"Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanda iqtisadi islahatların dərinləşməsi müşahidə olunur". Bu sözləri Diaspor info-ya verdiyi açıqlamasında iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov deyib.
Millət vəkilinin sözlərinə görə, nəzərə alaq ki, ölkə Prezidentinin təsdiq etdiyi Azərbaycanın 2030-ci il sosial-iqtisadi inkişaf prioritetlərində də məhz islahatların dərinləşməsi və xüsusən də qeyri-neft sektorunun inkişafının dəstəkləndirilməsi və gücləndirilməsi nəzərdə tutulub.
“Təbii ki, Azərbaycan həm də beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşmasına regional töhvə verən ölkələrdən biridir və xüsusən nəzərə alaq ki, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasında Azərbaycanın xüsusi tövhəsi var. Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasına regional dəstək verən, sərmayə qoyuluşu həyata keçirən ölkələrdəndir. Bu baxımdan bu nəqliyyat dəhlizləri nəticə etibarı ilə həm ölkəmiz, həm region üzərindən daşınan yüklərin artmasına imkan yaradır. Eyni zamanda bu imkan verir ki, Qərblə-Şərq arasında, Şimalla-Cənub arasındakı ticari əlaqələr, həm də region vasitəsilə həyata keçirsin. O baxımdan mövcud infrastruktur, islahatların dərinləşməsi və elektron xidmətlərdən daha çox istifadə olunması, şəffaflığın gücləndirilməsi Azərbaycan iqtisadiyyatına beynəlxalq marağın artması ilə yanaşı, eyni zamanda ölkəmizin regional geosiyasi mövqeyinin daha da gücləndirilməsinə gətirib çıxarır və praktiki olaraq Azərbaycan regionda iri lahiyələrin, bəziləri hətta qlobal əhəmiyyət daşıyan lahiyələrin təşəbbüskarı və eləcə də maliyyələşdirən ölkələrdən biridir.
Ona görə də Azərbaycan Prezidentinin rəhbərliyi ilə növbəti on ildə də islahatların dərinləşməsi, qeyri-neft sektorunun inkişafı, bununla da iqtisadi diversifikasiyanın güclənməsi gözlənilir və bu da nəticə etibarı ilə növbəti illərdə iqtisadi artım tempinin daha da gücləndirilməsini, xüsusən də işğaldan azad olunmuş ərazilərimizdə iqtisadiyyatın formalaşması nəticəsində Ümumi Daxili Məhsulda daha yüksək artımların əldə edilməsinə imkan yaradacaq”,-deyə Vüqar Bayramov bildirib.
Müəllif: İnam Hacıyev