Şuşa azərbaycanlıların mənəvi kimliyinin əsas mərkəzidir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərimizə hər bir səfəri özlüyündə mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, 16 mart tarixində-İlaxır çərşənbədə ölkə başçımızın Şuşaya səfəri və 20 mart tarixində - Novruz bayramı günündə Şuşada-Cıdır düzündə bayram tonqalı yandırması bu torpaqların həqiqi sahiblərinin qayıtması, Azərbaycan xalqının milli bayramlarının, adət-ənənələrinin yenidən bu torpaqlarda canlanması mahiyyəti daşıyırdı. Ölkə başçısının Şuşaya səfəri həm də Ermənistandakı revanşist xəyallara qapılan dairələrə, onlara dəstək olan beynəlxalq qüvvələrə və ümumilikdə dünyaya mesaj idi. Bugün Azərbaycan Prezidenti qalib Ordunun Ali Baş Komandanı kimi Qarabağın incisi olan Şuşaya səfərlər edir, Şuşanın gələcək inkişafı ilə bağlı fikirlərini dünyaya bəyan edir. Beləliklə, Azərbaycan xalqı o torpaqlara qəhrəman xalq kimi qayıtmışdır.
Qeyd edək ki, ölkə başçısının işğaldan azad olunmuş ərazilərə hər səfəri vacib açıqlamalar və siyasi mesajlarla yadda qalan olur. Bu baxımdan Prezident İlham Əliyevin 16 mart tarixli Şuşa səfəri və səfər çərçivəsində ziyarət etdiyi məkanlarda səsləndirdiyi fikirlər də diqqət çəkən mahiyyətdə idi. Belə ki, ölkə başçısı dəfələrlə vurğulamışdır ki, işğaldan azad edilmiş ərazilərin demək olar ki, hər qarışında erməni vandalizminin izləri görünür. Şuşa da bu baxımdan istisna təşkil etmir. Belə ki, ermənilər Şuşada, öz xislətlərini Vaqif türbəsində, Pənahəli xanın sarayında, tarixi Karvansaray kompleksində, Şuşa Dövlət Rəsm Qalereyasında və bizə məxsus olan başqa bir çox abidələrdə göstərmişlər. Ancaq mənfur düşmən nə qədər çalışsa da Şuşanın əsl kimliyini silməyə, tarixin izlərini itirməyə nail ola bilməmişdir. Çünki, Şuşa azərbaycanlıların mənəvi kimliyinin əsas mərkəzlərindən biridir. Bəli, Şuşa 28 il əsarətdə qaldı. 28 il mənfur düşmən tərəfindən dağıdıldı, məhv edildi, dağıntılara məruz qaldı. Ancaq Şuşa əyilmədi, sınmadı, öz ləyaqətini, milli ruhunu qorudu. Çünki Azərbaycanın milli ruhu Şuşanın hər daşına, hər qarışına, qalasına elə hopmuşdur ki, onu bundan ayırmaq əsla mümkün deyildir.
Qeyd etmək istərdim ki, çıxışları zamanı Azərbaycan Prezidenti Azərbaycan əsgərini erməni hərbiçilərindən fərqləndirən mənəvi kodeksin detallarını səsləndirərkən bildirmişdir ki, ermənilər bütün binaları, məscidləri dağıdıb, məscidlərdə heyvan saxlayaraq müqəddəs abidələrimizi təhqir edib. Hətta, müharibənin bitdiyinin rəsmi təsdiqi olan bəyanat imzalandıqdan sonra belə, onlar dayanmamış, noyabrın 10-dan dekabrın 1-nə qədər evləri yandırmış, su elektrik stansiyalarını dağıtmış, meşələri qırmış və əllərindən gəldiyi qədər ekoloji terror həyata keçirmişdir. Bu onların mənəvi keyfiyyətlərinin təcəssümüdür. Amma Azərbaycan əsgəri bir bina belə dağıtmadan, yandırmadan işğalçıları qovmuş, torpaqlarımızdan çıxarmış və haqqı bərpa etmişdir. Bu Azərbaycan Ordusunun və Azərbaycan əsgərinin mənəvi keyfiyyətlərinin, insani dəyərlərinin göstəricisidir. Bəli, Azərbaycan Ordusu heç vaxt, heç bir şəraitdə mülki əhali ilə müharibə aparmayıb. Bizim əsgərimiz ancaq əli silahlı düşmənlə mübarizə aparıb. Bizim məqsədimiz heç vaxt dağıdıb, ziyan vermək, vandallıq etmək olmayıb. Bizim məqsədimiz sadəcə ərazi bütövlüyümüzü bərpa etmək, düşməni əzəli torpaqlarımızdan çıxarmaq və ən əsası haqqı bərpa etmək idi. Azərbaycan Ordusu canı-qanı bahasına bu məqsədə nail oldu və haqqı bərpa etdi.
Prezident İlham Əliyevin iki ordunu mənəvi kodeks baxımından müqayisə etməsini Ermənistanı xarakterizə etmək və iki ölkə arasındakı fərqləri bir daha vurğulamaq üçün bir yol xəritəsi də hesab etmək olar. Belə ki, bizim mənəvi kodeksimiz humanizm, tolerantlıq, qarşılıqlı anlayış, bütün dinlərə və millətlərə sevgi, qayğı və məhəbbətlə yanaşma üzərində qurulmuşdur. Bu hər bir azərbaycanlının fəxr etdiyi ən mühüm xüsusiyyətdir. Beləliklə, Ermənistanı Azərbaycandan ayıran ən böyük xüsusiyyət ondan ibarətdir ki, onlar girdikləri yeri söküb, dağıdıb, yerlə bir etməyi sevən, Azərbaycan xalqı isə tikməyi, qurmağı, əcdadlarımızdan bizə əmanət qalan tarixi abidələri qoruyub saxlamağı, onlara sahib çıxmağı özünə borc bilən bir millətdir. Azərbaycan əsgəri ildırım sürətli hücum taktikası ilə Qarabağı işğalçılardan təmizlədi, ancaq orada bir bina belə dağıdılmadı, zərər görmədi. Amma Ağdama, Füzuliyə, Qubadlıya və digər işğaldan azad olunmuş ərazilərimizə baxdıqda görürük ki, ermənilər 30 il ərzində orada hər hansı abadlıq-quruculuq işləri görmədiyi kimi, üstəlik də oradakı məntəqələri, yaşayış evlərini, ibadətgahları dağıdıb, daşı-daş üstündə qoymamışlar. Əlbəttə ki, bütün bunlar məqsədli idi. Düşmənin məqsədi isə o torpaqlardan Azərbaycanın izlərini silmək və torpaqlarımızı özününküləşdirmək idi. Ancaq 28 ildə mənfur düşmən nə qədər çalışsa da azərbaycanlıların izini silib Şuşanı özününküləşdirə bilmədi.
Sonda bir daha vurğulamaq istərdim ki, Vətən müharibəsindən sadəcə 5 aya yaxın bir müddət keçməsinə baxmayaraq Qarabağda bərpa işləri sürətlə aparılmaqdadır. Şübhə yoxdur ki, çox yaxın zamanda Qarabağın incisi olan Şuşa yenidən dünyaya günəş kimi doğacaq.
Şəbnəm Eldarova