Prezident İlham Əliyev: “Biz işğaldan azad olunan ərazilərdə dost ölkələrdən olan şirkətlərlə çalışacağıq”
Ötən ilin payızında torpaqlarımızın işğaldan azad edilməsi ilə bütün dünya Azərbaycanın döyüş meydanındakı hərbi qələbəsinə şahidlik etdi. Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu cəmi 44 gün müddətində Ermənistana elə bir zərbə vurdu ki, tarix boyu işğalçılar bunu unuda bilməyəcəklər. Bu zəfərimizə dostlarımız sevindi, bədxahların və erməni təəssübkeşlərinin isə bağrı yarıldı. Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində ikinci erməni dövləti qurmaq iddiasına birdəfəlik son qoyuldu. Beləliklə, həm Azərbaycan dövləti özünün ərazi bütövlüyünü bərpa etdi, həm də Dağlıq Qarabağ problemini özünün milli maraqları çərçivəsində yoluna qoydu.
Qələbə erməni barbarlığını dünyaya olduğu kimi çatdırmağa imkan verdi
Torpaqlarımızın işğaldan azad olunmasından sonra dünya başqa bir reallığa da şahidlik etdi. Belə ki, şəhər və kəndlərimiz azad olunduqca əyani şəkildə aydın oldu ki, işğalçı yaşayış məntəqələrimizdə daşı daş üstə qoymayıb. Əslində, Ermənistanın işğal etdiyi ərazilərimizi viran qoyması əvvəldən də məlum idi. Sadəcə, həmin ərazilər düşmənin nəzarətində olduğundan bununla bağlı faktları dünyaya çatdırmaq mümkün deyildi. Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Ağdamın, Şuşanın, Kəlbəcərin işğaldan azad olunması erməni vandallığını olduğu kimi dünyaya çatdırmağa imkan verdi.
Bəli, müharibə həm də dağıntı deməkdir. Amma Dağlıq Qarabağ savaşında dağıntıların yeganə müəllifləri erməni işğalçıları oldular. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır və biz heç vaxt bu ərazini dağıda və ya yandıra bilməzdik. Hətta Şuşanın işğaldan azad olunması əməliyyatında Azərbaycan Ordusu şəhərə maddi ziyan dəyməməsi üçün bütün imkanları səfərbər etdi, hücum zamanı şəhəri ağır hərbi texnikadan, toplardan atəşə tutmadı. Çünki biz Şuşanı dağıda bilməzdik.
Ulu tarixin sübuta yetirdiyi başqa məsələlər də var. Belə ki, tarix boyu müharibə zamanı şəhərləri dağıdanlar, vandallığa yol verənlər, mədəniyyətə qənim kəsilənlər həmişə mədəni şüur səviyyəsi aşağı olan xalqlar olublar. Qədim romalılar onlara “barbar” deyirdilər, hansı ki, onlar Romanı dağıdıb yandırmışdılar. Bu gün isə müharibə, milli, dini, irqi ayrı-seçkilik və aparteid siyasəti yeridənlər, mədəni sərvətləri dağıdanlar da məcazi mənada barbarlar adlandırılır. Bu mənada erməni işğalçıları müasir dövrümüzün barbarlarıdır. Çünki onların Azərbaycana qarşı işğalçılığını və 30 ilə yaxın müddətdə torpaqlarımızda törətdikləri barbarlıqdan başqa bir şey deyil. Tarixi, milli-mədəni və mənəvi abidələrimizi dağıdan, xalqımızın bu torpaqlardakı izini itirməyə çalışan, Azərbaycana qarşı kompleks soyqırımı siyasəti həyata keçirən bir işğalçını başqa cür adlandırmaq da mümkün deyil.
“İşğaldan azad olunan ərazilərin bərpasına yalnız dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik”
“Biz Qarabağda işğaldan azad olunmuş ərazilərin bərpasında bir sıra istiqamətlər üzrə - həm şəhərsalma, həm infrastrukturun yaradılması, kənd təsərrüfatının inkişafı sahələrində Belarus şirkətlərinin gələcək iştirakı ilə bağlı məsələləri ətraflı müzakirə etdik. Biz dünən də, bu gün də Belarusun aqroşəhərciklər yaradılması sahəsində təcrübəsini geniş müzakirə etdik. Mən Aleksandr Qriqoryeviçə məlumat verdim ki, Qarabağ “yaşıl enerji” zonası elan edilib və birinci “ağıllı kənd” layihəsi praktiki olaraq həyata keçirilməyə hazırdır. Əlbəttə, bu sahədə Belarusun təcrübəsi nəzərə alınmaqla bu istiqamətdə işləmək çox maraqlı olardı”. Bunu Prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra mətbuata açıqlamasında deyib.
Dövlət başçısı bildirib ki, ərazilərin bərpası işlərinə yalnız dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik: “Belarus da Azərbaycan üçün belə ölkədir. Qarabağın bərpası layihələrində üç dost ölkədən olan şirkətlər artıq işləyirlər. Ümidvarıq ki, dördüncü ölkə Belarus olacaq. Biz bu sahədə məsləhətləşmələri davam etdirmək üçün Azərbaycan hökumətinin üzvlərinin Belarusa səfərləri barədə artıq razılıq əldə etmişik”.
