Ordu... Yurdun, üzərində gəzdiyin bir torpağın, vətəndaşlığın olmasını təcəssüm etdirən bir varlıq. O varlıq ki, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində güvəndik və bizə qələbə sevincini yaşatdı. O varlıq ki, şəninə mahnılar səsləndirilir, şeirlər qoşulur; necə ki, Zəlimxan Yaqubun şeirində deyildiyi kimi - “Ordum varsa, yurdum var, ordum yoxsa, yurdum yox”. Azərbaycan vətəndaşı, fəxr et ki, güclü Orduya sahib olan bir ölkənin vətəndaşısan.
Azərbaycanın Silahlı Qüvvələrinin təşkili Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu bir vaxtda bəyan edilir. 1918-ci il mayın 28-də qəbul edlən İstiqlal Bəyannaməsində Silahlı Qüvvələrin yaradılması qeyd olunur və yeni yaradılan kabinədə hökumətin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edilir. Lakin bu kabinənin buraxılması ilə müdafiə naziri vəzifəsi ləğv edilir və ordu quruculuğu prosesinə rəhbərlik hökumətin qərarı ilə Qafqaz İslam Qrdusunun komandanı Nuru Paşaya həvalə olunur.
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə general-leytenant Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi “Əlahiddə Azərbaycan korpusu”yaradılır. Ordu quruculuğu sahəsində yeniliklərə nail olmaq üçün Hökumət bir sıra tədbirlər həyata keçirir. Hökumətin qərarına əsasən, çağırışçıların yaş senzi 19 yaşa endirilir. Ordu quruculuğunu gücləndirmək məqsədilə 1918-ci il noyabrın 1-də Hərbi Nazirliyin bərpasına qərar verilir. 1919-cu il yanvarın 10-da Hərbi Nazirlikdə müfəqqəti hərbi şura yaradılır. Hərbi qanunvericilik, hərbi məsələlərin müzakirəsi və digər müvafiq qərarlar şurada həll edilir. Hərbi nazirin əmri ilə martın 26-da Baş qərargah yaradılır və general-leytenant Məmməd bəy Sulkeviç qərargahın rəhbəri təyin edilir. Azərbaycanda yerləşən ingilis qüvvələrinin komandanlığı 1919-cu ilin aprelində milli qoşun hissələrinin azsayda hissəsinin Bakıda yerləşdirilməsinə icazə verir. Aprelin 5-də həmin qüvvələr Bakıya daxil olur və Salyan kazarmalarında yerləşdirilir. 1919-cu ilin ortalarından ordu hissələrinin formalaşdırılması böyük vüsət alır. 1919-cu ilin sonlarında yaradılan və əhəmiyyət kəsb edən hərbi strukturlardan biri Bakı istehkamçılar hissəsi idi. Bu hissənin məqsədi Bakı şəhərinin etibarlı müdafiəsini təmin etmək olur. Bundan başqa, hərbi istiqamətdə Bakı hərbi limanının, təyyarə dəstəsinin, zirehli avtomobillər taqımının formalaşdırılmasına və mərkəzi hərbi idarəetmə orqanlarının təşkilinə başlanılır. Noyabrın 15-də ordunun Ümumi qərargahının təsis edilməsi barədə Hərbi nazir general Səməd bəy Mehmandarov müvafiq əmr imzalayır. Nazirliyin rəhbərliyi hərbi xidmətin təşkilinin hüquqi əsasda nizamlanmasına xüsusi diqqət yetirirdi. Azərbaycan ordusunun qanunvericilik bazasını qısa müddətdə yaratmaq mümkün olmadığı üçün Hərbi nazirin 1919-cu ildə imzaladığı əmrlə keçmiş Rusiya imperiyasında 1917-ci il yanvarın 1-dək qəbul edilən hərbi qanunvericilik aktları müvəqqəti qüvvədə saxlanılır. 1920-ci ilin martında Baş qərargahla ümumi qərargah birləşdirilir və Azərbaycan Ordusunun Qərargahı yaradılır. 1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Hərbi Nazirlik ləğv olunur, ordu quruculuğu və milli ordu üçün yaradılan maddi-texniki baza talan edilir.
1969-cu ildən sonra, dahi şəxsiyyət Heydər Əliyev ilk dəfə hakimiyyətə gəldiyi vaxt respublikamızın hərtərəfli inkişafının təməli qoyulur. Onun fəaliyyəti nəticəsində digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də mühüm addımlar atılır. Ümummilli liderin ötən əsrin 70-ci illərində Bakı şəhərində xüsusiləşdirilmiş hərbi təmayüllü orta internat məktəbinin, indiki Cəmşid Naxçıvanski adına hərbi liseyin açılması ilə həyata keçirdiyi siyasət nəticəsində milli ordumuzun formalaşmasına nail olunur. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti ordu yaradılması haqqında qanun qəbul edir.
