“Sərxoş sülhməramlı erməni revanşizmini alovlandırır” “Caliber”
Rusiya sülhməramlılarının sərxoş hərbçisi erməni revanşizmini alovlandırdığını isbatlayan video yayımlanıb. DİASPOR.İNFO xəbər verir ki, “Caliber” həmin videonu təqdim edib.
Qeyd edək ki, Yeni il gecəsi sosial şəbəkələrdə Rusiya sülhməramlısının təxribat yönlü çıxışının qeydə alındığı video yayılıb. Kadrlarda öz çıxışına “əziz ermənilər” deyərək başlayan hərbçinin onları heç nədən qorxmamağa çağırdığı görünür. Onun ifadələrində, “rusiyalı hərbçilər buranı “nizama salacaq”, “onlar ermənilərin yanındadırlar” və “xeyir mütləq şərə qalib gələcək”, sözləri yer alır.
Nitqindən belə məlum olur ki, sərxoş hərbçi “xeyir” dedikdə - erməni terrorçularını, “şər” dedikdə isə, öz yurd-yuvasını işğalçıların, terrorçuların, separatçıların tapdağı altından xilas edən, azad edən Azərbaycan ordusunun qalib əsgərlərini nəzərdə tutur. Çıxışının sonunda hərbçi erməniləri Laçına qayıtmağa çağırır və bu zaman şəhəri “Berdzor” adlandırır. Videonun sonunda ehtimal ki, intizam cəzasından qorxan hərbçi əlindəkinin içki deyil, kompot olduğunu deyir.
Heç şübhəsiz ki, bu çıxışından sonra qeyri-adekvat həmin hərbçinin Azərbaycan ərazisində qalması məsələsi müzakirə olunacaq, təkcə onun özünün bilavasitə rəhbərliyi tərəfindən deyil, Bakı və Moskvanın müvafiq strukturlarının xətti ilə də həll olunacaq.
Müəllif: İnam Hacıyev