“Ümumiyyətlə, ATƏT-in Minsk qrupu mövcud olduğu dövrdə Ermənitan-Azərbaycan münaqişəsinin həllinə heç bir şəkildə töhfə verə bilməyib. Nəinki, işğal edilmiş torpaqların azad edilməsi, həm də xalqlar arasında etimad yaradılması, atəşkəs rejiminə davamlı şəkildə əməl edilməsi baxımından da ATƏT-in Minsk qrupu heç bir irəliləyişə nail ola bilməyib. Təbii ki, onların bütün bu illər ərzindəki fəaliyyəti nəticəsiz olub. Bu isə o deməkdir ki, onlara xərclənən pullar boşa gedib. Yəni, belə mənasız işlərlə məşğul olan həmsədrlik institutu ləğv edilməlidir. Azərbaycan bütün dövrlərdə bu məsələdə təmkin nümayiş etdirsə də ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini istər rəsmi şəkildə, istərsə də vətəndaş cəmiyyəti səviyyəsində tənqid edib”. Bu sözləri Diaspor info-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, bu gün onların müzakirə aparıb münaqişənin həllinə töhfə vermək haqqında danışması sadəcə mənasızdır: “Çünki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev açıq şəkildə bəyan edib ki, Ermənistan-Azərbaycan münaqişəsi sona çatıb və Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Azərbaycan öz torpaqları üzərində suveren hüquqlarını bərpa edib. Yəni, burada bizə nəyi isə həll etməyə kənar adam lazım deyil. Sadəcə olaraq, bizim torpaqlarımızda bir ovuc erməni vətəndaşı qalır ki, onların inteqrasiyası həyata keçirilməlidir. Əlbəttə ki, inteqrasiya məsələsinə töhfə vermək istəyənlər də olacaq. Erməni vətəndaşlar birmənalı şəkildə Azərbaycan Konstitusiyası altında Azərbaycan vətəndaşı kimi yaşamağı qəbul etməlidir. Bu məsələyə kimsə töhfə vermək istəyirsə, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya və Fransa bir şey edə biləcəklərsə, buyursunlar. Amma münaqişənin həlli kimi ifadələr işlətmək yersiz və əsassızdır. Çünki, münaqişə deyə bir şey yoxdur. Ermənistanla Azərbaycan arasında həll edilməmiş məsələlər olsa da, burada Azərbaycandan asılı birşey yoxdur. Fransa və Rusiya gedib Ermənistanla danışsınlar və onlara izah etsinlər ki, Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımaq lazımdır. Azərbaycan tərəfinin belə bir vasitəçiliyə əsla ehtiyacı yoxdur. Məsələ kökündən həll edilib. Sadəcə olaraq, bəlli bir müddət lazımdır ki, ermənilər Azərbaycan cəmiyyətinə inteqrasiya olunsunlar və ordakı bəzi məsələlər hüquqi həllini tapsın. Nəticədə, Xankəndi mərkəz olmaqla, azərbaycanlı məcburi köçkünlər öz evlərinə qayıtsınlar. Bununla da problem kökündən həll ediləcək. Bu bizim daxili işimizdir və ATƏT-in Minsk qrupunun həll edəcəyi məsələ deyil. Zatən bu qrup özünün bacarıqsızlığını illərdir göstərib”.
Ayşən Vəli