Azərbaycan Respublikasının Konstitusiyasının 9-cu maddəsində göstərilir ki, “Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir”.
Azərbaycan Ordusunun vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri 2017-ci il 29 dekabr tarixli “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanunla tənzimlənir. 1918-ci ildə yaradılan ordu quruculuğu ilə müqaisədə Azərbaycanda müasir dövrdə ordu quruculuğu sahəsində mühüm addımlar atılıb. Belə ki, ölkəmizdə Quru Qoşunlar, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Daxili Qoşunlar, Milli Qvardiya, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Sülhməramlı Qüvvələr xidmət göstərir. Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən Azərbaycan Hərbi Dənizçilik və Ali Hərbi Təyyarəçilik məktəblərinin də ölkəmizin müdafiə qüdrətinin artırılmasında xüsusi rolu var. Hərbi xidmət keçən şəxslərin hüquq və vəzifələrini müəyyən etmək məqsədilə 1991-ci il dekabrın 25-də “Hərbi qulluqçuların statusu haqqında” qanun qəbul edilir. Ölkəmizdə hərbi qulluqçulara qayğı daim diqqət mərkəzində olub. Onların həyat və səhhətinin dövlət icbari şəxsi sığortası qaydalarını müəyyən edən 25 iyul 1997-ci il tarixli müvafiq qanun qəbul edilir.
Ümummilli liderin 1998-ci il martın 13-də imzaladığı sərəncama əsasən, Naxçıvanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin filialı açılır. Bir il sonra isə Silahlı Qüvvələrin Hərbi Akademiyası yaradılır. Ümummilli lider Heydər Əliyev 1998-ci il mayın 22-də fərman imzalayır. Fərmana əsasən, 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilir. Dahi şəxsiyyət Silahlı Qüvvələrin kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinin təşkil edilməsi barədə 1999-cu il avqustun 20-də fərman imzalayır.
2003-cü ildə Silahlı Qüvvələr günündə Heydər Əliyev çıxışında demişdir: “Azərbaycanın güclü Ordusu bu gün də, sabah da, 10 il, 100 il bundan sonra da lazımdır. Azərbaycan Ordusu, onun Silahlı Qüvvələri böyük gələcəyə baxmalıdır. Böyük gələcəyin təminatçısı isə yalnız güclü, sarsılmaz ordu ola bilər...” Hazırkı dövrdə Azərbaycan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətləşən, müasir texnika və silahlarla təchiz edilən yenilməz orduya sahibdir. Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır, Cənubi Qafqazda isə birincidir. Başlıca səbəb yenilməz ordumuzun döyüş bacarığı, müasir silah-sursat və texnika ilə təmin olunmasıdır. Prezident İlham Əliyev Silahlı Qüvvələrin maddi-texniki bazasının milli məhsullar hesabına gücləndirmək məqsədilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyini yaradılır. Bu, müharibə şəraitində olan ölkə üçün çox vacib amildir. Azərbaycan MDB məkanında dörd ölkədən biridir ki, onun müasir tələblərə cavab verən müdafiə sənayesi var. Ali Baş Komandan İlham Əliyev hər çıxışında Azərbaycan Ordusunun gücünü və torpaqlarımızı azad etmək əzmində olduğunu xüsusi ilə vurğulayırdı. 2018-ci il aprelin 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində İlham Əliyev ordu ilə bağlı mühüm mesajlar verərək demişdir: “Biz yaxşı bilirik və bunu tarix, yaxın tarix və bölgədə gedən proseslər göstərir ki, bir çox hallarda beynəlxalq hüquq normaları işləmir, kim güclüdür, o da haqlıdır. Biz bunu dəfələrlə görmüşük, bu gün də görürük. Demək olar ki, son 15 il ərzində beynəlxalq davranış qaydaları dəyişdi və beynəlxalq hüquq normaları arxa plana keçdi. Güc amili önəm qazandı. Bu, reallıqdır. Biz real həyatda yaşayırıq və reallıqla hesablaşmalıyıq”.
Prezidenti, Ali Baş Komandan digər bir çıxışında isə bunları demişdir: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır”.
