Bu gün Azərbaycan qaliblər sırasındadır. Başı dik, qürurlu, sabaha inamlı. Vətəndaşları gələcəyi parlaq ölkənin sakinləri olmaq sevincini gizlətmir, ona bu xoşbəxtliyi nəsib edən Prezidenti, Ali Baş Komandanı ilə fəxr edir. Məğlubiyyətdən miras qalmış ölkəyə Qələbə bəxş edən ORDUya rəhbərlik edən Komandandan söhbət gedir. Hələ ötən ilin payızına qədər çox az insana hər birimizə başucalığı gətirəcək hadisələrin baş verəcəyi məlum idi. Amma vətəndaşların əksəriyyəti Prezidentinə inanırdı, işğalın gec, ya tez bir zamanda sona yetəcəyini anbaan gözləyirdi. Bəli bu, baş verdi...
Azərbaycan xalqı öz ordusunun 103 illiyini qeyd edir. Bəli son 30 ildə ilk dəfə Azərbaycan ordusunun yaşını, ad gününü qalib ölkənin vətəndaşları kimi qeyd edəcəyik. Bəs Azərbaycan Ordusu necə yaranıb, niyə məhz 26 iyunda bu əlamətdar hadisəni qeyd edirik?
Cəmi 23 ay ömrü olan Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradılıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilib. Bu baxımdan, ölkəmizdə dövlətin və dövlətçiliyin əsas sütununu təşkil edən güclü ordunun formalaşdırılması və inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ həm də Azərbaycanın nizami ordusunun formalaşdırılması kimi əlamətdar olmuşdur.
Təbii ki, Sovetlər Birliyi dövründə milli ordudan söz açmaq mümkün deyildi. O dövrdə azərbaycanlı gənclərin hərb elminə marağının artırılması və bunun üçün real şəraitin yaradılması Ulu Öndərin gələcəyə hesablanmış uzaqgörən siyasəti idi. Ötən əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması buna əyani sübutdur. Bundan başqa, Ulu Öndərin rəhbərliyi ilə gənclərimiz müxtəlif respublikaların hərbi məktəblərində təhsil alması, ixtisaslı hərbçi kadrlar kimi formalaşması əslində millətinin gələcəyini düşünən dahi siyasətçinin – Heydər Əliyevin məharətlə tərtib etdiyi planların bir hissəsi idi. Siyasət meydanının ustadı sayılan Ulu Öndər Azərbaycanın müstəqillik qazanacağına inanmasaydı milli kadrların yetişdirilməsinə bu qədər önəm verməzdi. Amma dahi siyasətçinin baş verəcəklərdən xəbəri vardı və ona görə də dövlətçiliyin ən mühüm atributlarından sayılan ordu quruculuğunu prioritet vəzifə kimi irəli sürür və bu sahəni diqqətdən bir an kənarda qoymurdu.
Heç təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan Ordusunu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyi adlandırırdı: “Bizim ordumuz güclüdür. Ordumuzun gücü gündən-günə artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir. Onu biz azad edəcəyik, biz! Biz bunu sülh yolu ilə həll etmək istəyirik. Bu barədə çoxlu səylər qoymuşuq və bundan sonra da qoyacağıq. Ancaq bizim bu səylər sonsuz olmayacaqdır. Biz bütün səylərimizi qoyub məsələni sülh yolu ilə həll etməyə çalışacağıq. Əgər bu, mümkün olmasa, bizim əziz zabitlərimiz, əziz Silahlı Qüvvələrimiz, siz torpaqlarımızın azad olunması üçün hər gün hazır olmalısınız! Torpaqlarımız azad olacaq, ordumuz inkişaf edəcək, respublikamızın iqtisadiyyatı yüksələcək və ən yaxın illərdə Azərbaycan böyük inkişaf yoluna qədəm qoyacaqdır. Buna əmin ola bilərsiniz”.
Ordu ölkənin ərazi bütövlüyününin və dövlət müstəqilliyinin qarantıdır. Hansı ölkənin ordusu yoxdursa, o ölkə işğal olunur, xarici dairələrin diqtəsi ilə yaşamağa məcbur olur. Təbii ki, ordunun yaradılması üçün dövlət idarəçiliyində təcrübə, xalqı inandıra bilməsi, siyasi iradə və heç nədən çəkinməyərək xalqın maraqlarının üstün tutması əsas şərtdir. Keçdiyimiz tarixi yolun keşməkeşliyi bizə bunu real həytada yaşadıb.
Müstəqil dövlətimizin güclü ordusunun olması təsadüfi deyil. Məlumdur ki, XX əsrdə Azərbaycan iki dəfə dövlət müstəqilliyi əldə etmişdir. 1918-ci ildə xalqımız rus imperializminin əsarətindən xilas olaraq Azərbaycan Xalq Cümhuriyyətini quranda ordumuz yox idi. Ona görə də Azərbaycan Xalq Cümhuriyyətinə rəhbərlik edənlərin dövlət quruculuğu istiqamətində ilk tədbirlərindən biri müstəqil dövlətin silahlı qüvvələrinin formalaşdırılması oldu. Vaxtın az, düşmənin isə çox yaxında olduğu ziddiyyətli, təbəddülatlarla dolu bir zamanda ordu quruculuğuna başlandı və qısa müddətdə bir sıra uğurlar qazanıldı: Bakı erməni-daşnak işğalından azad edildi, Qarabağda erməni quldur dəstələrinə qarşı uğurlu əməliyyatlar həyata keçirildi. Təəssüf ki, Xalq Cümhuriyyəti 23 ay yaşadı və bu qısa müddət ordu quruculuğunun yüksək səviyyədə həyata keçirilməsinə imkan vermədi.
