Sevinc Osmanqızı Əli Kərimlinin “söyüş maşınına” tab gətirəcəkmi? TƏRS BAXIŞ+FOTOFAKT
AXCP sədrinin trolları ona qarşı təhqir və təhdid yolunu seçiblər
AXCP sədri Əli Kərimli ilə “Osmanqızı tv”nin rəhbəri Sevinc Osmanqızı ilə aralarında olan uçurum daha da dərinləşib. Diaspor.info xəbər verir ki, artıq cəbhəçi trolların hücumlarından boğaza yığılmış Sevinc Osmanqızı buna qədər bir neçə dəfə Kərimliyə və onun “söyüş maşınlarına” cavab versə də, onlar buna etinasız yanaşıb və qızışıblar. Artıq necə deyərlər, söyüşün biri “bir qara qəpikdən” hesaba alınmaqdadır.
Qeyd etmək yerinə düşərdi ki, bütün bu hadisələrə qədər AXCP sədri demək olar ki, günaşırı Sevinc Osnanqızının canlı yayımlarına qatılırdı. Yalnız sonradan yaranmış fikir ayrılıqları və xüsusilə Osmanqızının ağalarının ayrıca tapşırıqları əsasında AXCP sədri tv-dən uzaqlaşdırılıb və gündəlik qonaqlar siyahısından çıxarılıb. Bu fakt isə qarşılıqlı ittihamlarla əvəzlənib.
Bu “xəmir” hər iki tərəfdən hələ “çox su aparacaq”
Bu arada, AXCP sədri Əli Kərimli onu "Osmanqızı tv"dən qovmuş Sevinc Osmanqızını cəbhə trollarının hücumlarına cavab vermək məcburiyyətində qalır və belə görünür ki, bu “xəmir” hər iki tərəfdən hələ “çox su aparacaq”. Hətta Osmanqızına qarşı yalnız söyüşlər söyülmür, həm də hədə-qorxular səslənir. Belə ki, o cəbhəçi söyüş söyənlərə, təhdid edənlərə müraciət edərək yazıb ki, əgər ortada fərqli düşüncələr varsa, buna görə kimsə-kimsəni linç etməməlidir.
Göründüyü kimi, bir zamanlar aralarından su keçməyən bu iki tərəf şəxsi maraqlarına görə belə demək mümkündürsə, barışmaz düşmənlərə çevrilməkdədirlər. Bu düşmənçilik isə söz yox ki, onların təmsil olunduqları cinahın daha çox ifşa edilməsinə şəraitlər yaradır. Hər halda baş verənlər də göz önündədir.
"Səni çökdürəcəyik! Mənə hücumlar və mənim cavabım" adlı verilişlə efirə çıxaraq bəyan edib ki...
Xatırladaq ki, məhz düşərgənin “Milli Şura”, ya da AXCP üzvü olmayan cinahlarında fəaliyyət göstərən müxalifət təmsilçilərinin də efirə qoşulmalarını həzm edə bilməyən cəbhəçilərin “lideri” Sevinc Osmanqızını sosial şəbəkələrdə təhqir hədəfinə çevirib. Bu fakt isə belə qənaətə gəlməyə zəmin yaradır ki, hazırkı vaxta qədər ən çox Qənimət Zahidin və Sevinc Osmanqızının canlı yayımlarına qoşularaq özünü zorla gündəmdə saxlamağa cəhd edən Əli Kərimli artıq onlardan birini - “Osmanqızı TV”ni əlindən çıxarıb.
Əli Kərimlinin və ətrafının xəstə təfəkkürə məruz qaldığını iddia edən Sevinc Osmanqızı həm də dolayısı ilə etiraf edib ki, hazırkı zamana qədər göstərdiyi xidmətinə görə, yəni cəbhəçiləri Əli Kərimlinin personasında dəstəklədiyinə görə peşmandır. Bundan sonra isə o, dərhal canlı efirdə ayrıca verilişə çıxıb. Belə ki, "Səni çökdürəcəyik! Mənə hücumlar və mənim cavabım" adlı verilişlə efirə çıxaraq bəyan edib ki, bu gün resursları olmayan qüvvə - yəni AXCP və “Milli Şura” cütlüyü ona "səni çökdürəcəyəm" deyir.
Osmanqızı Əli Kərimlinin əlində olarsa, hətta onu həyatına qəsd edə biləcəyini də istisna etməyib. “Axı sabah siz hakimiyyətdə olanda sizin resurslarınız olacaq, onda siz mənə nə edəcəksiniz?! Siz onda məni fiziki yox edəcəksiniz ki...”, deyə “Osmanqızı TV”nin rəhbəri bildirib.
"Yaxşı ki, bütün bunları gördüm"
Və bu da azmış kimi, onun haqqında cəbhəçi trolların şikayət etdiklərini də deyən Osmanqızı bunun belə davam edə bilməyəcəyini qeyd edib: “İndi məni üzv olduğum şəbəkədə patronlarıma şikayət edirlər. Yaxşı ki, bütün bunları gördüm. Görünür, kiminsə quyruğu qapı arasında qalmalıdır ki, sən onları sınayasan. Deyirlər ki, sənin kanalına gəlməyəcəyik”.
Beləliklə, Sevinc Osmanqızı ziyanın yarısından geri dönməyin də xeyir olduğu qənaətinə gəlib və gec də olsa anlayıb ki, bu vaxta qədər nə qədər kirli, xəyanətkar və satqınçılıq girdabında fəaliyyət göstərib.
Yeri gəlmişkən, onu da xatırlatmaq yerinə düşərdi ki, belə bir hal Əli Kərimliyə qarşı birinci dəfədir ki, baş vermir və bu günə qədər yüzlərlə onu dəstəkləyən insanlar sonradan ondan imtina ediblər. Sevinc Osmanqızı da məhz həmin adamların sırasına daxil olan növbətisidir.
Rövşən RƏSULOV