“30 ildən çox davam edən münaqişə artıq tarixə qovuşub. Öz torpaqlarını işğaldan azad edən Azərbaycan tərəfi hazırda doğma Qarabağ bölgəsində dinc quruculuq işləri ilə məşğuldur”. Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov deyib.
S.Əsədov bildirib ki, uzun illər erməni vandalizminə məruz qalan ərazilərdə bərpa və yenidənqurma işlərini qısa müddətdə həyata keçirmək üçün dövlətimiz qətiyyət nümayiş etdirir: “ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi olaraq vurğuladığı kimi, yaxın illərdə həmin ərazilər bərpa ediləcək. Dövlət başçısı onu da bildirib ki, ölkəmiz azad olunmuş ərazilərdə planlaşdırdığı işləri öz vəsaiti hesabına həyata keçirir. 3 il ərzində bütün əsas infrastruktur layihələri, o cümlədən dəmir yolu, avtomobil yolları, elektrik enerjisi istehsalı və su təchizatı layihələri başa çatdırılacaq”.
Partiya sədrinin sözlərinə görə, azad edilmiş ərazilərdə şəhər və kəndlərin bərpası üçün bütün işlər planlı şəkildə aparılır: “Çünki oraya qayıdacaq insanların lazımi yaşayış şəraiti ilə təmin edilməsi üçün əvvəlcə əsas infrastruktur layihələri həyata keçirilməlidir. Məlum olduğu kimi, Şuşa şəhəri başda olmaqla, əksər ərazilərin elektrik enerjisi ilə təminatı yönündə də mühüm işlər görülür. Eyni zamanda, elektrik enerjisi istehsalı üçün su elektrik stansiyalarının bərpası və qurulması işləri də aparılır. Yol infrastrukturunun yaradılması da sürətlə həyata keçirilir. Təbii ki, nəqliyyat-kommunikasiya işləri Naxçıvanla birbaşa əlaqənin təmin edilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin qətiyyətlə söylədiyi kimi, Zəngəzur dəhlizi mütləq istifadəyə veriləcək. Belə ki, Mehri bölgəsindən keçən 40 kilometrlik yolun inşasını ən geci iki il yarım müddətində başa çatdırmaq mümkündür”.