Qarabağın bərpası işləri necə gedir? - ANALİZ
Artıq 50-dən çox xarici şirkət işğaldan azad edilmiş Azərbaycan ərazilərinin bərpası layihələrində iştirak etmək üçün müraciət göndərib
Moskva-Baku.Ru platformasında Andrey Şlyapnikov müəllifi və aparıcısı olduğu “Diqqət mərkəzində” analitik verilişində regionumuzda gedən proseslərlə bağlı maraqlı məsələlərə toxunub. Verilişi yazı və video formasında oxucularımıza təqdim edirik.
Böyük qayıdış
Bu həftə 30 azərbaycanlı ailə Qarabağa qayıtdı. Bu yaxınlarda Əhmədbəyli kəndində (Füzuli rayonu) məcburi köçkünlər üçün ən qısa müddətdə dövlət hesabına yeni evlər tikildi. Yeni Azərbaycan Partiyasının 7-ci qurultayında İlham Əliyev prioritetləri müəyyənləşdirdi ki, azad edilmiş torpaqlara ilk qayıdanlar kimlər olmalıdır.
İlham Əliyev: “Bütün dağılmış şəhər və kəndlərimizi bir gündə və ya bir ildə, iki ildə bərpa edə bilməyəcəyik. Buna görə burada, əlbəttə ki, ardıcıllıq olacaqdır. Bu ardıcıllıqla əlaqədar olaraq, ilk növbənin ən çətin vəziyyətdə olan məcburi köçkünlərə verilməli olduğuna inanıram. 300 mindən çox məcburi köçkünə dövlət tərəfindən ev və mənzil verildiyi üçün yaşayış şəraiti yaxşıdır. Lakin köçkünlər hələ də uşaq bağçalarında, yataqxanalarda və yararsız binalarda yaşayırlar. Burada Yeni Azərbaycan Partiyasının fəalları da sosial ədalətə riayət olunmasını təmin etmək üçün öz rollarını oynamalıdırlar".
Ancaq hələ hər yer təhlükəsiz deyil. Uzunmüddətli işğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsi işləri davam edir. Rusiya və Türkiyə Azərbaycana fəal şəkildə kömək edirlər. Rusiya Müdafiə Nazirliyi bildirdi ki, Dağlıq Qarabağ ərazisində Humanitar Mərkəzinin minaaxtaran-mühəndis qrupları keçən ilin 23 noyabrından bəri 1600 hektardan çox ərazini 25 mindən çox partlayıcı sursatlardan təmizləyiblər- 508 km yol, 1577 ev, 30 sosial əhəmiyyətli obyekt, müxtəlif binalar da daxil olmaqla. Və artıq ilk müsbət nəticələr var. Məsələn, Ağdam rayonunun kəndlərində yaz əkinlərinə fəal şəkildə hazırlaşırlar. Artıq orada 2 min hektardan çox ərazi təmizləndi və taxıl bitkiləri əkildi. Gələcəkdə bölgə özünü ərzaq məhsulları ilə təmin edə biləcəkdir. Azərbaycan Prezidenti azad edilmiş ərazilərə həyatı qaytarmaq üçün konkret vəzifələr qoyur. Bura, ağıllı şəhər və kəndləri ilə nümunəvi bir bölgə olacaqdır.
İlham Əliyev: “Hazırda əsas məqsədimiz azad edilmiş əraziləri bərpa etməkdir. 10 min kv km-dən çox ərazini bərpa etmək lazımdır. Bu istiqamətdə işlər artıq başlayıb: beynəlxalq hava limanının inşasına başlanılıb, magistral və dəmir yolu xətləri çəkilir. Bu ilin sonuna qədər bütün Qarabağ bölgəsini 100% elektrik enerjisi ilə təmin etmək niyyətindəyik. Bundan əlavə bir çox başqa planlarımız var".
YAP-ın qurultayında İlham Əliyev Azərbaycanın uğur hekayəsindən, dövlətin hədəflərinə uğurla çatmağı necə təmin etdiyindən danışdı.
