Azəbaycanda keçirilən hərbi təlimlər - Ermənistana göz dağı.
Ali Baş Komandan İlham Əliyev təlimlərin keçirilməsi ilə bağlı bir çox dövlətlərə mesajlar göndərdi
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, martın 15-dən Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimləri başlayıb.
Qeyd edək ki, bu Azərbaycan ordusunun 44 günlük müharibədən sonra keçirdiyi ilk irimiqyaslı hərbi təlimlərdir. Bu da Azərbaycan ordusunun daha da gücləndirilməsi, müasir silahlarla təchizatının davam etdirilməsi barədə Ali Baş Komandanın müharibədən sonra elan etdiyi hərbi-siyasi vəzifəyə uyğundur.
Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 10.000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.
Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldiləcək.
Martın 18-dək davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları icra edəcək.
Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, hərbi təlimlər dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək və İkinci Qarabağ müharibəsində qazanılan təcrübə istifadə olunacaq. Yenə də riyakar, işğalçı vandal ölkə olan Ermənistan Azərbaycanın keçirdiyi hərbi təlimlərlərdən öz xislətlərini gizlətməyi. Erməni KİV-lərinin məlumatına görə Ermənistanın hərbi təlimlərinə 7500 nəfər hərbçinin, 200 raket və artileriya qurğusunun, 100-dək tank və zirehli texnikanın 90-dan çox aviasiya vasitələrinin cəlb olunacağı bildirilib.
Elçin Axundzadə: “Hərbi təlimləri keçirməklə cənab Ali Baş Komandan bir neçə istiqamətlərə, dövlətlərə mesaj göndərir”
Hərbi-siyasi ekspert Elçin Axundzadə bu miqyasda təlimləri keçirmək üçün aylar lazımdır: “Müxtəlif növ ordu qoşunlarının əlaqələndirməsi, müxtəlif qurumlarla razılaşma və s. Ali Baş Komandan Ermənistanda revanşist güvvələrin olduğunu gözəl bilir. O, şəxsən orduya kontrol və rəhbərlik edir. Xoş haldır ki, zəfərdən sonra Ali Baş Komandanın rəhbərliyi ilə ordu eyforiyaya qapanmır və ştat üzrə öz vəzifələrin yerinə yetirir. Hərbi təlimləri keçirtməklə cənab Ali Baş Komandan bir neçə istiqamətlərə, dövlətlərə mesaj göndərir. İlk olaraq bununla Ermənistandakı revanşist qüvvəllərə bildirir ki, ordumuz döyüş qabiliyyətini artırır və ağıllı olsunlar. Əks halda dəmir yumruğumuzu əzəli torpaqlarımızda hiss edəcəklər. İkinci mesaj isə Ermənistanın arxasında duran və onları silahlandırmağa cəhd edən dövlətlərədir.
Bir müddət əvvəl xüsusi təyinatlar Qarsda türk əsgərləri ilə bərabər təlimdə ümumi komandanlıq və koordinasiya mərkəzlərini həyata keçirdilər. Bu təlimləri də Qarsda olan təlimlərin davamı kimi qeyd etmək olar. Əminəm ki, türk koordinasiya qüvvələri və instruktorları da bu təlimlərdə öz məsləhətlərini verəcəklər”.
Ekspert onu da vurğulayıb ki, təəsüflər olsun ki, hələ də orduda çoxlu sayda neqativ hallar var: “Məsələn, qeyri-peşəkarlar vəzifələrə gətirilib. Savadlı, döyüş təcrübəsinə malik 10-a yaxın general və yüksək rütbəli zabitlər müxtəlif bəhanələrlə ordudan uzaqlaşdırılıb. Keyfiyətsiz, lazımsız sursatlar alınıb. Müharibə zamanı Ali Baş Komandan bu barədə Müdafiə Nazirliyinin kollegiyasında bildirmiş və qeyd etmişdi ki, müharibədən sonra təhlillər aparılacaq və sərt tədbirlər görüləcək. Çox güman ki, bu yaxın aylarda korrupsiyaya qurşanmış, milləti ordudan narazı salan general, zabitlərin vəzifədən azad olunmacağını, müharibə dövründə isti kabinetlərdə yatan, vəzifə borcunu yerinə yetirməyən, kimlərinsə köməkliyi ilə rütbə, vəzifə alanlar şəxslərin fəaliyyətinin yoxlanılacağını, büdcədən oğulanan vəsaitlərin geri qaytarılacağını görəcəyik”.
