Qarabağda heç də opponent olaraq çıxış etmədilər, əslində, situativ müttəfiq kimi davrandılar. Həm Putin üçün, həm də həmkarı Rəcəb Tayyib Ərdoğan üçün mövcud vəziyyətdə Qərbin iştirakını uzaqlaşdırmaq lazım idi və bu onlarda alındı – atəşkəsin əldə olunması üçün ABŞ-ın, Aİ-nin və ATƏT-in Minsk qrupunun iştirakları tələb olunmadı. Əlavə olaraq, Qarabağ münaqişəsinin həllindəki digər ortaqlar regiondakı vəziyyətə təsir edə bilmək bacarıqsızlıqlarını göstərdilər. Bundan əlavə, Moskvanın Suriyada və Liviyada mövcudluğunu qoruyub-saxlamaq vacibdir və burada Ankara ilə partnyorluq kritik olaraq vacibdir”.
“Valday” diskusiya klubunun eksperti: “Erməni hakimiyyəti keçmiş siyasi elitaları hədəfə almaqla Rusiyanın dostlarına qarşı “ova” çıxdı”
“Valday” beynəlxalq diskusiya klubunun eksperti əlavə edib ki, Rusiya prezidenti hər zaman mərhum prezident Heydər Əliyevin Rusiya-Azərbaycan münasibətlərinə xüsusi önəm verdiyini xatırladıb və bu gün İlham Əliyev öz atasının siyasətini davam etdirən şəxs kimi bu münasibətləri strateji partnyorluğa qədər inkişaf etdirib: “Həm böyük Əliyev və dövlətin indiki rəhbəri, onun oğlu İlham Əliyev Rusiya rəhbərliyi üçün maksimal anlamda qəbul edilirlər. Azərbaycanın mərhum lideri Putin kimi öz karyerasını “KQB”də başlamışdı, onun seçilmiş davamçısı, fəaliyyətdə olan prezident – rusiyalı ali siyasilərinin bir çox kimi “MQİMO”nun məzunudur. Keçmiş jurnalist Nikol Paşinyan bu mənada tam əks-tərəfdə dayanır. Onun özü də daxil olmaqla bütün ətrafı rəngli inqilab adlandırılan qiyam üzərindən hakimiyyətə gəliblər. Demək ki, Rusiya rəhbərliyinin gözündə tam legitim sayılmırlar. Həmçinin, yeni erməni hakimiyyəti keçmiş siyasi elitaları hədəfə almaqla Rusiyanın dostlarına qarşı “ova” çıxdı. Məhz bu cür vəziyyət də Moskvanın diqqətindən kənarda qalmadı və bunu onun (Kremlin) təmsilçiləri də bəyan edirdilər”.
“Bundan əlavə, Azərbaycan müstəqilliyinin bütün dövrlərində Moskvaya yönəlik praqmatik siyasət qururdu”, deyən Fərhad İbrahimov bildirib ki, Bakı milli quruculuqla məşğul olsa da, Qərbin hər hansı siyasi-iqtisadi layihələrində mütəmadi iştirak etsə də, heç vaxt nümayişkəranə şəkildə Rusiya ilə münasibətləri pozmayıb: “Hətta ölkədə dekommunuzasiya prosesi sakit keçdi, anti-Rusiya ritorikası olmadan. Azərbaycan həmişə bir güşəyə siyasi şüarları deyil, rasionallığı qoyurdu. Respublika postsovet məkanına göstərdi ki, müstəqil xarici siyasəti Moskvaya qarşı barışmaz mövqe nümayiş etdirməklə deyil, ondan asılı olmamaqla da qurmaq mümkündür”.
