"Ermənilər işğaldan azad olunmuş ərazilərin minalanmasının xəritələrini verməməklə müharibə cinayətlərini davam etdirir. Bir çox beynəlxalq konvensiyalarda müharibəsiz dövrdə insanlara təhlükə yaradan minaların daşınması, basdırılması, saxlanması və basdırılmış ərazilərin xəritələrinin verilməməsi yol verilməzliyi ilə əlaqədar öhdəliklər götürərək müqavilə imzalanıb. O cümlədən Ermənistan da 1999-cu ildə Cenevrə konvensiyasına qoşulub. Amma görünən odur ki, erməni üçün beynəlxalq konvensiyalar özləri üçün lazım olanda işləyir, imzaladığı konvensiyaların və beynəlxalq hüququn tələblərinə əməl etmirlər".
Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.
Deputatın sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başa çatmasından keçən 7 aya yaxın vaxtda 150-yə yaxın mülkü və hərbi şəxslərimiz ermənilərin basdırdıqları minalara düşərək həlak olub və ya sağlamlıqlarını itiriblər: "İşğaldan azad olunmuş ərazilərimizə ermənilər o qədər mina basdırıblar ki, minadan təmizlənməmiş bu ərazilərin hər kvadratmetrini təhlükə mənbəyi kimi qəbul etməliyik. Erməni polkovniki mətbuata açıqlanmasında qeyd edib ki, təkcə Kəlbəcərə 3 yük maşını mina basdırılıb. Ermənilər bu illər ərzində elə bil ki, mina basdırmaqla məşğul olublar. Görünür nə qədər imkanları olubsa hamısını ancaq mina basdırmağa xərcləyiblər. Ermənilər ərazilərimizdə saysız-hesabsız minalar basdırmaqla həm bizim üçün təhlükə mənbəyini yaradıblar, həm də öz vətəndaşların sosial rifahına xərclənməli pullarını düşmənçilik və iyrənc əməllərin reallaşmasına xərcləyiblər. Əgər minalanmış ərazilərin xəritələri verilərsə dəqiq biləcəyik ki, hansı ərazilərdə nə qədər və hansı ardıcıllıqla minalar basdırılıb. Bu minadantəmizləmə işimizi asanlaşdırar və həmin ərazilər bəlli olduqda oralara daha ehtiyatla yanaşılar".
A.Badamov vurğulayıb ki, Prezident İlham Əliyevin qətiyyəti və prinsipallığı sayəsində Ağdam rayonun minalanmış ərazilərin xəritələri bizə verilib: "Ölkə başçımız bütün rəsmi və qeyri-rəsmi görüşlərdə məsələni önə çəkib və Ermənistanı bu məsələdə məcbur edilməsinə çağırışlar edib. O cümlədən bu, diplomatiyamızın qələbəsidir. Siyasətçilərimiz və diplomatlarımız bütün səfərlərdə və mətbuatdakı çıxışlarında Ermənistanı minalanmış ərazilərin xəritələrin bizə verilməməsində hərbi cinayətlərin münaqişəsiz dövrdə də davam etdirdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Nəhayət ki, Ağdam rayonun minalanmış ərazilərin xəritələri verildi. Ağdam rayonunda qeyd olunduğuna görə 97 min mina basdırılıb. Bu, bəşər tarixində görünməmiş dəhşətdir. Bəlli olur ki, ermənilər torpaqlarımızı işğal etdiyi dövrdə ancaq dağıtmaq və mina basdırmaqla məşğul olublar. Ağdam rayonunu elə minalayıblar ki, Azərbaycan ordusu birbaşa hücum edib hərəkətə keçə bilməsin, böyük itkilərə məruz qalsın. Amma Ali Baş Komandanımız ermənilərin hiyləsini başa düşərək onlar üçün sürpriz hücum taktikasını hazırlayaraq ortaya qoyub Ağdama arxadan gəldik və nəticədə bir güllə atmadan Ağdam rayonu bizə qaytarıldı. Ermənilər bilirdilər ki, nə vaxtsa Azərbaycan öz ərazilərini azad etmək üçün müharibə edəcəkdir. Ona görə də torpaqlarımızı işğal etdiyi dövrdə minalayıblar. Ağdamın minalanmış ərazilərin xəritələrin verilməsi minadan təmizlənmə işlərinin sürətlənməsinə imkan verəcəkdir. Əgər burda ermənilərin hiyləsi yoxdursa minalanmış ərazilər konkret məlumdur və bütün ərazilərdə axtarış etməyinə ehtiyac qalmır. Təbii ki, təhlükəsizliyin təmin olunması yenidən qurma və bərpa işlərinin tez reallaşmasını, o cümlədən qaçqın və köçkünümüzün qayıdışını da sürətləndirəcəkdir. Düşünürəm ki, Ağdam rayonu başlanğıcdır və digər rayonların da minalanmış ərazilərin xəritələrin alınmasına nail olacağıq. Azərbaycan döyüş meydanında qalib olduğu kimi diplomatiya platformalarında da qalibdir. Çünki, ədalət və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir".
Müəllif: Aysel Məmmədova