Bəs təlimlərdə qarşıya qoyulan bu döyüş vəzifələri nə deməkdir, nədən xəbər verir?
Məsələ burasındadır ki, ordumuzun müharibədən əvvəl vaxtaşırı olaraq keçirdiyi irimiqyaslı hərbi təlimlərdə qarşıya qoyulan döyüş tapşırıqları və ssenari hücum əməliyyatları üzərində qurulmuşdu, torpaqların işğaldan azad edilməsi vəzifəsinin yerinə yetirilməsinə hesablanmışdı. İndi isə ssenari dəyişib-Azərbaycan ordusunun qarşısında dayanan başlıca vəzifə bölgədə müharibənin nəticələrindən sonra yaranmış status-kvonu qoruyub saxlamaqdan ibarətdir.
Çünki Ermənistan işğalçı qüvvələri torpaqlarımızdan qovulub və düşmən ölkə kapitulyasiya ilə razılaşıb. Ordu ölkənin qarşısında onillərdir dayanan bir nömrəli vəzifəni-torpaqların işğaldan azad edilməsi vəzifəsini həll edib. Lakin Azərbaycan ərazilərinin hazırda Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olan ərazilərində-Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində özünü «dqr müdafiə ordusu» adlandıran və 44 günlük müharibədə darmadağın edilmiş qanunsuz silahlı birləşmələrin qalıqları mövcudluğunu saxlamaqdadır. Qondarma rejimin nümayəndələri bu silahlı birləşmələrin əsasında hansısa «peşəkar ordu» qurmaq barədə planlardan danışırlar. Eləcə də Ermənistanda və Dağlıq Qarabağda revanşit qüvvələrin olduğu da bəllidir, doğrudur, müharibədə aldığı zərbələr nəticəsində Ermənistanın nəinki yaxın, eləcə də orta və uzunmüddətli perspektivdə revanşa cəhd etmək potensialı mövcud deyil. Amma həmin qanunsuz silahlı birləşmələrin nəzəri olaraq hansısa diversiya-terror əməllərinə cəhd etməsi istisna edilməməlidir. Eləcə də həmin qanunsuz birləşmələrin dinc yolla tərksilah edilməsi baş verməsə onların güc yolu ilə tərksilahı vəzifəsi qarşıya çıxa bilər.
Məhz bu kimi ehtimalları nəzərə alaraq Azərbaycan ordusu elə güc sahibinə çevriləcək ki, düşmən indi və gələcəkdə hər hansı revanş cəhdinə, terrora və ya diversiya əməllərinə əl atmağa cəsarət etməsin. Deməli, indiki təlimlərin ssenarisi da təsadüfi seçilməyib və Azərbaycan ordusu məhz postmüharibə dövründə yarana biləcək hərbi təhdidlərə indidən hazırlaşmağa başlayıb. Bu da «sülh istəyirsənsə müharibəyə həmişə hazır ol» fəlsəfəsindən irəli gəlir. Azərbaycan ordusu müharibədən əvvəl torpaqları düşməndən azad edəcək güc amili olaraq mövcud idisə indi bölgədə sülhə təminat yaradan qüvvədir. Bu baxımdan hazırda başı daxili didişmələrə qarışan Ermənistanın hərbi-siyasi dairələri üçün Azərbaycan Müdafiə Nazirliyinin təlimlər barədə yaydığı məlumatı oxumaq və təlimlərin gedişini izləmək, bunlardan dərs çıxarmaq pis olmazdı
Cəlil Xəlilov: “Hərbi təlimlər Azərbaycan Ordusunun peşəkarlığının daha da artırılması baxımından mühüm əhəmiyyətə malikdir”
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ordumuzda keçirilən bu təlimlərin bir çox aspektdən mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. O, belə hərbi təlimlərin Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, onun peşəkarlığının artırılması baxımından önəminə toxunub: “Belə hərbi təlimlərin Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, onun peşəkarlığının artırılması baxımından önəmlidir”.
