Ermənistanda vətəndaş müharibəsi xəbərdarlığı
"Ayk Sarkisyan Milli Məclis tribunasından vətəndaş müharibəsi çağırışı etdi". DİASPOR.İNFO Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, 28 dekabr tarixində, səhər saatlarında Milli Məclis binası yaxınlığında etiraz aksiyası təşkil edən vətəndaşların yürüşü Respublika Meydanına çatıb və bu yürüş zamanı həmin sözləri “Daşnaqsütyun” partiyasının üzvü Qeqam Manukyan burada çıxış edərkən deyib.
“Dediyiniz kimi, bəzi millət vəkilləri onların “xalqın seçimi” olduqlarını unutaraq xuliqan kimi davranırdılar. Siyasi və ictimai xadimlər də daxil olmaqla çox sayda etirazçı hərəkata daxil olub. Nikol Paşinyan adekvatlığın son əlamətlərini itirir və hüquq sisteminə qanunsuz əmrlər verir.
Əvvəllər iki saatdan sonra sərbəst buraxılırdılarsa, bu gün Nikol yeni bir sərsəm sərəncam verib və onlar xuliqanlıq ittihamı ilə cinayət işi qaldırmağa başlayıblar. Əslində isə xuliqanlar elə Sisak özü, Ando və bu Ayk özüdür”, deyə Qeqam Manukyan, nümayişçilərlə davada iştirak edən “Mənim Adımım”-dan olan millət vəkillərini nəzərdə tutaraq bildirib.
Manukyan polis tərəfindən tutulanların sərbəst buraxmasını da tələb edib. O, vətəndaşları polis bölmələrinə toplanmağa və məhbusların dərhal sərbəst buraxılmasını tələb etməyə çağırıb.
Qeqam Manukyan, millət vəkili Ayk Sarkisyanın Milli Məclis tribunasından polisi İrəvanda asayişi bərpa etməyə çağırdığını, eyni zamanda polis rəisi addım atmadığı təqdirdə millət vəkillərini və hökuməti qorumaq üçün çox sayda vətəndaşın küçələrə axışacağı ilə əlaqəli olaraq hədələdiyini qeyd edib.
“Hamı yaxşı bilir ki, “vətəndaşlar” dedikdə, hökumət binası qarşısında bir ay yarım müddətdə Nikol Paşinyanı qoruyan dəstələr nəzərdə tutulur. Nikol Paşinyanın bütün ümidi cinayətə, xuliqanlara və cinayətkarlaradır. Ayk Sarkisyan Milli Məclisin tribunasından vətəndaş müharibəsi çağırışı edib”, deyə Qeqam Manukyan bildirib.
Xatırladaq ki, bu gün səhər saatlarında çox sayda vətəndaş “rüsvayçılıq səddi” yaratmaq üçün Ermənistan Milli Məclisinin binasının girişinə toplaşmışdılar. Qeyd edək ki, Ermənistan Milli Məclisinin binası yaxınlığında keçirilən etiraz aksiyası zamanı nümayişçilərlə “Mənim addımım” parlament fraksiyasının deputatı Sisak Qabrielyan arasında dava düşüb.
Müəllif: İnam Hacıyev