“Aİ ilə sazişin yekunlaşdırılması və qüvvəyə minməsinin tərəfdarıyıq” Ceyhun Bayramov
“Koronavirus pandemiyası ilə əlaqədar ticarət dövriyyəsi, investisiya qoyuluşu məsələsinə baxarkən, görürük ki, İsveç və Azərbaycan arasında bu istiqamətdə kifayət qədər imkanlar mövcuddur və buna diqqət yetirilməlidir”.
Diaspor.info xəbər verir ki, bunu bu gün Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov söyləyib.
C.Bayramov vurğulayıb ki, İsveç üçün Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizləri maraqlı ola bilər.
“Son illər alternativ və bərpa olunan enerji mənbələrinə Azərbaycanda diqqət yetirilir. İsveç bu sahədə lider dövlətlərdən biridir və bu sahə Azərbaycanla əməkdaşlıqda perspektivi olan sahədir”.
Xarici işlər naziri diqqətə çatdırıb ki, bugünkü görüşdə Azərbaycan və İsveçin çoxtərəfli platformada əməkdaşlığı da müzakirə olunub.
“Avropa İttifaqının bu bölgədə maraqlarının və fəallığının artırılması istiqamətində İsveç hər zaman fəal olub. Ölkəmiz üçün də Avropa İttifaqı ilə ikitərəfli sazişin yekunlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Şərq tərəfdaşlığı ölkələri içərisində Azərbaycan yeganə ölkədir ki, Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşlıq sazişi imzalayıb. Avropa İttifaqı ilə də qarşılıqlı maraq və faydalılıq prinsiplərini nəzərə alaraq, bu sazişin yekunlaşdırılması və qüvvəyə minməsinin tərəfdarıyıq”, deyə xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Müəllif: İnam Hacıyev