Bildiyiniz kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən iyul ayının 1-dən toyların keçirilməsinə icazə verilib. Toyların keçirilməsi zamanı sosial məsafə qaydalarının nəzərə alınaraq təşkil olunmasına və qonaqlara 50-150 nəfərə qədər icazə verilməsi nəzərdə tutulur. Son günlər sosial şəbəkələrdə yayılan məlumatlara əsasən isə toylarda rəqs edərkən maska taxılması barədə yazılar dərc olunmaqdadır. Bəs bu barədə paytaxt sakinləri nə düşünür. Bununla bağlı SİA paytaxt sakinlərinin fikirlərini öyrənib.
Paytaxt sakini Şakir Quliyev: “Düşünürəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın toylarla bağlı verdiyi qərarlar indi ki, pandemiya dövrünə görə, uyğun qərarlardır. Dövlət verdiyi qərarları vətəndaşlarımızın sağlığını nəzərə alaraq verir və vətəndaşlarımız da bu qərarları fikrimcə, müsbət qarşılamalıdırlar. Düzdür vətəndaşları da başa düşmək olar ki, toylar az adamla keçirilir, vaxt məhdudiyyəti olur. Amma vətəndaşlarımız da bunu anlamalıdırlar ki, müəyyən boşluqlar olarsa, yenidən yoluxma sayı arta bilər və yenidən qapanmalar ola bilər. Digər məsələ toylarda tibbi maska ilə rəqs etməkdir. Düşünürəm ki, bu düzgün bir qərardır. Mən hətta açıq havada tibbi maskadan istifadə etmək məhdudiyyəti aradan qaldırılsa da, sağlamğıma görə, açıq havada maskadan istifadə edirəm. Yəni ki, toylarda da tibbi maskadan istifadə etmək insanların sağlığına görə, alınan ən yaxşı tədbirlərdən biridir”.
Paytaxt sakini Ülviyyə Rəfili: “Pandemiya dövrünü nəzərə alsaq, toylarla bağlı verilən qərarlardan çox razıyam. Sadəcə tibbi maska ilə rəqs etmək qərarını qəbul etmirəm. Çünki yay mövsümüdür. Havalar isti keçir və biz qadınlar da toya gedərkən makiyajdan istifadə edirik və əgər tibbi maskadan istifadə edərsək, o zaman bizim üçün çətin ola bilər. Düşünürəm ki, rəqs edəndə tibbi maskadan istifadə etməsək, daha yaxşı olar”.
Paytaxt sakini Aydın Mirqədirov: “Mən onu deyə bilərəm ki, Nazirlər Kabinetinin verdiyi qərar çox düzgün qərardır. Bunun da başlıca səbəbi kimi onu deyə bilərəm ki, bizə qonşu olan ölkələr olan Rusiya, İran, Gürcüstan və Türkiyədə artıq yeni növ koronavirusu olan "Hindistan ştammı" yayılıb. Amma şükürlər olsun ki, bizim ölkəmizdə hələ ki, bu dalğa yayılmayıb. Biz vətəndaşlar da bu virusun yenidən yayılmaması üçün, qapanmaların olmaması üçün dövlətimizin verdiyi qərarlara düzgün şəkildə əməl etməliyik. Toyların keçirilməsinə də artıq icazə verilir. Toylarla bağlı onu deyə bilərəm ki, toy sahibləri açıq hava toylarına üstünlük verməlidirlər ki, yoluxma sayları yenidən artmasın. Açıq hava toyu belə olsa, yenə də qonaqlar sosial məsafəsini gözləməlidirlər, çox təmas qurmamalıdırlar. Amma toylarda tibbi maska ilə rəqs etmək qərarına razı deyiləm. Ona görə ki, onsuzda qonaqlar toya “COVİD-19”pasportu ilə gələcəklər və vaksinasiya olunmuş insanlardır, toyda maska ilə rəqs etmək məncə gülünc bir qərardır”.
