Su itkiləri minimuma endirilməli, su ehtiyatlarından səmərəli istifadə olunmalı, yeraltı və yerüstü su mənbələrinin toplama anbarları yaradılmalıdır
Tarif Şurasının qərarı ilə suyun qiymətinin 2 dəfə bahalaşdırılması cəmiyyətdə narazılıq yaratdı. Azərsu ASC əhalinin sudan səmərəli istifadə etmədiyini, suyun israf olunduğunu və su təchizatı üçün xərclərin artdığını əsas gətirərək qiymətin bahalaşmasının vacib olduğunu bəyan etdi. Doğrudur, ölkəmizdə su israfçılığı var. Lakin həm də 30-40 faiz su itkisi də var ki, burada da günah əhalidə deyil. Bundan başqa, burada bəzi başqa məqamlar var ki, onların araşdırılmasına ehtiyac var.
Suyu kim israf edir- əhali, yoxsa biznes obyekləri?
Azərsu rəsmiləri hər dəfə günahı əhalinin üstünə atmağa çalışsa da, problem təkcə su israfı ilə bağlı deyildir. Daha doğrusu, əhalinin israfı ilə bağlı deyildir. İçməli suyu, əsasən, müəssisələr və yaşıllıq təsərrüfatları daha çox istifadə edir. Əhali lazım olan qədər istifadə edir, çünki heç kim artıq su pulu ödəməyi xoşlamır.
Daha çox həcmdə su biznes obyektlərinə, zavod, fabrik və iaşə müəssisələrinə yönəldilir və beləliklə, böyük su israfına yol verilir. Doğrudur, Azərbaycanda son dövrlərdə su sektoruna çox böyük xərclər çəkilib, yeni su anbarları, su kəmərləri, kanallar yaradılıb. Bundan başqa, su təzhizatının idarə edilməsi üçün böyük xərclər tələb olunur. Hazırda yığılan su pulları ilə bu xərcləri ödəmək çətindir. Lakin Azərsu-nun zərərlə işləməsinin yeganə səbəbi bu deyil.
Problem, əsasən, içməli su mənbələrinin effektiv idarə olunmaması, çox böyük (30-40 faiz) su itkisinə yol verilməsi, ekoloji böhranın yaranmasına imkan verilməsi və alternativ mənbələrdən istifadə olunmaması ilə bağlıdır.
Su ehtiyatlarının azlığı problemi kəskinləşdirə bilər
Ədalət naminə qeyd etməliyik ki, su çatışmazlığında qlobal quraqlığın və ekoloji problemlərin də müəyyən payı vardır. Ötən ilin yayında Kürdə suyun kəskin azalmasının səbəblərindən biri də, Kürə axan kiçik çayların yaratdığımız ekoloji böhran sayəsində quruması və çay suyunun çay yatağına yaxın təsərrüfatlar və müəssisələr tərəfindən amansızcasına istifadəsi ilə bağlıdır. Bu kimi məsələlər aidiyyatı orqanların öz işlərini yaxşı görməməsindən irəli gəlir.
Araşdırmalara görə, bizim yerüstü su ehtiyatımız orta illik 32,3 mlrd. kubmetrdir. Quraqlıq illərdə isə bu göstərici 23 mlrd. kubmetrə qədər azalır. Ölkədə adambaşına orta illik 3700 kubmetr su düşür. Yeraltı içməli su mənbələrində isə 23,764 mln. kubmetr/gün su ehtiyatı var. Azərbaycan ərazisinin hər kv.km-nə və əhalinin hər nəfərinə düşən yerüstü su ehtiyatları göstəricisinə görə Cənubi Qafqaz dövlətləri və Rusiyadan geridə qalır. Cənubi Qafqazın ümumi su ehtiyatının (310 mlrd.kubmetr) 62%-i Gürcüstanın, 28%-i Ermənistanın, yalnız 10%-i Azərbaycanın payına düşür.
Respublikamızda ümumi su ehtiyatı 31, Gürcüstanda 63, Ermənistanda 8 kubkilometrdir. Yerli su ehtiyatları ölkəmizdə 10.3, Gürcüstanda 53.6, Ermənistanda 6.5 kubkilometr təşkil edir ki, bunun bir il ərzində hər bir nəfərə düşən hissəsi Azərbaycanda 1.03, Gürcüstanda 13.7, Ermənistanda isə 2.2 min kubmetrdir. Ölkəmizin hər kv. km-ə 119 min kubmetr yerli su ehtiyatı düşür. Gürcüstanda bu rəqəm 769 min, Ermənistanda isə 218 min kubmetrdir.
Ölkəmizin su ehtiyatının da 70 faizi ölkə xaricindəki mənbələrdən formaslaşır. Su çatışmazlığı həmçinin mövcud su ehtiyatlarından rasional istifadə edilməməsi ilə də izah edilir. Bakının su təsərrüfatı, infrastrukturu 1,5 mln. insan üçün nəzərdə tutulsa da, hazırda paytaxt sakinlərinin sayı azı 2 dəfə artıb.
Problemin həlli düzgün idarəetmədən keçir
Müşavirələrinin birində dövlət başçısı bu sahədəki problemlərə də toxundu və qeyd etdi ki, su sektoruna kifayət qədər vəsait ayrılıb, lakin bəzi orqanların və məsul şəxslərin məsuliyyətsizliyi nəticəsində effektiv tədbirlər görülməyib.
Su sektoruna ayrılan vəsaitlər digər sahələrin əksəriyyətindən çoxdur. Son dövrdə bu sahəyə milyardlarla pul ayrılıb. Bu pullar hara, nəyə, necə xərclənib, niyə vaxtında qarşısı alınmayıb su böhranının?
