Məlum olduğu kimi, Ermənistanda parlament seçkilərinə sayılı günlər qalır. Doğrudur, bəzi istisnalara baxmayaraq, hazırda ölkədə rəsmi olaraq seçki kampaniyası başlamasa da, amma keçmiş prezident Robert Koçaryanın komandası, artıq “qələbə”sini qeyd etməyə hazırlaşır. Məsələ bundadır ki, bu gün Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan “böyük əminliklə” qarşıdakı seçkilərdə qalib kimi, Nikol və onun komandasının erməni parlamentindən qovacaqların bildirir. Özü də böyük əminliklə...
Bu gün Nikolun yenidən xalqa yalanlar vəd edib hakimiyyətdə qalacağını deyən bəzi ermənilər, Soqomonyana görə, sadəcə olaraq, erməni xalqına hörmət etməyən insanlardırlar. Ofis rəhbərinin fikrincə, əgər sabah “nikolsevərlər” hər hansı bir prinsiplərdən çıxış edərək yenidən Paşinyana səs versələr belə, Nikolun seçkiləri qazanmaq şansı yoxdur.
Soqomonyan, Koçaryanın rəhbərlik etdiyi “Hayastan” blokunun heç bir halda Paşinyan və onu dəstəkləyən qüvvələrlə əməkdaşlıq etməyəcəyini də bildirib. Qeyd edək ki, Soqomonyan təmsil etdiyi blokun seçkilərə qatılacaq hökumət əleyhinə qüvvələrdən hər hansı biri ilə koalisiya qurulması mümkünlüyünü də istisna etməyib.
Soqomonyan bunun əsas fərqlərin olmayacağı təqdirdə baş tuta biləcəyini bildirir.
Qabaqdangəlmişlik edib, parlamentdəki gələcək vəziyyətdən danışan Soqomonyan, seçki kampaniyasının hələ başlamadığını, buna görə də indi hər hansı bir proqnoz verməyin çətin olduğunu qeyd edib. Buna baxmayaraq, o, Paşinyanın parlamentə girəcəyi təqdirdə belə, onun yeni hökumət formalaşdırmaqda çətinlik çəkəcəyini də bildirib.
Yeri gəlmişkən, “Robert səlahiyyətlisi” Nikol Paşinyanın bir müddət bundan əvvəl Levon Ter-Petrosyan və Robert Koçaryanı teledebata çağırışına da münasibət bildirib.
Belə görünür ki, Koçaryanı “siyasətçi kimi” “göylərə qaldırmağa” çalışan ofis rəhbəri, nədənsə, “təbliğ” etdiyi rəhbərinin hazırda Ermənistanda elə də böyük bir imicə sahib olmadığını demir. Əksinə, sahibi ilə baş tutmayan teledebatın forma baxımından maraqlı ola biləcəyini gizlətməsə də, amma Köçəryanın “uğursuz bir adamla”, yəni Paşinyanla müzakirəyə vaxt sərf etməsini “münasib bilmir”.
...Deməli, Soqomonyanın dediklərindən bu qənaətə gəlmək olur ki, Robert Koçaryan erməni xalqı üçün “Tanrının bəxş etdiyi ən ümdə vergi”lərdən biridir. Qeyd edim ki, Soqomonyan bunu havadan demir a.., əlində daşdan keçən “sübutlar” da var. Məsələn, Soqomonyanın dediyinə görə, Koçaryan hakimiyyətdə olduğu 10 il ərzində (1998 -2008-ci illər) Ermənistanın “hərbi qüdrətini” “göylərə” qaldırıb. Məhz, elə Robertin hakimiyyətdə olduğu illərdə bütün qonşu dövlətlər ermənilərə “həsəd aparırımış”. Təsəvvür edirsinizmi, Robertin prezidentlik müddətinin bitməsindən bir il sonra belə, Ermənistan hərbi-texniki baxımdan Azərbaycanı üstələyirmiş.
...Soqomonyan Serj Sarkisyandan “ayıb olar” deyə, bəzi nüansları dilə gətirməsə də, amma o, ermənilərin silah-sursat arsenalındakı tarazlığın, məhz Serjin vaxtından başlayaraq əyilməyə doğru getdiyini eyhamla da olsa bildirir.
...Belə başa düşülür ki, Ermənistan prezidentləri arasında Serj Sarkisyanla müqayisədə Robert Koçaryan daha “uzaqgörən siyasətçi” olub deyə, bu da seçki vaxtı seçicilərin nəzərindən qaçmamalıdır.
Ağasəf Babayev