"Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan ordusunun məğlubedilməzlik mifini dağıdaraq Böyük tarixi Qələbə qazandı. Azərbaycanın Vətən müharibəsində Qələbəsinin rəsmiləşməsindən bir gün sonra–2020-ci il noyabrın 11-də Müzəffər Ali Baş Komandan hərbçilərlə görüşündə düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu qeyd etmişdi. Dekabrın 10-da Zəfər paradında həmin texnikaların bir qismi nümayiş etdirilib. Möhtəşəm Qələbədən sonra Ordumuzun göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Ölkə Prezidenti cənab İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, Hərbi Qənimətlər Parkının salınması ilə bağlı təşəbbüs irəli sürüb". Bunu Diaspor info-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.
Deputatın sözlərinə görə, bildiyimiz kimi həmin parkın salınmasına 2021-ci ilin yanvar ayından başlanılıb və 5 hektar sahəsi olan Park Bakının Xətai rayonu ərazisində yerləşir: "Parkdakı eksponatların arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində "Qarabağ Azərbaycandır!" şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış "İsgəndər-M" raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir".
İ.Məmmədovun fikrincə, bütün bunların nəticəsidir ki, cənab Prezidentin həm diplomatik, həm də hərbi sahədə apardığı uğurlu islahatlar nəticəsində Ordumuz Ermənistanı məğlub edərək kapituliyasiyaya uğratmış,eyni zamanda Ölkəmizin Cənubi Qafqaz regionunun ən güclü dövlət olduğunu sübuta yetirib: "Vətən müharibəsi zamanı düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri yarıldı, hərbi resursları məhv edildi,uğurlu əməliyyatların davam etdirilməsi ilə düşmənin canlı qüvvələri sözün həqiqi mənasında, mövqelərini qoyub qaçırdılar. Məhz ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasındadır. Hərbi Qənimətlər Parkı sadəcə Vətən müharibəsində əldə etdiyimiz uğurları deyil, bununla yanaşı Azərbaycanın qalib Ölkə olduğunu bütün dünyaya çatdıran əyani sübut və mesajdır".