Avropa Komissiyası koronavirus pandemiyasından zərər çəkmiş Estoniyanın turizm və pərakəndə ticarət sahələrində fəaliyyət göstərən şirkətlərinə maliyyə yardımının göstərilməsi üzrə planı təsdiqləyib.
Diaspor info Estoniya mətbuatına istinadla xəbər verir ki, təsdiqlənmiş plana əsasən yardım məbləği 44 milyon avro təşkil edib. Vəsait birbaşa qrant şəklində ödəniləcək.
Bildirilib ki, Avropa Komissiyasının yardımı koronavirus pandemiyasından ciddi şəkildə zərər çəkmiş, xüsusilə, turizm, otel sahəsində xidmət göstərən şirkətlər, spa və hovuz mərkəzlərinə aiddir. Dəstəyin məqsədi müvafiq şirkətlərin pandemiya dövründə və pandemiyadan sonra fəaliyyətlərini davam etdirmələrini təmin etməkdən ibarətdir.
Qeyd edilib ki, hər bir şirkətə ödəniləcək vəsaitlərin maksimum məbləği 1,8 milyon avro təşkil edəcək və vəsaitlər bu ilin sonundan gec olmayaraq ödəniləcək.