İlham Əliyev: “Bütün işləri ardıcıl olaraq həyata keçiririk və son 17 illik tariximizə nəzər yetirsəniz görərsiniz ki, hədəflər qoyulub, düzgün müəyyənləşdirilib, bu hədəflərə çatdıq və sonra yeni hədəflər qoyduq. Beləliklə, həm siyasi, həm iqtisadi sahədə davamlı inkişafı təmin etdik, Azərbaycanı beynəlxalq aləmdə böyük nüfuza və hörmətə sahib bir ölkəyə çevirdik və əsas vəzifəni - ərazi bütövlüyünü bərpa etdik".
Hazırda infrastruktur aktiv şəkildə yenidən qurulur. “SOCAR Petroleum” Qarabağda modul tipli yanacaqdoldurma məntəqələri quraşdırmağı planlaşdırır. Bunlar nəqliyyat vasitələrinə sürətlə yanacaq doldurma imkanı verən mobil yerüstü yanacaqdoldurma məntəqələridir.
Artıq 50-dən çox xarici şirkət işğaldan azad edilmiş Azərbaycan ərazilərinin bərpası layihələrində iştirak etmək üçün müraciət göndərib. Siyasi səviyyədə də işlər görülür. Rusiya sülhməramlı korpusu Rusiya, Ermənistan və Azərbaycan arasındakı sülh razılaşmalarına əməl olunmasını izləyirlər. Bu həftə Bakı daha bir xoşməramlı hərəkət etdi və muzdlu kimi Ermənistan uğrunda vuruşan və 2020-ci ilin noyabrında əsir götürülən erməni əsilli Livan vətəndaşı Maral Najaryanı geri qaytardı.
Ermənisayağı stolüstü tennis davam edir
Bu həftə Ermənistanın baş naziri Nikol Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanın istefasına nail oldu və onun yerinə general-leytenant Artak Davtyanı təklif etdi. Lakin Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Paşinyanın vəsatətini 2 dəfə geri qaytardı. Media bu sxemi “ermənisayağı stolüstü tennis” adlandırdı. Qanuna görə, prezident baş nazirin təklifini 2 dəfə rədd edərsə, o zaman avtomatik olaraq qüvvəyə minir. Artak Davtyan artıq 2018-2020-ci illərdə Baş Qərargah rəisi vəzifəsində çalışıb, ancaq karantin zamanı oğlunun toyunu təşkil etdiyi üçün işdən qovulub. Müxalifət isə qəzəblidir və bir daha hərbi çevrilişlə hədələyir. Ancaq görünür ki, ordunun indi bu çevrilişə ehtiyacı yoxdur. Keçən həftə Baş nazir Nikol Paşinyan Ermənistan Silahlı Qüvvələrinin komanda heyəti ilə görüş keçirdi.
Maksim Şevçenko: “Bu gün Qarabağ bir çox erməni üçün anlaşılmaz bir mövzuya çevrilib. Görünür, bir tərəfdən, milli hissə xitab etdiyi üçün vacibdir, digər tərəfdən onunla nə etmək lazım olduğu tamamilə anlaşılmazdır. Və bu vəziyyətlə əlaqəli olaraq, müqayisənin digər tərəfində, erməni əhalisi tərəfindən Azərbaycanla və Türkiyə ilə sərhədlərin açılmasının ticarətin canlanmasına səbəb olacağı, Ermənistanda yaşayan insanlar normal yaşamağa başlayacağı faktoru dayanır. Və bəlkə də yalnız normal deyil, hətta daha zəngin".
Moskva da daim siqnallar verir ki, indi “qayığı silkələməyin” vaxtı deyil.
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko: “Biz bunu Ermənistanın daxili işi kimi qiymətləndiririk və orada gedən proseslərə qarışmırıq, tərəf tutmuruq. Vəziyyətin ən qısa müddətdə normallaşmasını istəyirik, bunun Dağlıq Qarabağ ətrafındakı məskunlaşma da daxil olmaqla hər kəsə faydası olacaq".
