“İki sahil” qəzetinin baş redaktorunun müavini ordudan tərxis olunub
Anar Miriyev: Düşmənin döyüş sursatından özlərinə qarşı istifadə edirdik
Vətən müharibəsində Xocavənd istiqamətində keçirilən döyüşlərdə iştirak etmiş “İki sahil” qəzetinin baş redaktorunun müavini Anar Miriyev ordu sıralarından tərxis olunaraq geri dönüb.
A.Miriyev qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası üçün “Dəmir yumruq” əməliyyatını böyük qəhrəmanlıqla həyata keçirdi: “Cənab Prezidentin Sərəncamı ilə elan edilən qismən səfərbərlikdən sonra ehtiyatda olan baş leytenant kimi ordu sıralarında xidmətə çağırıldım. Ordumuzun Xocavənd istiqamətində torpaqlarımızın işğaldan azad edilməsi üçün həyata keçirdiyi uğurlu döyüş əməliyyatlarında iştirak etdim. Bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini kimi şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, vətənpərvərlik ruhunda tərbiyəsi, döyüş əzminin yüksəldilməsi ilə bilavasitə məşğul olduğum üçün deyə bilərəm ki, ordumuzda mənəvi-psixoloji hazırlıq yüksək səviyyədədir.”
A.Miriyev bildirib ki, gözündə heç bir qorxu hissi olmayan zabitlərimiz, əsgərlərimiz Vətən müharibəsində qəhrəmanlıqla döyüşdülər: “Ordumuzun yüksək döyüş hazırlığı, qəhrəmanlığı qarşısında aciz qalan düşmənin xeyli canlı qüvvəsi, hərbi texnikası məhv edildi. İşğalçıların sağ qalan canlı qüvvəsi döyüş sursatını, hərbi texnikasını döyüş meydanında qoyaraq qaçırdı. Düşmənin döyüş sursatından özlərinə qarşı istifadə edirdik. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz böyük qəhrəmanlıq göstərərək ərazi bütövlüyümüzü təmin etdi. Şanlı Zəfər tarixinin iştirakçısı olduğum üçün qürur duyuram.”
Qeyd edək ki, Anar Miriyevə Vətən müharibəsi bitdikdən sonra kapitan hərbi rütbəsi verilib. Eyni zamanda, o, xidmət etdiyi hərbi hissə komandirinin “Fəxri fərman”ı ilə təltif olunub.