Ermənistan ağır vəziyyətdədir və müharibədən məğlub ayrıldıqdan sonra özünə gələ bilmir, problemləri artır, sosial-iqtisadi vəziyyəti də gərgindir və bu vəziyyətdə Azərbaycan yenə də haqq işini davam etdirir, sərhədlərini müəyyənləşdirir ki, bu da Ermənistanda qorxu yaradıb. Bu sözləri Diaspor info-ya verdiyi açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Mərkəzin rəhbəri qeyd edib ki, ermənilər təxribatlara da baş vurmaq istəyirlər, amma bu da alınmır.
“Emənilər Rusiyaya yalvarırlar, amma Rusiya da bu prosesə haqlı olaraq qarışmaq istəmir. Bildirilir ki, bu iki dövlət arasında sərhəddin müəyyənləşdirilməsinə qarışa bilməzlər. İndi də Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından dəstək ala bilmədiyinə görə üzünü Qərbə çevirib. O, indi də Fransaya Makronla görüşə gedib. Yəqin ad gününü Makronla birgə keçirəcək. Ermənistanda bu cür ağır vəziyyət var, bu ölkə 20 gündən sonra seçkiyə gedir, faktlar ortaya çıxır ki, ölmüş erməni əsgərlərinin cəsədləri hələ də buz dolablarında saxlanılır və belə bir ağır vəziyyətdə Paşinyan kef məclisinə gedir və yəqin, Makrondan, Qərb ölkələrindən dəstək istəyəcək. Bu isə Paşinyanın Rusiya ilə münasibətlərini daha da soyudacaq, gərginləşdirəcək, Qərbdən də kifayət qədər dəstək ala bilməyəcək. O, hər ikisindən məhrum olacaq.
Bizim üçün fərq etmir Ermənistanda nə baş verəcək. Biz öz işimizi davam etdirməli, Qarabağda nəzarəti bərpa etməli, qalan hədəflərə də çatmalı, sərhəddimizi müəyyənləşdirməli və Zəngəzur dəhlizinin inşasını sürətləndirməliyik. Bu yəqin ki, Ermənistanda Parlament seçkilərinə qədər baş verməyəcək, amma seçkidən sonra hansı hökumət qurulacaqsa, biz bunu tələb etməliyik. İki bəyənat var və Rusiyadan da bu tələb olunmalıdır. Rusiya da regional layihələrin, dəmir yolunun işə düşməsinə maraqlıdır.
Yəni, Ermənistan kimi seçəcək, nə vaxt seçəcək, bu onların özlərinin işidir, biz qarışmırıq. Bizim özümüzün milli və təhlükəsizlik maraqlarımız var ki, biz öz maraqlarımızı təmin etmək istiqamətində addımlarımızı və siyasətimizi sadəcə davam etdirməliyik”, deyə Elxan Şahinoğlu bildirib.
Müəllif: İnam Hacıyev