"Qarabağda inkişaf və tərəqqi zamanıdır"
“44 günlük müharibə nəticəsində Azərbaycan öz əraziləri üzərində suveren hüququnu bərpa etdi. Əlbəttə, bu ərazilər həmişə beynəlxlaq hüquqa uyğun olaraq bizim ayrılmaz parçamız olub, lakin, 28 il ərzində faktiki olaraq Ermənistan və havadarlarının nəzarətində idi. Dəmir yumruq vəziyyəti köklü dəyişdi. Bu mənada dövlətimizin başçısının işğaldan azad olunmuş hansısa rayonumuza qalib sərkərdə kimi səfər etməsi bizim ən doğal hüququmuzdur, habelə daxili məsələmizdir. Eyni zamanda başa çatmış münaqişə sonrası bölgədəki həssas durumu və sabitləşmə periodunu, habelə beynəlxalq vəziyyəti nəzərə alsaq bu səfərlərin mesajları da təbii ki var. Lakin, sətiraltı nəsə axtarmağa dəyməz, nə sözü var idisə həmin mesajı dövlətimizin başçısı bir başa dedi”. Bunu DİASPOR.İNFO -ya açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, ilk olaraq cənab Prezident səfərləri ilə göstərir ki, münaqişə artıq arxada qalıb, nə Ermənistan, nə başqası revanş xəyalına düşməsin, əks halda Dəmir yumruq həmişə hazırdır: "İkincisi, 28 illlik işğal dönəmində ermənilər Qarabağda daşı-daş üstünə qoymayıb, əksinə abad kənd və şəhərlərimizi xarabazara çevirib, talan edib. Çünki işğalın müvəqqəti olduğunu və bu ərazilərin əsl sahiblərinin qayıdacağını bilirdilər. Azərbaycan xalqı Ali Baş Komandanın qətiyyəti, ordusunun gücü hesabına artıq tarixi ədaləti bərpa edib. Təsəvvür edin, işğala son qoyulmasından cəmi 3 ay keçir, lakin, artıq ərazidə su elektrik stansiyası istifadəyə verilib, elektrik enerjisinin ötürülməsi üçün infrastruktur qurulub, yollar salınıb, ağıllı kəndlərin salınmasına başlanıb, 7 min hektar ərazidə payızlıq əkin aparılıb, 2021-ci ildə əkin sahələri daha 3,5 dəfə artırılacaq. Qısacası artıq əzəli və əbədi yurdumuz olan Qarabağda inkişaf və tərəqqi zamanıdır.
Səfərlərin digər mühüm aspekti Böyük qayıdışla bağlıdır. Təbii ki, hamımız azad olunmuş ərazilərə can atırıq, lakin, təhlükəsizlik tədbirləri baxımdan hələki vətəndaşların o torpaqlara gedişi müvəqqəti olaraq məqsədəuyğun deyil. Dövlət başçısı ilə bərabər, ölkənin birinci ailəsinin bu ərazilərə mütəmadi səfəri həm də hər birimizi təmsilən səfər hesab olunur və vətəndaşların ən qısa zamanda ata-baba yurduna qayıdacaqlarını əyani olaraq göstərir. Təsadüfi deyil ki, təqribən 2 həftə öncə, imzaladığı Sərəncama əsasən, cənab İlham Əliyev Böyük qayıdışı Milli prioritetə çevirməklə, dayanıqlı məskunlaşmanı hədəfləməklə bölgədə yeni bir dövr başladıb.
Dövlət başçısının davamlı səfərləri eyni zamanda beynəlxlaq investisiya üçün bir mesajdır ki, artıq bu cənnət guşələr tam mənada və əbədi olaraq Azərbaycanın nəzarətindədir, kimsə yenidən münaqişə xülyasına düşə bilməz. Bu mənada sabit, stabil bir bölgə olan Qarabağ beynəlxlaq sərmayələri üçün kifayət qədər təhlükəsiz və prespektivli məkandır. Əlbəttə sərmayə axını bölgənin simasını dəyişəcək, insanların layiqli həyat səviyyəsinin təmin olunmasına təsirini göstərəcək, lakin ən vacib məqamlardan biri də budur ki, beynəlxalq investisiya həm də bölgədə cənab İlham Əliyevin qətiyyətindən və Ordumuzun gücündən sonra sabitliyin ikinci qarantına çevriləcək”.
Müəllif: Ceyhun Rasimoğlu