Polkovnik qeyd edib ki, 44 günlük Vətən müharibəsinə qədərki dövrdə də Azərbaycan Ordusu çoxlu sayda irimiqyaslı təlimlər keçirib. Bu təlimlərdə məqsəd müxtəlif qoşun növlərinin fəaliyyətinin döyüş şəraitində təşkili, şəxsi heyətin çətin və mürəkkəb relyefdə hərəkətinin təmini, şərti hədəflərin dəqiqliklə məhv edilməsi, tank və artilleriya bölmələrinin hazırlıq səviyyəsinin yüksəldilməsidir. Bütün bunların bəhrəsini Vətən müharibəsində əməli şəkildə gördük. Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi ilə qısa zamanda işğal altındakı torpaqları azad edərək düşməni darmadağına məruz qoyub.
Cəlil Xəlilov bildirib ki, keçiriləcək təlimlər ordumuzun Vətən müharibəsindəki döyüş hazırlığının qorunub saxlanılmasına və möhkəmlənməsinə hesablanıb: “Bu təlimlərdə də piyadalarla yanaşı tankların, ağır artilleriyanın birgə iştirakı ilə əməliyyatın təşkili, müxtəlif qoşun növlərinin birgə fəaliyyətinin operativ və səmərəli şəkildə təmini diqqət mərkəzində saxlanılan əsas məsələlər olacaq. Odur ki, bu təlimləri və onun ordumuz üçün əhəmiyyətini yüksək dəyərləndirirəm”.
Rusiya XİN-in sözçüsü: “Azərbaycanın hərbi təlimləri heç bir təhlükə yaratmır”
“Azərbaycanın hərbi təlimləri planlaşdırılmış xarakterlidir, regionda sabitlik və təhlükəsizlik üçün heç bir risk yaratmır”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovakeçirdiyi həftəlik brifinqdə bildirib.
Bir sözlə, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan ordusu Azərbaycan tarixini yenidən yazır. Bu qələbələr tarixidir, bu, işğal altında olan torpaqlarımızın azad olunduğu tarixdir, bu bütöv Azərbaycanın bərpa olunması tarixidir, Birliyimizdir, Bütövlüyümüzdür.
Bir vaxtlar Ermənistan rəsmilərinin ağızdolusu danışdığı hərbi texnikalar Vətən müharibəsindən sonra onların məğlubiyyət simvoluna çevrildi. Bu gün işğaldan azad edilmiş ərazilərdə ermənilərdən “xatirə” qalan yüzlərlə dağılmış, külə dönmüş döyüş texnikalarını, silah-sursatları görmək olar. Bütün bunlar düşmən ordusunun hansı vəziyyətdə olduğunu aşkar şəkildə göstərir. İndi sual yaranır, ordusunun yarıdan çoxunu itirən Ermənistan nə ilə revanş edəcək? Erməniləri havadarları silahlandırsa belə, bu, heç nəyi dəyişməyəcək. Müzəffər Azərbaycan Ordusu 44 gündə olduğu kimi, yenə düşmənə döyüş meydanında layiqli dərs keçməyə tam hazırdır. Bu isə Ermənistanın bir dövlət kimi məhvinə səbəb ola bilər. Yəqin ki, revanş eşqi ilə yaşayanlar aqibətlərinin necə olacağını düşünməmiş deyillər.
R.HÜSEYNOVA