ZƏNGƏZUR DƏHLİZİ AÇILDIQDAN SONRA DÜNYA AZƏRBAYCANIN AVROPASI OLAN NAXÇIVANI DAHA YAXŞI TANIYACAQ.
Bu gün Prezident İlham Əliyev hər hansı bir xarici həmkarı ilə Naxçıvanın istənilən dağ
kəndinə belə ürəklə gələ bilər və öz həmkarını heyran edəcək tikililərlə
onu tanış edə bilər.
Əlmaniz Ələkbərli.
Zəfərlə başa çatan Qarabağ müharibəsi, Azərbaycan dövlətini təkcə qüdrətli ordusu olan bir ölkə kimi dünyaya tanıtmadı. Bununla yanaşı, açılacaq Zəngəzur dəhlizi Avropa və Qərb ölkələrindən heç də geri qalmayan inkişafa sahib şəhərləri olan bir dövlət kimi də, Azərbaycanı dünyaya daha çox tanıdacaqdır.
Bəli, Şərqlə-Qərbi özündə sintez edən, daha çox qədim arxitekturanı qoruyub saxlamaqla yanaşı, müasir dövrün tələblərinə tam cavab verən yeni tikililəri ilə göz oxşayan, Naxçıvan MR-nı dünyaya təqdim etmək imkanlarımız daha da, artmağa başlamışdır. Cənab Prezident İlham Əliyevin qətiyyəti, müdrik və dahi şəxsiyyət, Heydər Əliyevin siyasi varisi kimi, onun peşəkarcasına apardığı daxili və xarici siyasəti, qüdrətli Azərbaycan ordusu və bu arada hamılıqla bir olan xalqımızın qətiyyəti sayəsində 44 günlük müharibəni qələbə ilə başa vurduq.
Bu qələbə təkcə bizə itirilmiş torpaqlarımızı, qürurumuzu geri qaytarmadı, bununla yanaşı, həm də, yeni kommunikasiya xətləri, əsasən də, Naxçıvanla Azərbaycanın digər şəhərləri arasında quru yolun açılmasına da, səbəb oldu. Zəngəzur dəhlizi açılan zaman təkcə Azərbaycan, Türkiyə və digər dövlətlərin iqtisadiyyatına xeyir gətirməsi ilə dəyərli olmayacaqdır. Sözügedən dəhliz həm də, Naxçıvanın blokada şəraitində olmasına baxmayaraq, istənilən Avropa şəhəri ilə müqayisə ediləcək səviyyədə inkişaf etmiş bir Muxtar Respublika olduğunu da, dünyaya göstərəcəkdir.
Naxçıvana ilk qədəm qoyan əcnəbi dağlar qoynunda yerləşən məkana heyran olacaqdır. Belə ki, dünyanı gəzən bir jurnalist kimi deyə bilərəm ki, Naxçıvan həqiqətən də, tam fərqli bir yerdir. Dünyada gözəl şəhərlər çoxdur, ancaq onların əksəriyyəti ya tamamilə qədimi arxitekturası ilə seçilir, ya da ki, yeni, müasir göydələnləri ilə göz oxşayır. Bəs Naxçıvan nəyi ilə fərqlidir? Naxçıvan Nuhun diyarı olmaqla, Əcəmi seyrəngahı, Şərq arxitekturasına malik Mömünəxatun və Qarabağlar türbəsi ilə yanaşı, müasir dövrün tələblərinə uyğun Ağbulaq, saat meydanı və s. kimi müasir tikililəri ilə hər yerdən seçilir. Əcnəbinin bir anlıq qədimi tikililərin, Şərq arxitekturasının sehirində olduğu zaman, müasirliyə qovuşması üçün yolun digər kənarına keçməsi kifayətdir ki, özünü Qərbdə hiss etsin. Bu inkişaf üçün, Şərq arxitekturasına xələl gətirilməsinə icazə verməyən və doğma Naxçıvanımızı göz bəbəyi kimi qoruyan, müasir tikililəri necə gəldi və harada gəldi yox, yalnız ardıcıllıqla aparan bir rəhbərə, Naxçıvan Ali məclisinin Sədri