Azərbaycan 1991-ci ildə ikinci dəfə dövlət müstəqilliyini qazandıqdan sonra da xalqımızı 1920-ci ildəki aqibət gözləyirdi. Azərbaycanı daim əsarət boyunduruğunda saxlamaq istəyən imperiyasevən qüvvələr ölkəmizi müstəqillikdən məhrum etmək üçün əvvəlcədən düşünülmüş şəkildə süni Qarabağ problemini yaratdılar. Bunun da əsasında Azərbaycanı uzun sürən dağıdıcı müharibəyə cəlb etdilər. 1991-ci ilin sonlarından başlayaraq Azərbaycan milli ordusunun yaradılması istiqamətində ilkin addımlar atılsa da, bu proses çox bərbad vəziyyətdə gedirdi. Silahlı qüvvələr Müdafiə Nazirliyinin deyil, ayrı-ayrı siyasi partiyaların nəzarətində idi. Həmin partiyalar silahlı birləşmələri milli mənafelər uğrunda deyil, öz maraqları naminə, hakimiyyətə gəlmək üçün istifadə etməyə çalışırdılar.
Çox təəssüf, müharibənin ilkin dövrlərində Azərbaycan xalqı özünün dahi oğlundan, görkəmli dövlət xadimi Heydər Əliyevdən uzaq düşmüşdü. Həmin keşməkeşli, ağır günlərdə isə ölkəni düzgün istiqamətdə apara biləcək ikinci bir lider yox idi. Nəhayət, ölkəyə rəhbərlik edənlər öz səriştəsizlikləri ilə Azərbaycanı məhvolma həddinə çatdırdılar və bu zaman xalq özünün yeganə və düzgün qərarını verdi: ulu öndər Heydər Əliyevin Bakıya qayıdışı və hakimiyyət sükanını öz əlinə alması təkidlə tələb edildi.
Heydər Əliyevin xalqın arzusu ilə ölkə rəhbərliyinə qayıdışı müstəqil dövlətçiliyin digər təsisatları kimi vahid komandanlığa əsaslanan mütəşəkkil ordunun yaradılmasının da əsasını qoydu. Heydər Əliyevin komandanlığı ilə ordumuz 1993-cü ilin dekabırın sonundan 6 yanvara qədər davam etdirmiş Horadiz əməliyatı sayəsində Füzuli rayonunun Horadiz qəsəbəsi və 20 kəndi, Cəbarayıl rayonunun Cocuq Mərcanlı kəndini ermənilərin tapdağından azad edərək düşməni atəşkəs razılığının imzalanmasına məcbur edib.
Son 17 ildə Prezident İlham Əliyev hərbçilərin məişət-yaşayış probemlərinin həll olunması istiqamətində böyük addımlar atdı. Ordunun təkmilləşməsi, modernləşməsi, döyüş qabiliyyətinin artırılması istiqamətində görülən işlər döyüş meydanında öz nəticəsini vermişdir. Ölkədə müdafiə sənayesinin yaradılması, ordunun müasir hərbi texnika və texnologiyalarla təchiz edilməsi Azərbaycan ordusunun pəşəkarlığını artıraraq dünyanın ən güclü 50 ordusu sırasında yer almasına imkan vermişdir. Azərbaycan ordusu torpaqlarını işğaldan azad etmək və ölkənin ərazi bütövlüyünü təmin etmək məqsədilə 27 sentyabrda başlamış 44 günlük Vətən müharibəsində düşməni məğlub edərək onu kapitulyasiya aktına imza atmağa məcbur etdi. Azərbaycan Ordusu öz gücünü döyüş meydanında göstərərək ermənilərin 30 il ərzində qurduqları “topdağıtmaz müdafiə sədləri”ni və "məğlubedilməz" ordu mifini darmadağın etdi. Ali Baş Komandan İlham Əliyevin orduya rəhbərlik etmək bacarığı, qabaqcadan uğurlu döyüş taktikası hazırlayaraq düşmənin gözləmədiyi mövqələrdən hücüma keçməyimiz daha az itkilərlə qələbə çalmağımızı şərtləndirdi.
Ali Baş Komandanın dərindən düşünülmüş hərbi strategiyası, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi, vəziyyəti nəzarətdə saxlamağa imkan verən döyüş taktikası Paşinyanla yanaşı, erməni faşizmini də iflasa uğratdı. Azərbaycan Ordusunun yüksək peşəkarlığı, orduda yüksək nizam-intizam, mobillik, komandirlərə inam, Azərbaycan Ordusunun müasir hərbi texnologiyalara malik olması və ondan məharətlə istifadə bacarığı öz sözünü dedi. Lakin bu 44 günlük savaşda ən önəmli olanı Vətən, doğma torpaqlar uğrunda vuruşan Azərbaycan hərbiçilərinin yüksək mənəvi-psixoloji durumu idi. 44 günlük savaş dünya hərb tarixinə yazıldı. Təkcə Şuşanın azad edilməsi əməliyyatı kifayət edir ki, müzəffər Azərbaycan Ordusunun nələrə qadir olduğunun hər kəs şahidi olsun. Bu Ordu artıq öz adını dünya hərb tarixinə yaza bildi.
Və sonda, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Müzəffər Ordumuz əsgər və zabitlərinə xitabən dediyi fikirlərə istinad edək: "Bu tarixi missiyanı siz icra etmisiniz - Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib. Əlbəttə ki, bizim güclü ordumuz var, texniki təchizat da yüksək səviyyədədir. Bütün dünya gördü ki, biz hansı texniki imkanlardan istifadə edirik. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.
Bu sözlər Azərbaycan Ordusuna, onun zabit və əsgərinin xidmətinə verilən ən böyük qiymətdir.
V.VƏLİYEV