Azərbaycan Prezidenti əlavə edib ki, sənaye kooperasiyası bizim münasibətlərin çox böyük seqmentidir: “Hökumətlərarası komissiyanın həmsədrləri layihələrin uğurla həyata keçirilməsi barədə bizə məruzə ediblər. Aleksandr Qriqoryeviç ilə biz bu layihəni Belarus traktorlarının yığılmasından başladıq, sonra başqa istehsalatlara –avtomobillər, yük maşınları, kombaynlar, avtobuslar və bizim “Yaşıl Qarabağ zonası” konsepsiyası çərçivəsində işimizə çox yarayacaq elektrobuslar istehsalını da nəzərdə tuturuq. Alternativ enerji mənbələri yaradılmasında Belarus şirkətlərinin iştirakı ilə bağlı məsələləri də müzakirə etdik. Bir sözlə, görüləsi işlər çoxdur. Mən bu gün də, dünən də qonaqlara dedim ki, erməni işğalından azad edilmiş ərazilərin sahəsi Lüksemburqdan dörd dəfə böyükdür. İşin həcmini təsəvvür edə bilərsiniz. Bu ərazidə hər şey dağıdılıb”
“Müharibədən və qələbəmizdən sonra dəfələrlə qeyd etdiyim kimi, bizimlə işləmək üçün dost ölkələrdən şirkətlər dəvət edəcəyik”
Prezident İlham Əliyev aprelin 26-da Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən “Ağıllı kənd” pilot layihəsinin təməlqoyma mərasimində xarici şirkət nümayəndələri ilə videoformatda söhbətində bildirib. ki, bu, işğaldan azad edilmiş ərazilərdə ilk pilot layihədir: “Ona görə də, qeyd etmək istəyirəm ki, biz buna xüsusi diqqət yetiririk. Bu layihənin uğurlu icrası sözsüz ki, bizim əraziləri mümkün qədər tez bir zamanda dirçəltmək və bərpa etməklə bağlı güclü iradəmizi nümayiş etdirəcək. Müharibədən və qələbəmizdən sonra dəfələrlə qeyd etdiyim kimi, bizimlə işləmək üçün dost ölkələrdən şirkətlər dəvət edəcəyik”.
Prezident deyib ki, bu gün İsrail şirkəti, İtaliya şirkəti, Azərbaycanın iki dost ölkəsindən olan şirkətlər bu mühüm layihəyə qoşulur: “Bizim beynəlxalq əməkdaşlığımız var. Türkiyədən, Çindən, İsraildən, İtaliyadan olan şirkətlər var, hamısı dost ölkələrdir. Bu, həqiqətən də yaxşı beynəlxalq əməkdaşlıqdır və mən əminəm ki, bu, sadəcə olaraq, ilk addımdır. Bu layihənin uğurlu icrası sözsüz, bizə imkan verəcək ki, bu təcrübədən Qarabağın digər yerlərində istifadə edək. Çünki biz yüzlərlə kənd, qəsəbə və şəhərləri bərpa etməliyik”. Prezident İlham Əliyev onu da bildirib ki, erməni faşistlərinin yerlə yeksan etdiyi şəhər və kəndlərimizi yenidən qurmağa Azərbaycanın həm maddi vəsaiti, həm siyasi iradəsi var. Vətən müharibəsindəki Qələbəmizdən sonra Prezident dəfələrlə qeyd edib ki, düşmənin dağıtdığı evlərin və genişmiqyaslı infrastrukturun bərpası işlərinə dost ölkələrdən də şirkətlər dəvət olunacaq. Dövlət başçısı bu dəfə Zəngilanda bir daha bildirib ki, layihələrimizə Türkiyədən, Çindən, İsraildən, İtaliyadan olan şirkətlər qoşulub. Bizim artıq azad edilmiş ərazilərin yenidən qurulması sahəsində də beynəlxalq əməkdaşlığımız var. Bu, ilk addımdır və “Ağıllı kənd” layihəsinin uğurlu icrası sözsüz imkan verəcək ki, həmin təcrübədən Qarabağın digər yerlərində istifadə olunsun. Çünki biz, Prezidentimizin vurğuladığı kimi, yüzlərlə kənd, qəsəbə və şəhəri bərpa etməliyik. Beləliklə, erməni faşistlərinin işğalçılıq siyasəti nəticəsində dağıdılmış kəndlərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanıb.
Bir sözlə, Zəfərimizin müəllifi olan Prezident İlham Əliyev Qarabağ bölgəsinin yüksəlişini təmin edəcək. Bütün çətinliklərə, beynəlxalq ədalətsizliyə mətinliklə sinə gərən Azərbaycan dövləti inamla torpaqlarını azad etdiyi kimi, həm də erməni vandallığının qurbanı olan bütün şəhər və kəndlərini yenidən quracaq və dirçəldəcək. İşğaldan azad edilmiş rayonlarımıza, bütün Qarabağa yeni nəfəs veriləcək, bu torpaqlarda həyat qaynayacaq, dünya Azərbaycan xalqının quruculuq əzminin şahidi olacaq.
RƏFİQƏ KAMALQIZI