"ABŞ prezidentinin bəyənatını Amerika və Türkiyə kontekstində anlamaq lazımdır. Onların münasibəti illərdir ki, ziddiyətlidir". Bu sözləri Diaspor info-ya açıqlamasında politoloq Fərhad Məmmədov deyib.
Onun sözlərinə görə, yaşananlar həm keyfiyyət, həm də ziddiyətlər baxımından dərin və çoxdur: "ABŞ tərəfindən Suriyadakı kürd terrorçuların dəstəklənməsi, Türkiyənin Rusiyadan silah alması, Şərqi Aralıq dənizində Türkiyənin mövqeyi və digər məsələlər problemi gərginləşdirib. Həmçinin, ABŞ və Türkiyə NATO çərçivəsində müttəfiqdir və Avropa qitəsində ən güclü döyüşən orduya Türkiyə sahibdir. NATO çərçivəsində olan müttəfiqlik ABŞ üçün çox önəmlidir".
Politoloq sözlərinə belə davam edib: "Co Baydenin Rəcəb Tayyib Ərdoğana zəng etməsi təsadüfi deyildi. Bu da, Baydenlə Ərdoğanın iyunda olacaq görüşünə ABŞ tərəfindən ən zərərsiz təzyiq mexanizmidir. Zərərsizdir, ona görə ki, burada hər hansı bir sanksiyadan söhbət gedə bilməz, həmçinin, hərbi-siyasi və iqtisadi məsələ deyil. Bu tarixi məsələdir və Beyden Türkiyəyə mesaj ötürdü ki, Türkiyə nə qədər özünəməxsus xarici siyasət həyata keçirəcəksə, ABŞ da öz növbəsində belə addımlar atacaq. Əlbəttə bunlar, hər hansı bir siyasi, hüquqi və yaxud iqtisadi nəticələr verməyəcək. Lakin, simvolik olaraq ABŞ Türkiyədən narazılığını bu addımla bildirib".