Vasif Talıbov cənablarına hamılıqla minnətdarıq. Cənab Sədrin göstərişi ilə hələ illər öncə Naxçıvanda salınan müasir tələblərə cavab verən avtomagistral yollar və həmin yolların kənarında min bir əziyyətlə salınan yaşıllıq, sanki bu günə hesablanmışdır. Naxçıvanın yaşayış binalarının təmiri, salınan müasir parklar, əyləncə mərkəzləri də, uzaqgörən siyasət idi. Deməli, Cənab Sədrimiz əvvəlcədən Naxçıvanın qədim zamanlarda olduğu kimi Şərqlə-Qərbin birləşməsində böyük rol oynayacağını bilirdi. Odur ki, Zəngəzur dəhlizinin açılmasına sanki Naxçıvan on illərdir hazırlaşırmış kimi daha da, müasirləşdi. Bu gün Naxçıvan, ilk əcnəbi qonağını qarşılayacaq, bir neçə dildə sərbəst danışan sərhədçisi, gömrük işçisi və müasir polisi ilə dünyaya Naxçıvanın bir Avropa şəhəri olduğunu sübut edəcəkdir.
Naxçıvan blokadada olmasına baxmayaraq, bütün sahələrdə, Azərbaycanın dünyaya göstərə biləcək ən inkişaf etmiş bölgəsidir desək, yanılmarıq.
Heç kimə sirr deyil ki, şərəfsiz qonşularımız Naxçıvanı uzun illər blokadada saxlayıb. Naxçıvanın demək olar ki, bütün infrastrukturu tamamilə məhv olmuşdur, hətta elektrik enerjisi, qazı kəsilmişdir. Naxçıvanı həmin dözülməz vəziyyətlərdən çıxararaq, bu günümüzə, müasir Naxçıvan edən və bu yolda öz səhhətinə belə qıymayan, Heydər Əliyev kimi dahi şəxsiyyətin yanında təcrübə keçən və onun əlaçı şagirdlərindən olan Vasif Talıbov cənablarının xidmətləri misilsizdir.
Naxçıvanı fərqləndirən ən böyük hallardan biri də, harada olmasından və həcmindən asılı olmayaraq, aparılan işlərin nizam-intizamla, eyni qaydada olmasıdır. Bu o deməkdir ki, ən ucqar kənddə belə məktəb tikilirsə onun Naxçıvan şəhərində tikilən məktəblə müasirlik baxımından heç bir fərqi yoxdur. Bu ona görədir ki, burada görülən işlər göstərmək xətrinə edilmir. Bunun özü də, Cənab Prezidentə sədaqət nümunəsidir. Bu gün Prezident İlham Əliyev hər hansı bir xarici həmkarı ilə Naxçıvanın istənilən dağ kəndinə belə ürəklə gələ bilər və öz həmkarını heyran edəcək tikililərlə onu tanış edə bilər.
Bütün bu işlərdə Cənab Sədrimizin böyük xidmətləri var və bu işləri sadə vətəndaşdan başlamış, Dövlət başçısına kimi hamı bilir.
Naxçıvan ərənlər yurdu kimi qüdrətli orduya da, sahibdir. Bunu Zəfərlə başa çatan “İkinci Qarabağ müharibəsində” Naxçıvandan Qarabağa gəlmiş əsgər və zabitlərimiz öz qəhrəmanlıqları ilə bir daha sübut etdilər.
Bəli, açılacaq Zəngəzur dəhlizi təkcə Naxçıvanın iqtisadiyyatına xeyir verməyəcəkdir, o həm də, siyasi cəhətdən ölkəmizə xeyir verəcəkdir. Belə ki, Şərq və Qərb mədəniyyətini özündə birləşdirən Muxtar Respublikanı dünyaya göstərməklə Azərbaycanın inkişaf etmiş, müasir bir Dövlət olduğunu bir daha sübut edəcəkdir.
ƏLMANİZ ƏLƏKBƏRLİ.
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.