"İyun ayının 10-dan məscidlərdə ibadətə müəyyən say miqdarında icazə veriləcək". Bu sözləri Diaspor info-ya açıqlamasında Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.
Onun sözlərinə görə, böyük məscidlərdə 50 nəfər, kiçik məscidlərdə isə bu rəqəmin 50 % miqdarında insanın ibadətinə icazə veriləcək: “Təbii ki, burada müəyyən şərtlər tələb olunur. Məscidə gələn insanlar mütləq şəkildə dezinfeksiya olunmalıdır. Məscid daxil olmazdan əvvəl hərarət yoxlanılmalı və məscid daxilində maskadan istifadə edilməlidir. Namaz qılarkən 1 metr yarım ara məsafəsi gözlənilməlidir. Bununla bərabər məscidə gələn insanlar covid pasportu ilə gəlməlidirlər”.
Fuad Nurullayev həmçinin qeyd edib ki, 14 yaşına qədər olan uşaqların məscidə gətirilməsi tövsiyə olunmur. “Məscidə gələnlər öz sağlamlıqları üçün dəstamazlarını alıb gəlmələri tövsiyə olunur. Ümid varıq ki, biz bu qaydalara əməl etsək tamamilə virus səngəyəndən sonra möminlərimiz, insanlarımız məscidlərdə rahat şəkildə ibadətlərini edə biləcəklər. Hələ ki, kütləvi şəkildə yığışmaq qadağaları var. Toyların və ya hüzr məclislərinin keçirilməsinə icazə verilmir. İstisna hal olaraq bu gün məscidlərə müəyyən şərtlərə əməl edərək ibadət etməyə icazə verilir”.
Arzu Elsevərqızı