ABŞ Dövlət katibi Entoni Blinken, ABŞ və Rusiya Federasiyası prezidentləri Co Bayden və Vladimir Putin arasında üz-üzə ola biləcək bir söhbətin ölkələrə fayda gətirəcəyini söyləyib. Diaspor info xəbər verir ki, bu sözləri Blinken "Financial Times"-a verdiyi müsahibəsində deyib.
"İki prezidentin birbaşa üz-üzə danışa bilməsinin də faydalı olduğunu düşünürəm", deyə Blinken bildirib.
Diqqətə çatdıraq ki, Bayden daha əvvəl Putini bu yay Avropada keçiriləcək ikitərəfli sammitə dəvət etmişdi.
Blinken ABŞ-ın Rusiya Federasiyası ilə "daha çox proqnozlaşdırıla bilən" münasibətlərə üstünlük verdiyini və gərginləşmə istəmədiyini, ancaq "ehtiyatsız və aqressiv hərəkətlərə" cavab verməyə hazır olduğu barədə əvvəllər bildirilən mövqeyini təkrarlayıb. O, ölkələrin strateji sabitlik kimi bir sıra məsələlərdə əməkdaşlıq edə biləcəyini də bildirib.
"Prezident Bayden dəqiq və birbaşa danışmağın vacib olduğuna inanır və bunun ən yaxşı yollarından biri də üz-üzə görüşməkdir", deyə Blinken əlavə edib.
Xatırladaq ki, Rusiya ilə ABŞ arasında münasibətlər gərginləşməkdə davam edir. ABŞ qarşı tərəfə ittihamlar səsləndirir, hətta sanksiyalar tətbiq edir. Bu gərgin münasibətlər fonunda ABŞ prezidenti Co Bayden hər iki ölkə rəhbərinin iştirakı ilə görüşün keçirilməsi təklifi edib və bu təklifə Rusiya tərəfi də öz münasibətlərini gizlətməyib. Hazırda ABŞ Dövlət katibi Entoni Blinken də bu barədə öz fikirlərini bildirməyi münasib hesab edib.
Müəllif: İnam Hacıyev