Peskov Lukaşenkonun sözlərinə münasibət bildirib
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, Belarusun lideri Aleksandr Lukaşenkonun, Minskin dünyada dostu olmadığı barədə söylədiyi sözləri şərh edib. Diaspor.info RenTV-yə istinadən xəbər verir ki, Peskovun sözlərinə görə, Rusiya Federasiyası və Belarusiya dostlardan daha çox qardaş olduqları üçün bu ifadənin Rusiyaya şamil olunma ehtimalı ümumiyyətlə yoxdur.
"Biz belə bir bəyanatın Rusiyaya çətin şamil oluna biləcəyini düşünürük", deyə Peskov fikirlərini bildirib.
Rusiya və Belarusun Birlik Dövlətinin bir hissəsi olduğunu da xatırladıb.
"Daha doğrusu, biz dost deyilik, biz qardaşıq", deyə prezidentin mətbuat katibi fikirlərini açıqlayıb.
Xatırladaq ki, bir qədər əvvəl Peskov, Rusiya Prezidenti Vladimir Putinin belarusiyalı həmkarı Aleksandr Lukaşenko ilə Birlik Dövlətinin Dövlət katibinin namizədliyini müzakirə etdiyini söyləmişdi. 2011-ci ilin dekabrından bəri vəzifəsində olan Qriqory Rapota, önümüzdəki həftə ərzində vəzifəsindən ayrılacağını açıqlayıb. Onu da qeyd edək ki, Rusiya ilə Belarusiya arasında Birlik Dövlətinin yaradılması haqqında Müqavilə 26 yanvar 2000-ci ildən qüvvəyə minib.
Müəllif: İnam Hacıyev