AZƏRBAYCAN TARİXİNƏ YAZILAN QARA YANVAR HADİSƏSİ.
Azərbaycan tarixinə Qanlı Yanvar kimi düşmüş 20 yanvar hadisəsi baş verən zaman mən Sovet Sərhəd Qoşunlarında hərbi xidmətdəydim. Alma-ata şəhərinə hərbi hospitala getdiyim üçün qatarda televiziyanın olmaması üzündən bu bədbəxt hadisədən iki gün sonra xəbər tutdum. Bir müddət keçdi və mən də, digər Azərbaycan əsgərləri kimi sovet silahlı qüvvələrinin dinc xalqımıza tutduğu divandan xəbərdar oldum. Hərbi xidmətimin bitməsinə az qaldığına görə bizim tələblərimizə məhəl qoymayaraq bizi tərxis etmədilər. Bu gün həmin qanlı tarixi çox adam xatırlayır və bu barədə öz fikirlərini bölüşürlər. Şərurda doğulub boya-başa çatan Mahir də, hadisələr baş verən zaman Bakıda olmayıb. 20 yanvar tarixində Ukraynanın Dnepr şəhərində aeroportda qalan Mahir Əsgər oğlu Əkbərov öz xatirələrini bizimlə də, bölüşdü: Biz xeyli Azərbaycanlı qalmışdıq Dnepr aeroportunda və uçuşların təxirə düşdüyü deyilirdi. İş elə gətirdi ki, Dneprdə televiziyalarda göstərdilər ki, bəs Azərbaycanlılar rusları vəhşicəsinə qırırlar. Bu arada milliyətçi dneprlilər də, aeroporta hücum etdilər. Xeyli söz-söhbət və dava –dalaşdan sonra bizə bir təyyarə verdilər. Bakıya düşən zaman gözlərimə inanmadım. İlahi, Bakı aeroportu səngərləri xatırladırdı. Bir ədəd belə salamat şüşə qalmamışdır. Hər yanda pesokla dolu kisələrlə barrikadalar qurulmuşdur. Məni dərd götürdü ki, belə halda Naxçıvana necə gedəcəyik? Tanıdığım xeyli tələbə qızlarımız var idi ki, onlar Naxçıvanlılar idi. Digər rayonlardan olan tələbə qızlar evlərinə sərbəst gedə bilmişdilər. Ancaq Naxçıvanlılar getməyə nəqliyyat növü tapa bilmirdilər. Özümdən əlavə iki nəfər Naxçıvanın igid oğullarını götürüb getdik tələbə qızlarımızı tapmağa. Onları tapandan sonra bir yerə yığdıq və Naxçıvana getmək üçün yollar axtarmağa başladıq.
Qəribə burasındadır ki, sovet əsgəri dinc əhaliyə atəş açırdı. Odur ki, biz həmin qızlarla əllərində ağ bayraq olmaqla, şəhərdən aeroporta piyada gedirdik. Heç bir nəqliyyat işləmirdi. Bir kənarda dinc əhali, digər tərəfdə isə əlisilahlı sovet əsgəri, çox dəhşətli mənzərə idi. Mən əminəm ki, həmin xanım müəllimələr bütün ömürləri boyu həmin günləri unuda bilməyəcəklər.
Nəhayət biz piyada da, olsa gəlib aeroporta çatdıq. Və eşitdik ki, sahibsiz aeroportda bir balaca təyyarə var. Lakin pilot tapmaq lazımdır və ona xeyli pul vermək lazım idi. Əlbəttə ki, biz bütün bu kimi problemlərin öhdəsindən gələ bildik. Köməksiz qalmış, bu günün müəllimələrini də, özümüzlə Naxçıvana apara bildik.
Bilirsinizmi, mən qanlı tariximizin hər birində erməni əlinin olduğunu dəqiq bilirəm. Ermənilər mənim də şəxsi həyatımı pisə doğru dəyişə biliblər. Belə ki, hələ 1987-ci il idi kəndimizdə uşaqlarla əyləşmişdik dəmir yol vağzalında. Bakı-Qafan qatarı cəmi iki dəqiqə dayanırdı. İki erməni yemək yeyirdilər, biri dedi ki, əlindəki zibili yerə atma, digəri də dedi ki, heç nə olmaz, bunlar onsuzda qoyundurlar. Mən baxdım ki, artıq qatar yola düşür və bu təhqiri qəbul etməliyik. Dərhal vaqona qalxaraq erməninin və onun dostlarının dərsini verdim. Bununla da, məni həbs etdilər. Beləliklə də, həyatıma qara ləkə saldılar, yəni öz yolumdan həbsxanaya döndərdilər. Bax belə, erməni xisləti 20 yanvar hadisələrində məharətlə rol oynayaraq sovet kartından Azərbaycan xalqına qarşı istifadə etdilər.
İstəyirəm ki, bizdən sonra gələn nəsil bu qara yanvarı, Şanlı tariximizi heç vaxt unutmasın.
ƏLMANİZ ƏLƏKBƏRLİ
BAŞ REDAKTOR.