Ermənistan üçün acı həqiqətlər TƏHLİL
Müharibənin Ermənistan ictimaiyyəti üçün acı nəticəsi ilə bağlı hər bir hazırki və keçmiş məmurun günahkarlıq dərəcəsini anlamasını erməni cəmiyyəti vacib hesab edir. Ancaq bu bir şeyi, məsələn, hansısa nəticəni dəyişdirməyə kömək edəcəkmi, deyə bir sual da ortaya çıxır. Yaxud, bütün bunlar heç olmasa Ermənistanın itirdiklərindən bir qismini də olsa geri qaytaracaqmı? Məsələn, ölən hərbçiləri, itirilən hərbi texnikanı, silah-sursatı, boş qalan arsenalı, yox dərəcəsində olan hərbini bununla geri qaytarmaq mümkündürmü? Heç şübhəsiz ki, bu mümkün deyil.
Erməni cəmiyyəti tamamilə lazımsız şeylərə vaxt itirir və müzakirə edilməli olanlar qalıb bir tərəfdə, tamamilə fərqli, lazımsız, mənasız şeyləri müzakirə edir. Əslinə qalanda, mövcud şəraitdə bu yanaşma, elə həmin cəmiyyətin əsl problemidir. Çünki, problemlərinin nədən ibarət olduğunu, onları bu vəziyyətə gətirən məqamların nə olduğunu dərk etmədən səbəbi başqa müstəvidə axtarmaq problemlərdən, hətta gələcək fəlakətlərindən xilas olma ehtimallarını sıfıra endirir.
Artıq bu işğalçı ölkə fərqində olmalı idi ki, onlardan fərqli olaraq digər ölkələr işğalçılıq siyasəti ilə deyil, iqtisadi yüksəliş istiqamətində irəliləyirlər. Nümunə üçün, qonşuları olan Azərbaycana, Gürcüstana ən azından nəzər yetirmələri kifayət idi ki, dövlətin, ölkənin normal, dürüst fəaliyyət strategiyası barədə təsəvvürləri yaransın. Bu işğalçı ölkə ictimaiyyəti dövlət və dövlətçilik dedikdə ancaq işğalçılıq siyasətini başa düşürsə və belə də davam edəcəksə, deməli, baxmayaraq ki, indi bu işğalçı ölkədə “Vətənin Qurtuluşu Hərəkatı” deyilən bir təşkilatlanma da var, onlar üçün hələ bundan sonra da qurtuluş gözlənilən deyil. Çünki, qurtuluş üçün doğru yol seçilməyib. Hər hansı bir siyasətçinin, özü də küçədən gələn beli çantalı birinin üzərinə günahları yükləməklə, yaxud “revanşizm” deyərək yenə də özgə torpaqlarına göz dikməklə heç bir dövlət, heç bir xalq ayağa qalxa, məhv durumdan özünü xilas edə bilməz. Əksinə, bir qədər də özünü məhvə sürükləyər. Hər halda, biz bunun yaxın gələcəkdə şahidi ola biləcəyik, təbii ki, erməni cəmiyyəti beləcə xəstə, yanlış təxəyyüllə yaşamaqda davam edəcəksə.
Çox kədərli bir tale yaşamalı oldu Ermənistan və erməni cəmiyyəti. İllərlə, düz otuz ilə yaxın özünü qalib kimi göstərənlər, hətta qalib kimi davrananlar çox acınacaqlı məğlubiyyətlə üz-üzə qaldılar. Heç şübhəsiz ki, yalançı qalib davranışlar fonunda bu məğlubiyyətlə, özü də çox ağır bir məğlubiyyətlə qarşılaşması səbəbindən erməni cəmiyyətində bu qədər partlayışlar baş verir. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu, Ali Baş Komandan Cənab İlham Əliyev qarşısında diz çökən Ermənistan Silahlı Qüvvələri və erməni baş nazir Nikol Paşinyan ermənilərin hafizəsində dərin bir iz buraxdı və onların miskin obrazı dünya ictimaiyyətindən bu dəfə gizlədilə bilmədi. Baxmayaraq ki, 44 günlük döyüşlər dönəmində Paşinyan komandası, işğalçı ölkənin hərbi-siyasi rəhbərliyi məğlubiyyətlərini gizlədə bilmişdilər və indi bu fakt özü də, etiraz aksiyalarından görünür ki, mövcud hakimiyyətin əleyhinə işləyir.
Həqiqətən də işğalçı ölkə ictimaiyyəti, bir çox siyasi dairələr enerjisini və vaxtını yanlış istiqamətə sərf edir. Doğrudur, sözsüz ki, müharibənin nəticələri, ümumilikdə müharibə ilə əlaqədar məsələlər araşdırılmalıdır. Səhvlər, səhv addımlar, ümumiyyətlə hər bir məqam nəzərdən keçirilməli, hazırki, yaxud keçmiş məmurların günahkarlıq dərəcələri də müəyyənləşdirilməlidir. Ancaq, bunun həmin ölkənin məhv durumunu aradan qaldıracağını düşünmək belə yanlışlıqdır. Kimləri isə günühkar kimi hədəfə almaqda davam etməklə bir ölkəni böhrandan çıxarmaq olarmı? Cavab aydındır, əlbəttə ki, olmaz.
