İordaniyada bir yaşlı kişi, AstraZeneca dərmanı ilə koronavirus əleyhinə peyvənd edildikdən qısa müddət sonra ölüb. Diaspor info xəbər verir ki, bu barədə İordaniya dövlət agentliyi Petra məlumat yayıb.
Agentliyin məlumatına görə, 66 yaşlı kişi, peyvəndin ikinci dozasını aldıqdan on dəqiqə sonra bazar günü huşunu itirib, həkimlər isə onu xilas edə bilməyiblər. İlk peyvəndin ona 4 aprel tarixində vurulduğu qeyd olunur.
İordaniyanın səhiyyə naziri Firas əl-Havarinin agentliyə dediyi kimi, mərhum xroniki xəstəliklərdən əziyyət çəkirdi, lakin ilk peyvənddən sonra heç bir fəsadı olmayıb. Nazir ölüm səbəbinin müəyyənləşdiriləcəyini də əlavə edib.
Xatırladaq ki, İordaniyada pandemiya başlayandan bu vaxta qədər 749 mindən çox COVID-19 infeksiyası hadisəsi təsbit edilib, 9,7 mindən çox yoluxan insan bu səbəbdən ölüb. Krallıqda 13 yanvarda kütləvi peyvəndlənmə kampaniyası başlayıb. Sinopharm, AstraZeneca, Pfizer / BioNTech, Moderna və Rusiyanın Sputnik V peyvəndlərinin istifadəsi təsdiq edilibdir. Aprel ayında İordaniya Səhiyyə Nazirliyi Sputnik V peyvəndi ilə koronavirusa qarşı aşılamanın başladığını da elan edib.
Müəllif: İnam Hacıyev