“Müxalifət məğlubiyyətə və rüsvayçılığa məhkumdur” ÖZƏL-MÜNASİBƏT
“Vətən müharibəsindən əvvəl də Azərbaycanda siyasi stabilliyi pozmağa çalışan qüvvələr müxtəlif vasitələrlə buna nail olmağa çalışırdı. Bu qüvvələr radikal müxalifət və ya 5-ci kolon adlandırılırdı”. Bunu “Səs” qəzetinə açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.
Onun sözlərinə görə, xalq tərəfindən dəstəklənməyən bu qüvvələr, əsasən, xarici havadarlarının köməyi ilə istəklərinə çatmağa cəhd edirdilər: “Lakin biz dəfələrlə bu qüvvələrin istənilən pozuculuq əməllərinin iflasa uğradığının şahidi olmuşuq. Qeyd etdiyim kimi, ölkə rəhbərliyinin apardığı sosial-iqtisadi siyasətin uğurları, xalq tərəfindən bunun yüksək qiymətləndirilməsi pozucu qüvvələrin öz istəklərinə çatmasına mane olub. 44 günlük müharibədən sonra qazanılan böyük Zəfər və bunun nəticəsində torpaqlarımızın işğaldan azad olunması nəticəsində isə bu qüvvələr tamamilə iflas olunmuş vəziyyətdədir. Bu qüvvələr daim yalan informasiyalarla xalqı aldatmağa çalışırdılar ki, Azərbaycan ordusu zəifdir, heç bir islahat aparılmır və s. Lakin hələ 2016-cı il aprel döyüşləri, iyulda baş verən Tovuz təxribatı və nəhayət, 44 günlük Vətən Müharibəsindəki şanlı Zəfər bunların yalanlarını, iftiralarını sübut etdi. İndi tamamilə rüsvay vəziyyətdə qalan bu qüvvələr yenə də öz çirkin əməllərindən əl çəkmək istəmirlər. Müxtəlif qara yaxmalarla qazanılan qələbəyə kölgə salmağa çalışırlar. Yenə də bunların fəaliyyətinin arxasında xarici anti-Azərbaycan qüvvələr durur. Məhz onların sifarişini yerinə yetirirlər. Buna görə də bu qüvvələr “5-ci kolon” adlanır. Bu qüvvələrə qarşı indiki həssas dönəmlərdə daha sərt olmaq lazımdır”.
A.Xəlilov onu da bildirdi ki, mövcud qanunların verdiyi imkanlar daxilində bu insanlara qarşı tədbirlər görülməlidir: “Eyni zamanda, cəmiyyətimiz də fəal surətdə bu qüvvələrə qarşı öz sözünü deməlidir. Bu insanların fəaliyyəti şəhidlərimizə qarşı hörmətsizlik, dövlətçiliyə qarşı xəyanətdir. Mən xüsusilə vətəndaş cəmiyyətinin nümayəndələrini daha fəal olmağa çağırıram. Hesab edirəm ki, bu qüvvələr həmişə olduğu kimi, heç nəyə nail ola bilməyəcəklər. Müxalifət məğlubiyyətə və rüsvayçılığa məhkumdur. Xalq birmənalı olaraq bunları dəstəkləmir. Azərbaycan xalqı bu gün öz siyasi iradəsi ilə ərazi bütövlüyümüzü bərpa edən Prezidenti və müzəffər Ali Baş Komandanı İlham Əliyevə inanır, Onu dəstəkləyir”.
Müəllif: Gülyana