Erməni cəmiyyəti təkcə Paşinyanı deyil, hətta Rusiya prezidenti Vladimir Putini də hədəfə alır. Etiraz aksiyaları zamanı Rusiya prezidentinin ünvanına təhqirlər, təhdidlər yağdırılır ermənilər tərəfindən. Ermənilər rusları, ələlxüsus onların prezidentlərini xain adlandırır, satqınlıqda ittiham edirlər. Maraqlıdır, az qala tamamilə qırılıb məhv olmaqdan erməniləri xilas edən ruslar, şəxsən prezident Putin onlar tərəfindən xain hesab olunur. Bu hansı həyasızlıq dərəcəsinə və ən azından, hansı məntiqə sığışır? Təbii ki, bu sual bizim tərəfimizdən cavablandırıla bilməz və bu həyasızlıq səviyyəsi barədə yalnız və yalnız ermənilər özləri cavab verə bilərlər.
Görəsən ermənilərə elə gəlmirmi ki, gündəmi yenidən nəzərdən keçirmək daha məntiqlidir? İndi Paşinyanı istefaya göndərmək təklifindən, hətta qərarından başqa ortada bircə dənə sağlam fikir varmı? Bəli, Nikol sadəcə utanc verici bir zəif baş nazir oldu. Doğrudur, o sonsuza qədər uğursuzluq gətirdi Ermənistana və məğlubiyyətdə də az günahkar deyil. Bu arada, ermənilərə xatırlatmaq yerinə düşərdi ki, Vladimir Putin Paşinyanın olmamasını, yaxud getməsini elə ilk gündən şəxsən özü istəyirdi və bunu dolayısı ilə təsdiq edən məqamlar elə ən sadə erməni üçün də sirr deyil. Yaxşı, bütün bunların fonunda, bu vəziyyətdə, yəni Paşinyanın istefasə tələbi ilə çabalayan bir cəmiyyət üçün mövcud durum şəxsən Rusiya prezidentinin önündə utanc verici deyilmi? Əlbəttə, utancvericidir, hətta rüsvayçıdır. Çünki, Paşinyanın dövlət çevrilişinə, hakimiyyəti ələ keçirməsinə məhz indi onun istefası tələbi ilə çıxış edən həmin erməni cəmiyyəti kömək etmişdi, vasitəçi olmuşdu. Bu baxımdan da Rusiya prezidenti və cəmiyyəti qarşısında xəcalətlidirlər.
İndi ermənilər bu günü deyil, heç olmasa gələcəyi düşünməlidirlər. Ancaq bu barədə ən vacib sayılacaq mövzular haqda geniş müzakirələr aparılmır. Paşinyanın istefasını tələb edən, saxta və süni gündəm yaradan, xalqı müharibədəki məğlubiyyətin səbəbləri barədə danışmağa məcbur edən qüvvələrin heç biri konkret bir şey təklif etmir. Bütün bu müddət ərzində onlar tərəfindən təklif olunan maksimum “iş” Rusiya ilə daha da güclü dost olmaq ideyasıdır. Bəli, əməli iş yox, məhz ideya.
Maraqlı məqamlar, təzadlar saysızdır. Bu ölkənin ictimai fikrində bir tərəfdən ruslar, Rusiyanın prezidenti xain, satqın hesab olunur, digər tərəfdən Rusiya ilə daha da güclü dost olmaq ideyası ortaya atılır. Doğrudur, bu elə yalnız ideya kimi ortalığa atılır və bunu reallaşdıracaq nə bir siyasətçi, nə bir qurum, nə də bir üz belə yoxdur axı Ermənistanda. Belə bir üz belə qoyulmayıb bütün bu olanlardan sonra. Hətta, bəzən ermənilərə rusların elədikləri yaxşılığa görə adam mat-məəttəl qalır ki, bu nankorlara qarşı bu qədər yaxşılıqlar niyə davamlı şəkil alır?
Bütün bu yanlışlıqlar, olanlar bir tərəfə, ermənilər üçün acı həqiqətləri görmə zamanı yetişməyibmi? Yetişib. Özü də çoxdan yetişib. Avropa ölkələrinin, ən azından, ilk baxışdan parıldayan cəmiyyətinə baxıb köks ötürməkdənsə, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarından, yaxud da Kim Kardaşyan kimi soysuz daşlarından pul, vəsait ummaqdansa, istəyəndə xain, satqın adlandırıb, istəyəndə də dostluq elan etdikləri ruslardan yardım, kömək gözləməkdənsə, ya bir dövlət kimi iqtisadiyyatını, sağlam siyasi əlaqələrini qurmalı, təhlükəsizliyini təmin etməli, ya Rusiyanın timsalında hansısa dövlətin tabeçiliynə, daxilinə qatılmalı, ya da xəritədən silinib getməlidir Ermənistan. Bu həqiqətlər danılmazdır və çıxış yolu olmayan reallıqlardır ki, indi erməni cəmiyyətini gözləyir. Sadəcə vaxta, zamana ehtiyac duyulur. Nə vaxtsa, hansısa yaxın zamanda dünya bunlardan birinin şahidi olacaq. Əbəs yerə qeyd olunmadı ki, vaxt, zaman itgisinə boş yerə yol verilir bu cəmiyyətdə. Çünki, vaxt, zaman gözləmir və zaman vahidi üçün Ermənistan, yaxud erməni deyilən toplum heç bir əhəmiyyət kəsb etmir.
Müəllif: İnam Hacıyev