“Hakimiyyət ələ keçirildi, ordu dağıldı və müharibə başladı” Vazgen Manukyan
İki il yarım bundan əvvəl bir qrup insan dövlət çevrilişi ilə hakimiyyəti ələ keçirdi, ordunu dağıtdı və ardınca da müharibəyə başladı. DİASPOR.İNFO Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri “Vətənin Xilası Hərəkatı”-nın baş nazir vəzifəsinə vahid namizədi Vazgen Manukyan müharibəyə, ölkədəki vəziyyətə toxunduğu, eləcə də sonrakı addımlardan bəhs etdiyi bir müsahibəsində deyib.
Onun sözlərinə görə, dəhşətli bir vəziyyət ondan ibarətdir ki, bütün bu acınacaqlı vəziyyətin, bütün bunların qarşısını almaq olardı. "İki il yarım əvvəl insanların yaxşı yaşamaq istəklərindən, arzularından sui istifadə edərək, bir qrup insan hiyləgərliklə hakimiyyəti ələ keçirdi və ölkəni tamamilə fərqli bir istiqamətə apardı, yavaş-yavaş ordunu dağıtdı, bununla da biabırçı məğlubiyyətə uğradığımız və indi də bundan acı nəticələri ilə qarşılaşdığımız bir müharibə ilə qarşılaşdıq", deyə Manukyan fikirlərini açıqlayıb.
Vazgen Manukyan böyük iradə göstərməklə mövcud vəziyyətdən çıxmaq arzusunda olduğunu söyləyib. Müvəqqəti hökumətin fəaliyyətinə toxunan Manukyan, ən çətin işi öz üzərinə götürəcəyini və siyasətini zərbələr altında həyata keçirəcəyini bəyan edib.
Manukyana görə, iqtisadi və sosial məsələlər Ermənistanda problem olaraq qalır. “ÜDM azalır və xərclər artır. Həm içəridən, həm də xaricdən pul yığmağa ehtiyac var. İnvestisiyalar olmadan ölkəni dirçəltmək mümkün deyil. Kimsə Nikol Paşinyan etibar etməyəcək və sərmayə qoymayacaq", deyə müxalifət namizədi acınacaqlı vəziyyət barədə açıqlyıb.
Müəllif: İnam Hacıyev