Politoloq: “Rusiyanın Qarabağ münaqişəsinin həllindəki cəhdləri Rusiya-Azərbaycan münasibətlərinə ciddi təsir göstərəcək və bu münasibətlər daha isti olacaq”
Rusiyalı politoloq hesab edir ki, Rusiya üçün Azərbaycan nümunəsi çox əhəmiyyətlidir – o göstərir ki, Kremllə yaxşı münasibətləri birmənalı loyallıq sərgiləməməklə də qurmaq olar: “Söz yox ki, Rusiyanın Qarabağ münaqişəsinin həllindəki cəhdləri Rusiya-Azərbaycan münasibətlərinə ciddi təsir göstərəcək və bu münasibətlər daha isti olacaq. Və belə də demək olmaz ki, Moksva Ermənistanı Azərbaycana qurban verməklə müttəfiqini anidən dəyişmək istəyir. Rusiya beynəlxalq hüquqa əsaslanaraq əvvəlki vaxtdan neytral mövqe tutdu. BMT hesab edir ki, “Dağlıq Qarabağ Respublikasının” tanınmayan torpaqları Azərbaycana məxsusdur. Bundan başqa “DQR”in müstəqilliyini, hətta Ermənistan da tanımayıb və Putin də keçirdiyi mətbuat konfransında buna işarə etdi. Ermənistanın ərazisində, hərbi əməliyyatlar aparılmırdı, İrəvanda bu barədə bəyan olunsa da, həmin bəyanatlar (münaqişənin Ermənistanın ərazisinə daxil olması iddiası) öz təsdiqini tapmadı. Rusiya bu səbəbdən KTMT çərçivəsində ona dəstək göstərə bilməzdi.
Əlavə olaraq, Kreml nümayiş etdirdi ki, münaqişəni həll etməkdə maraqlıdır, ancaq hər iki tərəfin maraqları baxımından. Azərbaycana qaytarılmış ərazilərin böyük hissəsi sovet vaxtlarında Dağlıq Qarabağın muxtariyyətinə aid deyildi. Azərbaycan əhalisi oranı yalnız 1990-cı illərdə tərk etmişdi. Ancaq buna rəğmən, Qarabağın nüvəsi “DQR”in nəzarətində qalıb və hələ də Ermənistanla quru əlaqələrini saxlayır, qarabağlı ermənilərin təhlükəsizliyini isə rusiyalı sülhməramlılar təmin edir.
Bakıda müharibəyə qədər dəqiq anlayış var idi ki, Moskva ilə yaxınlaşmaq vacibdir, xüsusilə koronavirus pandemiyasının yaratdığı iqtisadi böhranlar fonunda”.
Ekspert: “İrəvan Rusiyaya yönəlik dostluq münasibətlərini səmimi nümayiş etdirmirdi”
“İndi bu münasibətlər, sadəcə daha sıx olacaq”, deyən Fərhad İbrahimov bildirib ki, Ermənistan barədə belə düşünmək olmaz: “İrəvan Rusiyaya yönəlik dostluq münasibətlərini səmimi nümayiş etdirmirdi, xüsusilə Paşinyanın baş nazirliyi dövrünü əks etdirən son iki ildə. Amma buna baxmayaraq, Rusiya onu vəziyyətdən çıxarmaq üçün maksimum güc göstərdi, sadəcə, Bakı ilə isti münasibətlərinə görə daha böyük addımlara getmədi”.
Politoloq sonda bildirib ki, Qarabağ ətrafındakı situasiyanın növbəti inkişafı Rusiyanın mövqeyi ilə bağlıdır: “Ancaq söz yox ki, Ermənistandakı daxili siyasi proseslər də vəziyyətə güclü təsir edəcək. Vətəndaşlar hakimiyyətin faktiki kapitulyasiya şərtlərində sülh razılaşması ilə imza atmasına razı deyillər. Əgər orada hakimiyyət dəyişilərsə, yeni eskalasiya qaçılmaz olacaq. Ona görə də Bakı Rusiyanın həll planı istiqamətinə loyallığı üçün bütün gücünü səfərbər edəcək. Bu situasiyadan maksimum səmərə çıxarmaq lazımdır ki, Rusiyanın Zaqafqaziyadakı təsiri güclənsin”.
Rövşən RƏSULOV