Şuşa Bəyannaməsi Azərbaycanla Birgə Həmdə, Qafqazda Sabitliyin Qarantıdır.
“ŞUŞA BƏYANNAMƏSİ”-nin qəbulu, təkcə Azərbaycan, Naxçıvan iqtisadiyyatının inkişafı demək deyildir. Bu həm də, Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsinin təminatıdır.
Diaspor Təşkilatlarının Monitorinq
Mərkəzinin Sədri
Əlmaniz Ələkbərov.
Məlum olduğu kimi İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğalından azad olunan Şuşa şəhərinə tarixi səfər etdi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə Qarabağın ürəyi olan Şuşada tarixi bəyannaməyə imza atdılar.
“Şuşa Bəyannaməsinin” Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanması, müttəfiqlik münasibətlərinin, həm siyasi, həm də, iqtisadi baxımdan daha da, möhkəmlənməsi üçün çox əhəmiyyətli olduğunu göstərdi. Bu sözləri Diaspor.info-ya “Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin” sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Ələkbərov Əlmaniz Ələkbər oğlu deyib:
İllərdir həsrətini çəkdiyimiz, erməni işğalında olan Qarabağımızın ürəyi, “Şuşada” İki qardaş ölkə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladıqları “Şuşa Bəyannaməsi “ müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”
kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri bununla öz zirvəsinə yüksəlib və yeni bir mərhələyə qədəm qoydu.
Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq, ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaqdır.
Zəngəzur Dəhlizinin açılması Naxçıvanı həm siyasi, həm də, iqtisadi baxımdan daha da, güclü edəcək. Naxçıvan onsuzda Şərqlə-Qərb arasında bir körpü rolunu oynayırda, artıq bu körpü tam gücü ilə işlək vəziyyətdə olacaqdır. Və bütün dünya Şərqlə-Qərbi özündə birləşdirən Naxçıvan MR-nın nə qədər inkişaf etdiyinin və dünya dövlətləri üçün nə qədər vacib coğrafi məkan olduğunu aydın görəcəklər.
Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir. Eyni zamanda, Qarabağda Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti regionda sülhün bərqərar olunmasının təsirli mexanizmi kimi diqqət çəkir.
Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi də xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.
Şuşa Bəyannaməsində silahlı qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi vurğulanır. Buraya, həmçinin hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir.
Ticarət-iqtisadi münasibətlərə gəlincə, milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf edirilməsinə yönəldilmiş səylərin əlaqələndilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər də yer alır.
Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan iqtisadiyyatına deyil, dünyanın bir çox dövlətlərinə xeyir gətirəcəkdir. Azərbaycanla yanaşı Rusiya, İran və xüsusən də, Türkiyə sözügedən dəhlizdən yetərincə bəhrələnəcəklər.
Əlbəttə ki, burada 30 illərlə blokadada, qalmış Naxçıvan MR-sı iqtisadiyyatına da, xeyli gəlir gələcəkdir. Təsəvvür edin ki, bir ucu Çindən başlayaraq, bir çox iri dövlətlər, xüsusən də, Avropaya çıxışı olmayanlar məhz bu dəhliz vasitəsi ilə Türkiyədən keçərək Avropaya öz məhsullarını çatdıracaqlar. Burada söhbət vaxt, zaman itgisindən də, gedir, yəni Zəngəzur dəhlizindən keçməklə daha qıssa yol qət edəcək bir çox iri dövlətlər bu dəhlizin açılmasında daha çox maraqlıdırlar və səbirsizliklə həmin günü gözləyirlər. Aydın məsələdir ki, iqtisadi baxımdan, həm də, siyasi baxımdam “Zəngəzur Dəhlizi” Azərbaycana daha çox xeyir gətirəcəkdir. Danılmaz faktdır ki, bütün bunlar Azərbaycan diplomatiyasının, xüsusən də, Prezident İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində baş verir.
Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq.
Sonda onu da, qeyd etmək istəyirəm ki, Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən uca zirvəsinə yüksəlib. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması ölkələrimizi həmişə bir-birinə yaxın edib, xalqlarımız sevincli, kədərli günlərdə də bir-birinin yanında olub.
Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. 44 günlük Vətən müharibəsi zamanı dünya bir daha bunun şahidi oldu. Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. Bu, gücümüzə güc qatdı, Qarabağ Zəfərində mühüm rol oynadı. Xüsusən Rəcəb Tayyib Ərdoğanın Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında Prezident İlham Əliyevlə yan-yana dayanması ölkələrimizin birliyini, xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi.
Müsahibəni qələmə aldı:
Sadiq Ələkbərli
399