Əli Kərimli Sevinc Osmanqızını ölümlə təhdid etdi? QARŞIDURMA + VİDEO
Sevinc Osmanqızı: “Siz onda məni fiziki yox edəcəksiniz ki...”
AXCP-“Milli Şura”nın sosial media resurslarından biri kimi tanınan “Osmanqızı TV” və Sevinc Osmanqızı ilə Əli Kərimli arasında ciddi qarşıdurmalar yaşanmağa başlayıb. DİASPOR.İNFO xəbər verir ki, qarşıdurmaya səbəb Sevinc Osmanqızının düşərgədə kimin həqiqi müxalifət olub-olmaması ilə bağlı yaranmış savaşa qarşı ittiham irəli sürməsi, belə iddiaların düşərgəyə yalnız xələl gətirdiyini deməsi, eləcə də AXCP sədrinin simpatiya bəsləmədiyi müxalifyönlü insanları canlı efirə qoşması məsələsidir.
AXCP sədri “Osmanqızı TV”ni əlindən çıxardı
Məhz düşərgənin “Milli Şura”, ya da AXCP üzvü olmayan cinahlarında fəaliyyət göstərən müxalifət təmsilçilərinin də efirə qoşulmalarını həzm edə bilməyən cəbhəçilərin “lideri” Sevinc Osmanqızını sosial şəbəkələrdə təhqir hədəfinə çevirib. Bu fakt isə belə qənaətə gəlməyə zəmin yaradır ki, hazırkı vaxta qədər ən çox Qənimət Zahidin və Sevinc Osmanqızının canlı yayımlarına qoşularaq özünü zorla gündəmdə saxlamağa cəhd edən Əli Kərimli artıq onlardan birini - “Osmanqızı TV”ni əlindən çıxarıb.
Əli Kərimlidən Sevinc Osmanqızına “Səni çökdürəcəyik” təhdidi
Bu arada, Əli Kərimlinin və ətrafının xəstə təfəkkürə məruz qaldığını iddia edən Sevinc Osmanqızı həm də dolayısı ilə etiraf edib ki, hazırkı zamana qədər göstərdiyi xidmətinə görə, yəni cəbhəçiləri Əli Kərimlinin personasında dəstəklədiyinə görə peşmandır. Bundan sonra isə o, dərhal canlı efirdə ayrıca verilişə çıxıb. Belə ki, "Səni çökdürəcəyik! Mənə hücumlar və mənim cavabım" adlı verilişlə efirə çıxaraq bəyan edib ki, bu gün resursları olmayan qüvvə - yəni AXCP və “Milli Şura” cütlüyü ona "səni çökdürəcəyəm" deyir.
Osmanqızı Əli Kərimlinin əlində olarsa, hətta onu həyatına qəsd edə biləcəyini də istisna etməyib. “Axı sabah siz hakimiyyətdə olanda sizin resurslarınız olacaq, onda siz mənə nə edəcəksiniz?! Siz onda məni fiziki yox edəcəksiniz ki...”, deyə “Osmanqızı TV”nin rəhbəri bildirib.
"Yaxşı ki, bütün bunları gördüm"
Və bu da azmış kimi, onun haqqında cəbhəçi trolların şikayət etdiklərini də deyən Osmanqızı bunun belə davam edə bilməyəcəyini qeyd edib: “İndi məni üzv olduğum şəbəkədə patronlarıma şikayət edirlər. Yaxşı ki, bütün bunları gördüm. Görünür, kiminsə quyruğu qapı arasında qalmalıdır ki, sən onları sınayasan. Deyirlər ki, sənin kanalına gəlməyəcəyik”.
Beləliklə, Sevinc Osmanqızı ziyanın yarısından geri dönməyin də xeyir olduğu qənaətinə gəlib və gec də olsa anlayıb ki, bu vaxta qədər nə qədər kirli, xəyanətkar və satqınçılıq girdabında fəaliyyət göstərib.
Yeri gəlmişkən, onu da xatırlatmaq yerinə düşərdi ki, belə bir hal Əli Kərimliyə qarşı birinci dəfədir ki, baş vermir və bu günə qədər yüzlərlə onu dəstəkləyən insanlar sonradan ondan imtina ediblər. Sevinc Osmanqızı da məhz həmin adamların sırasına daxil olan növbətisidir.
Rövşən RƏSULOV