“Milli məclisə təqdim olunan yeni qanun layihəsi ilə bağlı məsələ sosial şəbəkələrdə müzakirə olunur”. Bu sözləri Diaspor info-ya açıqlamasında ilahiyyatçı alim Hacı Şahin Həsənli deyib.
Onun sözlərinə görə "Dini etiqad və vicdan azadlığı" sosial şəbəkələrdə bir qədər fərqli şəkildə başa düşülürdü: “Həmin bu qanun layihəsinə sonradan millət vəkili Ceyhun Məmmədov aydınlıq gətirdi və nisbətən mövzu aydınlaşdı. Məlum olduğu kimi inanclı və dindar insanlar öz övladlarını iman dini dəyərlər əsasında tərbiyə etməyə can atır və dinimizdə bizə övladlarımıza dini dəyərləri aşılamağı tövsiyə edir. Təbii ki, ailələrdə əsrlər boyu bizim dini dəyərlərimiz elə tərbiyə vasitəsilə aşılanıb və formalaşıb. Qanun övladlara dini tərbiyə etməyi qadağan etmir. Bu tamamilə yalnış bir yoldur və yalnış anlaşılmadır. Dini tərbiyə heç bir vaxt qadağan oluna bilməz və burada bəzi qeyri-ənənəvi cərəyanların, radikal cərəyanların, hətta islamdan kənar olan cərəyanların zorakılıq tətbiq etməsi, uşaqlara psixi və fiziki təzyiq göstərməsi nəzərdə tutulur. Bu məsələ ancaq bu şəkildə anlaşıla bilər".
Hacı Şahin həmçinin qeyd edib ki, burada bizim ənənəvi dini dəyərlərimiz nəzərdə tutulmur: “Bizim ənənəvi dəyərlərimizində insan psixasına və uşağın psixologiyasına, durumuna və sağlamlığına heç bir zərər olmaz. Əksinə xeyri olar. Bu qanun layihəsində deyilən məsələlər qeyd etdiyim cərəyanlara yönəlir. Fikrimcə, uşaqları 7 yaşından təhsilə və müəyyən ədəb qaydalarına riayət etməsini məcbur edirik. Məcburluq zorakılıq demək deyil. Bəzi insan psixologiyasına zərərli olan ayinlərdən söhbət gedir ki, bizim dinimizdə belə ayinlər yoxdur. Ona görə heç bir valideyn övladlarına dini tərbiyə verməsini qadağan edə bilməz. Ümumiyyətlə belə bir qadağa Azərbaycanda yoxdur. Sadəcə olaraq insanlar anlamalıdırlar ki, bu qanun kimlərə və hansı hallara qarşı yönəlib və kimlərsə bu qanunu düzgün anlamır və ya sui-istifadə edir".
Qönçə Quliyeva