Moskva və Bakı üçün Paşinyan indi qənaətbəxş bir fiqurdur. Əldə edilmiş sülh razılaşmalarını yerinə yetirməkdə qərarlıdır. Ancaq erkən seçkilər keçirilərsə, Ermənistanda lider dəyişə bilər. Bunu rəy sorğuları göstərir. Ermənistan vətəndaşları "Gələn bazar günü parlament seçkiləri keçirilsə, hansı siyasi partiyaya səs verərdiniz” sualını belə cavablandırıb:
- Mənim addımım - 33%
- Çiçəklənən Ermənistan - 3%
- Robert Koçaryan - 2%
- RPA - 1%
- ARFD - 1%
- 17 partiya - 1%
- Sasna Srer - 1%
- Maariflənmiş Ermənistan - 1%
- Heç kim - 42%
- Bilmirəm - 12%
Ən maraqlısı budur ki, qalib cavab "Heç kim" cavabı oldu- 42%. Bu, seçicilərin siyasi arenada yeni bir fiqurun ortaya çıxmasını gözlədiyini, ancaq sülh razılaşmalarının ziyanına olmadığını açıq şəkildə göstərir.
Politoloq, PolitRUS portalının rəhbəri Vitali Arkov: “Ermənistanın baş naziri roluna müəyyən bir koalisiya namizədi təyin olunduqda, ölkədəki vəziyyət sabitləşə bilər. Konkret qərar və konkret namizəd olmayana qədər Paşinyan hakimiyyətdə qalacaq. Putin Nikol Paşinyanla əlaqə saxlayırsa, deməli, Ermənistanın baş naziri üçün hər şey o qədər də pis deyil. Onunla hesablaşırlarsa, demək o, suyun üzündə qalır. Ancaq gec-tez öz postundan ayrılmalı olacaq".
Paşinyan iqtidarda olduğu müddətdə beynəlxalq təşkilatlarla əlaqələrini bərpa etməlidir. Keçən həftə BMT Uşaq Fondunun (UNICEF) nümayəndəsi Marina Klark-Hattinq Ermənistanı tərk etdi. Erməni KİV-ləri ölkənin rəsmilərinin onu Azərbaycanın və Böyük Britaniyanın xeyrinə casusluq etməkdə şübhəli olduğunu bildirdi. Marina 2020-ci ilin iyulundan bəri Ermənistanda UNICEF-i təmsil edir. Bu, əlbəttə ki, Ermənistan üçün ciddi bir imic qalmaqalıdır. Bəlkə də bunu sakit həll etməyə qərar verdilər. Cinayət işi açılmadı və UNICEF nümayəndəsinin ölkədən rahat şəkildə çıxmasına icazə verildi.
Əməkdaşlıq istiqamətində kurs
Bu həftə Azərbaycanın Rusiyadan 300 min doza “Sputnik-V” peyvəndi alacağı məlum oldu. Bu sərəncamı Azərbaycanın Baş naziri Əli Əsədov imzaladı. Çatdırılma 180 gün ərzində həyata keçiriləcək. Bu, yalnız Rusiya-Azərbaycan münasibətləri üçün deyil, həm də Azərbaycan əhalisi üçün yaxşı xəbərdir. Bəzi Avropa ölkələri, potensial yan təsirləri səbəbiylə “AstraZeneca” peyvəndinin istifadəsini müvəqqəti dayandırdı. Azərbaycan Çindən də peyvənd alır. Bir neçə tədarükçü hesabına Azərbaycan hökuməti əhalinin fasiləsiz peyvəndlənməsinə davam edir.
Gələcəkdə ölkələr Zəngəzur ticarət dəhlizinin yaradılmasına ümid edirlər. Bu dəhliz Ermənistan, Azərbaycan və Türkiyəni birləşdirəcək və Ermənistan Rusiyaya birbaşa çıxış əldə edəcəkdir.
Maksim Şevçenko: “Qarabağ nizamlanmasına dair üçtərəfli bəyanata əməl olunarsa, gələcəkdə vəziyyət müsbət olarsa, hər kəs Ermənistan-Türkiyə sərhədinin açılmasını, Zəngəzur nəqliyyat dəhlizinin açılmasını görəcəkdir. Ermənistandan keçən bu dəhliz on, bəlkə yüz minlərlə insana iş verəcək".
Müsbət haldır ki, Ermənistanda bunu getdikcə daha çox adam başa düşür.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi” istiqaməti çərçivəsində hazırlanıb