Niyə kəndlərdə artezian qazdırmaq istəyən təsərrüfat sahiblərinə bürokratik maneələr yaradılıb və quyu qazılması üçün böyük qiymət qoyulub? Nə üçün dəniz kənarında su şirinləşdirici zavodlar tikilməyib? Niyə yaşayış məntəqələrinin və təsərrüfatların su təminatı üçün alternativ mənbələr və xətlər yaradılmayıb?
Su qıtlığı aqrar sektora- iqtisadiyyata da böyük zərər vurur, məhsuldarlıq azalır, bir çox ərzaq məhsullarını idxal etməyə məcbur oluruq. Yay mövsümü bəzi rayonlarda əkinlər susuzluqdan yanıb gedir.
Qarabağın azad edilməsi nəticəsində su ehtiyatlarımız xeyli artdı. Belə ki, 4 böyük su anbarı (Xudafərin, Qız Qalası, Sərsəng və Suqovuşan), onlarla kiçik çay və göl, minlərlə bulaq təmiz və keyfiyyətli su ehtiyatı deməkdir. Həm içməli su kimi, həm də suvarma suyu kimi. Bunlardan səmərəli istifadə olunsa, ölkəmizdə heç vaxt su problem olmayacaq.
Su problemini həll etmək üçün nələr edilməlidir?
Beynəlxalq təşkilatların hesabatlarına əsasən, 2025-ci ildən sonra qlobal şirin su çatışmazlığı problemi dünyanın bir sıra ölkələri üçün siyasi və sosial-iqtisadi təzyiq vasitəsinə çevriləcəkdir. Dəqiq hesablamalara görə dünyada 1 milyard insan su qıtlığından əziyyət çəkir. Bəli, problem qlobaldır. Baş verənlər, əsasən, antropogen təsirlər nəticəsində təbiətin məhv edilməsi ilə bağlıdır. Bu, yeni söhbət deyil, 30 ildən çoxdur ki, dünyanın ekoloq alimləri həyəcan təbili çalırlar ki, tezliklə su böhranı olacaq. Bir çox ölkələr, çox uzağa getməyək, elə yaxın qonşularımız bu istiqamətdə çox illər qabaqdan başlayaraq lazımi işlərə start veriblər.
Bəs Azərbaycanda nə etmək olar, vəziyyətdən çıxış yolu nədədir?
Fikrimizcə, aşağıda qeyd olunan effektiv tədbirlər görülsə, problemin kəskinləşməsinin qarşısını almaq olar.
1. Xüsusi şirkətlərə, müəssiələrə, iri təsərrüfatlara, bahalı villalara çox vaxt sayğacsız verilən limitsiz su biabırçılığının qarşısı alınmalıdır. Belə obyektlər ağlagəlməz miqdarda su israf edir və bunun üçün çox az pul ödəyirlər.
2. Xəzər sahilində su şirinləşdirici zavodlar tikilməli, onların dəniz suyunu duzsuzlaşdıraraq emal etdikləri su yaşıllıqların suvarılmasında, dəhşətli su israf edən broyler fakriblərində, digər müəssisələrdə texniki istifadəyə yönəldilməlidir ki, Bakıya gələn təbii şirin su kanalları yüklənməsin.
3. Ölkəmizin yeraltı su hövzələrindən səmərəli istifadə üçün bütün mümkün zonalarda xeyli sayda artezian qurğuları yaradılmalıdır. Bu yolla həm əhali, həm də təsərrüfatlar daimi su əldə edə bilər və bu da aqrar sektorun inkişafına səbəb olar.
4. Ölkədə ekoloji terrorun qarşısı alınmalı, quruyan kiçik çayların, göllərin, bulaqların quruma səbəbləri araşdırılmalı və qarşısı alınmalıdır.
Prezidentin sərəncamı vəziyyəti dəyişdirəcək
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı"nda müxtəlif işlərin görülməsi nəzərdə tutulub. Planda alternativ mənbələrdən, o cümlədən, qrunt, təmizlənmiş tullantı, kollektor-drenaj sularından, balıqçılıq təsərrüfatlarında istifadə olunan sulardan və Xəzər dənizinin suyundan istifadə, subartezian və artezian quyularının qazılması, həmçinin 10 yeni su anbarının tikilməsi nəzərdə tutulur.
Əlbəttə, bu işlər həyata keçirilsə, ölkəmizdə su problemi olmayacaq. Əhali də sudan qənaətli istifadə etməlidir. Suvarmada yeni qənaətcil texniki qurğular tətbiq olunmalıdır. Bir çox ölkələrdə, hətta yağış suyunu yığıb istifadə edirlər. Bu problemin həlli üçün innovativ texnologiyalar tətbiq olunmalıdır. Mümkün olan bütün yerüstü və yeraltı su mənbələrindən istifadə edilməlidir. Əlbəttə, təbii balansı pozmamaq şərtilə.
Ən asası, su ehtiyatlarından səmərəli istifadə olunmalı, itkilərin qarşısı alınmalı, kiçik çayların, göllərin qurumasına səbəb olan amillər aradan qaldırılmalıdır. Dəniz sahilində su şirinləşdirici zavodlar tikilməlidir və bu sudan sənaye məqsədləri və yaşıllıqların suvarılması üçün istifadə olunmalıdır. Mümkün olan bütün çayların üzərində kiçik su anbarları yaradılmalı, suvarma məqsədilə çoxlu kanallar çəkilməlidir. Bu halda həm aqrar sektorda inkişaf sürətlənər, həm də əhalinin su təchizatında problemlər aradan qalxar.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb