KARANTİN DÖVRÜNDƏ HƏKİMLƏR KİMİ POLİSLƏR DƏ FƏDAKARLIQ GÖSTƏRƏRƏK FASİLƏSİZ İŞLƏDİLƏR.
Hamıya məlumdur ki, çoxlarımızın gözləmədiyi Covid-19 virusu qəflətən başımızın üzərini qara buludlar kimi aldı. Bu virus o qədər sürətlə yayılmağa başladı ki, hətta pandemiya həddinə də, çatdı. Və bir çox dünyanın aparıcı dövlətləri kimi, Azərbaycan da, qadağalara, sərt karantin rejiminə əl atmaq məcburiyyətində qaldı. Karantin rejiminin iqdisadiyyatımıza nə qədər ziyan vurması, sadə vətəndaşlarımıza, ailələrin büdcəsinə verdiyi ciddi ziyan məsələnin bir tərəfidir. Məsələnin ikinci tərəfi isə, sərt karantin rejimində, sözügedən virusla və onun yayılmasıyla ciddi mübarizə aparan, həkim və polislərimizin peşə fəaliyyətidir.
Bəli, həkimlərimizin fədakarlığı göz qabağındadır, yəni onsuzda canı ağrıyan hər bir kəs, bu peşə sahiblərinə üz tutur və göydə Allah, yerdə həkimlərdən imdad diləyirlər.
Lakin Polislərimizin karantin dövründə etdikləri fədakarlıq isə bir növü pərdə arxasında qalır.
Odur ki, bu gün şərəfli peşə sahibləri və onların pandemiya dövründə etdikləri fədakarlıqlardan danışmaq istəyirəm. Mən hazırda Zaqatalada yaşadığım üçün, bu rayonun polisi haqqında gördüklərimi qeyd etmək istəyirəm. Ötən ilin əvvəlində, sərt karantin dövründə təsadüfən Naxçıvan MR-da qaldığım üçün orada fəaliyyət göstərən polislərin çəkdiyi əziyyətləri, yazdığım məqalələrdə xüsusi qeyd etmişdim. Naxçıvan polisi ilə bağlı bir neçə məqalə və video-sujetlər də, çəkmişdim.
Bu dəfə isə sərt karantin rejimi tətbiq olunan vaxtda Zaqatala rayonunda olduğuma görə, sözügedən rayonun polis əməkdaşlarının fəaliyyətindən yazmaq istəyirəm. İlk öncə onu da, xüsusi vurğulamaq istəyirəm ki, bir jurnalist kimi Zaqatala rayon Polis şöbəsinin rəisi polis polkovniki Vəfadar Orucovla şəxsi tanışlığım yoxdur. 44 günlük ikinci Qarabağ savaşında Zaqatalaya gələn şəhidlərimizin dəfn mərasimində digər rəhbər şəxslər kimi Vəfadar müəllimi də, həmin tədbirlərdə iştirak etdiyi vaxtda yaxından görmüşəm. Yəni onu demək istəyirəm ki, mənim Zaqatala rayon polis şöbəsinin əməkdaşlarının fədakarlığı haqqında yazdığım məqalə barəsində sözügedən şöbədən heç kimin xəbəri yoxdur. Mən sadəcə kənardan müşahidə etdiklərimi yazıram.
Nəzərə alsaq ki, Zaqatala polisində təkcə zaqatalalılar işləmir, deməli çoxlarının qohum-əqrabası olmayan bir bölgədə ailəliklə yaşaması və karantin dövründə demək olar ki, fasiləsiz işləməsi böyük bir fədakarlıqdır. Kənardan polisin işi kiməsə asan gələ bilər. Ancaq karantin dövründə sözün əsl mənasında Azərbaycan polisi fədakarlıq etdi desək, yanılmarıq. Bütün günü ayağından çəkmələri çıxmayan, hər yerdə maska taxmaqla vətəndaşlara nümunə olaraq, yalnız maska ilə nəfəs alan və mən deyərdim ki, fasiləsiz xalqına xidmət edən çətin peşə sahibləri sözün əsil mənasında qəhrəmandırlar. Nəzərə alsaq ki, polis təkcə cinayətkarları tutmaqla məşğul deyildir. O, həm də asayişi qorumalı, evdə oturmaqdan bezərək, küçəyə can atan insanlarla profilaktik söhbətlər aparmalı, Covidli xəstələrin evlərini tərk etməmələrinə nəzarət etməlidir. Deməli polisin işi nəinki gücləndirilmiş rejimdə sayılır, bu gün Azərbaycan polisi fövqəl fəaliyyət göstərir desək, tam yerinə düşərdi. Pandemiyanın ağır günlərində, 44 gün davam edən ikinci Qarabağ savaşında Şəhid olan igidlərimizi rayonun girişində qarşılayanlar və ailələrinə təhvil verənlər də, məhz polislərimiz oldu. Bütün bu ağrı-acını yaşayan Zaqatala polisi Şəhidlərimizin dəfn mərasimlərində də, çox aktivlik göstərərək, demək olar ki, bütün təşkilati işləri öz üzərlərinə götürmüşdülər.
Bunu danmaq, görməmək, bu əziyyətə qiymət verməmək ədalətsizlik olardı.
Təsəvvür edin ki, bütün bu ağrı-acının içərisində polis həm də, narkotik satanla və mal-qara oğrusuyla da, mübarizə aparmalıdır. Polis nə qədər sayda olmalıdır ki, bütün bunların öhdəsindən rahat gələ bilsin. Şəhid xəbərinin gəlməsi hamı üçün gözlənilməz olduğuna görə, Zaqatala polisi gecəyarısıda olsa, yenə də, öz işinin başındaydı. Və maraqlısı da, budur ki, Zaqatala polisi bütün həssas tədbirlərdə heç vaxt yuxusuz, yorğun olduğunu biruzə vermədi. Zaqatala rayon polis şöbəsinin bütün əməkdaşları hər an, hər bir çətin vəziyyətə düşməyə hazır olduqlarını və bu vəziyyətdən alnıaçıq çıxmağı bacardıqlarını əməli işləri ilə sübut etdilər.
Əslində bu belə də, olmalıdır, çünki polis Azərbaycan dövlətinin, dövlətçiliyimizin qorunmasında sədaqətlə xidmət edən bir qurumlardandır. Bu xüsusda Zaqatala polisinin öz yeri vardır.
Öz təcrübəmdən deyəcəyəm ki, tanıdığım elə imkanlı insanlar vardır ki, övladları əgər polisdən qorxmasa nəinki avtoxuliqanlıq edər, hətta yolda sadə insanların üstündən belə maşınla keçər. Odur ki, bu gün asayişimizə görə, Azərbaycan polisinə, rayonumuzda isə Zaqatala polisinə minnətdar olmalıyıq.
ƏLMANİZ ƏLƏKBƏRLİ.
AZƏRBAYCAN JURNALİSTLƏR VƏ
YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ.