Cənubi Qafqazda Türkiyə, Rusiya və Azərbaycan əməkdaşlığı strateji xətdən növbəti münbit mərhələyə keçid alır
Postmüharibə dövründə Ermənistandakı vəziyyət ilk olaraq belə nəticəyə gəlməyə imkan verir ki, bu ölkənin hərbi-siyasi ekspert dairələri, xüsusilə revanşist hissəsi ermənilərin “xoşbəxt gələcək” ümidlərini özlərinin iqtisadi, siyasi, ya da intellektual resursları hesabına deyil, məhz bilavasitə xarici dəstəyin hesabına əldə ediləcəyini bildirirlər. Özü də ermənilərin ikinci rezerv faktorunda İrəvana hərbi, maliyyə və s. dəstək gözləntiləri yalnız Rusiyadan, ABŞ-dan, Aİ ölkələrindən, əsasən də Fransadan deyil, həm də naəlac şəkildə gözlədikləri yeni regional kataklizmlərindən ibarətdir. Əsasən, onlar qısa zamanda Rusiya ilə Türkiyə arasındakı münasibətlərin pozulmasına ümid etməkdədirlər. Halbuki, erməni tərəfinin bu gözləntiləri adıçəkilən ölkələr arasındakı münasibətlərin möhkəmlənməsi ilə puç olmaqdadır. Hətta son on ildə Rusiya-Türkiyə münasibətləri elə bir inkişaf həddinə çatıb ki, artıq bu amil onun strateji partnyorluq həddinə yetişdiyini də göstərməkdədir.
Həm Moskva, həm də Ankara regional sülhün və ədalətli seçimin yanında dayandılar və bu reallıq erməni siyasi analitiklərinə zərbə vurdu
Digər tərəfdən, erməni strateqlərini daha bir fakt da rahat buraxmır və bu fakt Cənubi Qafqazın təhlükəsizliyi ilə birbaşa əlaqəlidir. Xüsusilə, 44 günlük müharibədə Azərbaycanın Silahlı Qüvvələri Ermənistanın işğalçı ordusunu məhv edərkən, eləcə də sonrakı proseslərdə həm Moskva, həm də Ankara regional sülhün və ədalətli seçimin yanında dayandılar və bu reallıq erməni siyasi analitiklərinə zərbə vurdu. Bütövlükdə hər iki ölkənin birgə səyləri, eləcə də sülhməramlılıq missiyası çərçivəsində paralel mərkəzdə yer almaları, atəşkəsə nəzarətetmə mexanizmlərini həyata keçirmələri, bu mərkəzin erməni işğalından azad olunmuş Ağdam rayonu ərazisindəki fəaliyyəti də qeyd olunan məsələləri kifayət qədər ehtivam etməkdədir.
Söz yox ki, bu məcrada inkişaf edən proseslərin, əsasən, təməlində Azərbaycan reallığı, daha doğrusu, İlham Əliyev gerçəkliyi dayanmaqdadır. Bu təşəbbüslərin uğurlu realizəsində Azərbaycan Prezidentinin məqsədyönlü, eləcə də uzaqgörən siyasəti əlbəttə ki, danılmazdır. Əbəs deyil ki, erməni siyasi-ekspert publikası Ankara və Moskvanın Cənubi Qafqaz platformasındakı əməkdaşlığının təməli prinsiplərində Bakının məxsusi rol oynadığını yaxşı bilir və dərk edirlər. Üstəlik, bu strategiyaya digər qonşu ölkələrin – İranın və Türkiyənin də cəlb olunması faktı artıq Ermənistan üçün ümid etdikləri bütün xilas qapılarını bağlayır. Təbii ki, əgər Ermənistan revanşist cəhdlərindən əl çəkərsə, yalnız bu zaman onun ümid etdiyi xoşbəxt gələcək perspektivləri həyata keçirilə bilər. İstər siyasi, istər təhlükəsizlik, istər çoxtərəfli əməkdaşlıq, istər iqtisadiyyat, istərsə də başqa məsələlərin hər birində İrəvanın qarşısına qoyulan yeganə şərt oyuna qatılıb cığallıq etməməsidir. Təəssüf ki, Ermənistan hələ də cığallığını uğursuz inad dirənişləri ilə davam etdirir. Bu isə nəticədə sadə erməni xalqına ağır, sarsıdıcı zərbələr vurmaqdadır.
Əbəs deyil ki, Bakı və Ankara artıq dəfələrlə dəqiq siqnallar göndərməklə əməkdaşlığa hazır olduqlarını, bu çərçivədə sərhədlərin açılması mümkünlüyünü bəyan ediblər
Daha bir aspekt Ermənistanın Türkiyə və Azərbaycanın ərazi bütövlüyünü tanıması, ərazi pretenziyalarını irəli sürməkdən əl çəkməsi ilə əlaqəlidir. Bundan əlavə, İrəvanın konstruktiv yanaşma etdiyi növbəti məsələ regional nəqliyyat rabitəsinə yol açmasıdır. Hansı ki, bu barədə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin 10 noyabr və 11 noyabr 2021-ci ildə imzaladıqları üçtərəfli bəyanatında da vurğulanır.
Əbəs deyil ki, Bakı və Ankara artıq dəfələrlə dəqiq siqnallar göndərməklə əməkdaşlığa hazır olduqlarını, bu çərçivədə sərhədlərin açılması mümkünlüyünü bəyan ediblər. Mövcud kontekstdə bu yaxınlarda Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Türkiyəyə səfərini göstərə bilərik. Həmin vaxt Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan nəinki Azərbaycan-Türkiyə-Gürcüstan arasındakı münasibətlərin möhkəmlənməsi barədə çıxış etdi, həm də 44 günlük müharibədən sonra Azərbaycan-Gürcüstan-Ermənistan üçbucağının da perspektiv imkanlarından bəhs etdi.
Bu siqnallar çərçivəsində Ankaranın Tbilisiyə və Moskvaya mesajları da kifayət qədər maraqdoğurucudur. O, bütövlükdə Cənubi Qafqaz regionunun inkişaf və tərəqqisi üçün nəhayət, Rusiya-Gürcüstan əlaqələrinin də bərpası vacibliyindən danışıb. Bu da baş verərsə, artıq bölgədə altıtərəfli regional platformanın qurulması reallığı həyata keçə bilər.
Ermənistanın revanşist başbilənləri hələ də “yeni türk-rus müharibəsi” haqqında xəyallar edir, Türkiyənin guya Cənubi Qafqazdan gedəcəyini düşünür və...
Yeri gəlmişkən, Azərbaycan qarşısında məğlub olan Ermənistanın daha bir ümidi də Türkiyə və Rusiyanın Suriya meydanındakı əməkdaşlığı sayəsində puç olub. Bunu Suriyada səs-küysüz, problemsiz keçirilən prezident seçkiləri də göstərdi. Düzdür, bu sahədə Ankara ilə Moskvanın arasında müəyyən fikir ayrılıqları var, amma bu da fikir ayrılığından o tərəfə keçməyən bir məsələdir, çünki tərəflər hətta ən qızmar olaylarda belə, konstruktivliyə, dialoqa üstünlük verirlər. Misal üçün, bu yaxınlarda Hələb vilayətində rus-türk birgə hərbi patrul missiyasını həyata keçirmələri də qeyd edilən kontekstdəndir.
Maraqlıdır, Ermənistanın revanşist başbilənləri hələ də “yeni türk-rus müharibəsi” haqqında xəyallar edir, Türkiyənin guya Cənubi Qafqazdan gedəcəyini düşünür və...
Və bunun sayəsində Azərbaycana “zərbə” vuracaqlarını hesab edirlər. Köhnə və lazımsız təxəyyül ermənilərdə qalır və qaldıqca onları daha ağır hala gətirir, hətta o vəziyyətə ki, müstəqilliyini itirmək dərəcəsinə qədər.
Beləliklə, istər regional, istərsə də dünya arenasındakı proseslər Türkiyə-Rusiya arasındakı münasibətləri daha da möhkəmləndirir, bu prosesdə Azərbaycanın mühüm yer alması isə onun təməlini daha da möhkəmləndirir. Hətta deyə bilərik ki, Cənubi Qafqazda lokomotiv rolunu rəsmi Bakı oynayır və əgər revanşist erməni başbilənləri “Azərbaycana zərbə endirəcəyik” deyərkən unutmamalıdırlar ki, qayıdan cavab zərbəsi yalnız Azərbaycan tərəfindən vurulmayacaq, bu zərbəni onlara bizimlə əməkdaşlıq edən digər ölkələr də, xüsusilə Rusiya və Türkiyə də endiriləcək. Bax, onda həqiqətən də Ermənistanın sonu olacaq...
Rövşən RƏSULOV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.