Bütün dünyaya məlumdur ki, Azərbaycan torpaqları 30 ilə yaxın bir müddətdə mənfur düşmənimiz olan erməni işğalçılarının əsarəti altında idi. Məhz yenilməz, Şanlı Ordumuz işğalçıların 30 il ərzində qurduqları istehkamları, “ordusunu” darmadağın edərək qələbəyə imza atdı. Dövlət başçısı beynəlxalq hüquq normalarına sadiqlik göstərərək münaqişənin sülh yolu ilə, diplomatik danışıqlarla nizamlanmasına çalışıb, lakin münaqişənin hərb yolu ilə həllini də istisna etmirdi. Prezident, Ali Baş komandan çıxışlarında “biz nəyi nə zaman edəcəyimizi bilirik” deyirdi. Azərbaycan Ordusu 2016-cı ilin Arprel döyüşlərində torpağımızın bir qismini geri alaraq düşmənə gücünü nümayiş etdirdi, ona ciddi dərs verdi. Ermənistanın xarici havadarları sayəsində münaqişə dondurulmuşdu. Azərbaycana "stasus-kvo"nu qəbul etdirmək üçün yaradılan ATƏT-in Minsk Qrupu 28 il ərzində münaqişənin hərb yolu ilə həllinə mane olmuşdu.
Hətta, münaqişənin həllinin hüquqi əsasını təşkil edən BMT Təhlükəsizlik Surası tərəfindən 1993-cü ildə qəbul edilən 4 qətnamə, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri, ATƏT və digər beynəlxalq təşkilatların müvafiq qərarları kağız üzərində qalmışdır. Ermənistan tərəfi 30 il ərzində beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymadan, çirkin əməllərindən əl çəkməyərək ordumuzu və ərazilərimizi daim atəş altında saxlayıb. Bununla kifayətlənməyən mənfur düşmən 2020-ci ilin iyulundan başlayaraq dövlət sərhədi və təmas xətti boyu təxribatlar törədərək içərisində çox sayda azyaşlı olmaqla mülki əhalinin ölümünə səbəb olub.
İşğalçı Ermənistanın bu hərəkətləri ilə hiddətə gələn Azərbaycan xalqı Prezidentin yanında olduğunu, düşmən tapdağında qalan torpaqlarımızın azad edilməsi üçün döyuşə hazır olduğunu və müzəffər Ali Baş komandanın əmrinə müntəzir olduğunu bəyan etdi. Ali Baş Komandan isə xalqa bildirdi ki, lazım olan vaxtda, lazımi addımlar atılacaq. Məlumdur ki, işğalçı tərəf 2020-ci il sentyabrın 27-də hücuma keçdi və Azərbaycanın Şanlı Ordusunun əks-hücumu ermənilərə baha başa gəldi... Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycanın Qüdrətli Ordusu sürətlə irəliləyərək işğal altında olan ərazilərimizin böyük hissəsini düşmən əsarətindən azad etdi. 44 gün davam edən Vətən müharibəsində Şanlı Ordumuz Ermənistan üzərində tam qələbə qazandı və Azərbaycan Prezidentinin “Dəmir yumru”ğu Ermənistanı 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa vadar etdi və işğal alıtında qalmış digər ərazilərimizdən qoşunlarını çıxartmağa məcbur etdi. Bununla da Azərbaycan, müasir silahlarla təchiz edilən, yenilməz gücə sahib Ordumuz sayəsində ərazi bütövlüyünü bərpa etdi və 30 illik münaqişəyə son qoyuldu.
44 günlük Vətən müharibəsində ŞANLI ORDUMUZUN gücünü görən Ermənistanın müdafiə naziri bunları etiraf etdi: “Biz çox böyük bir qüvvəyə, super silahlı Azərbaycan Ordusuna qarşı vuruşduq. Biz də silahlı idik, lakin kəmiyyət və resurslar baxımından imkanlar qeyri-mütənasib idi”. Ermənilər nəinki ordumuzun gücünü, hətta Azərbaycan xalqının öz Prezidenti ətrafında sıx birləşməsini, Xalq-Prezident-Ordu birliyini gördü və anladı ki, bu birlik 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. İyunun 15-də işğaldan azad edilmiş Şuşa şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında imzalanan Müttəfiqlik Bəyannaməsi düşmən üzərində qələbə qazanan Azərbaycan Ordusunun, Azərbaycan xalqının daha bir qələbəsi idi. Azərbaycan xalqının qürur mənbəyi olan ŞANLI ORDUMUZ, zəfər daim səninlə olsun!
Gülgün Şəfiyeva, Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının Baş məsləhətçisi