Paytaxt sakini Əlviyyə Əsgərqızı: “Bildiyiniz kimi artıq 1 il yarımdır ki, virus səbəbindən toylara icazə verilmirdi. Amma yenidən toyların açılmasına çox sevinirəm. Hamımızın subaylarımız var, nişanlılarımız var. Artıq onlar da xeyir işlərini rahat bir şəkildə edə biləcək. Fikrimcə, artıq əvvəlki həyat tərzimizə az da olsa, qayıdırıq. Amma toylarda tibbi maskadan istifadə etmək məncə, düzgün bir qərar deyil. İnsanlar toyda necə maska ilə rəqs edə bilər? Hər kəs onsuz da sosial məsafələrini gözlüyür. Mən özüm də 30 ilin müəlliməsi olaraq, valideynlərə və şagirdlərimə sosial məsafəni gözləməyi və xəstəlikdən uzaq durmağı tövsiyyə edirəm. Digər bir məsələ isə covid pasportu məsələsidir. Biz müəllimlər vaksinasiya olunmuşuq. Amma bəzi həssas qrup insanlar var ki, buna misal olaraq şəkər xəstəliyindən əziyyət çəkənlər, onkoloji xəstəliyi olanlar, allergiya xəstəliyi olan insanlar vaksinasiya oluna bilmir. Bəs o insanlar nə etsinlər? Övladlarının ya da özlərinin xeyir işlərində, toylarında iştirak etməsinlər? Yəni bu pasport məsələsi də çox yersiz bir qərardır. Bir daha toy edən hər bir kəsi təbrik edirəm və çalışıb sosial məsafəmizi qoruyaq ki, keçmiş həyatımıza qayıda bilək”.
Paytaxt sakini Asiman Qocayev: “Açığı toyların keçirilməsinə çoxdan icazə verilməli idi. Toylar digər kütləvi tədbirlərdən konsept cəhətdən çox fərqlənir. Toylarımız adət-ənənə ehtiva edən bir məsələdir. Bildiyim qədəri ilə 50 nəfərə qədər olan toylarda maska məhdudiyyəti yoxdur, 50 nəfərdən çox olan məclislərdə isə tibbi maska məcburidir. Bu qərar fikrimcə mübahisəli qərardır. Hələ ki, praktikada yoxdu deyə bu qərarlar tam tənzimlənə bilmir, amma toylar keçirildikcə görəcəyik ki, maska ilə rəqs etmək olurmu, zamanla biz də bu qərarların nə dərəcədə düzgün və yanlış olacağını görəcəyik. Amma hər bir halda mən bu qədər qadağaların olmasını düzgün qəbul etmirəm, onsuz da covid pasportu qərarı var. Pasportu olanlar, vaksin olunanlar toya gələ bilir. Nəyə görə digər qərarlar verilir mənim üçün sual olaraq qalır”.
Paytaxt sakini Cəmilə Fərhadova: “Toylarda tibbi maskaların olması qərarından çox razıyam. Nə də olsa hələ də virus təhlükəsi davam edir, pandemiya hələ var insanlar çox arxayınlaşmamalıdırlar ki, virus yoxdu və ya yoluxma sayı azalıb. Əksinə tam şəkildə sosial məsafəyə diqqət etməlidirlər. Ümumiyyətlə toylarda hər kəsin birdən rəqsə qalxmağının əleyhinəyəm. Fikrimcə 2 və ya 3 nəfər çıxıb sosial məsafəsini qoruyaraq rəqs edə bilər. Əsas ürəklər yaxın olsun gənclərimiz xoşbəxt olsunlar”.
Paytaxt sakini Yavər Mustafayev: “Fikrimcə, hər kəs vaksinasiya prosesindən keçməlidir. Mən özüm bu virusa yoluxmuşam və necə fəsadları olduğunu bilirəm. Toylara da icazə verilib amma ki, vaksin olunanlar məncə, toylara getməlidirlər ki, yoluxma sayı az olsun və yenidən qapanmalar olmasın. Qaldı ki, toylarda rəqs edərkən tibbi maska vurulması qərarına düşünürəm ki, bu düzgün bir qərar deyil. Bunun əvəzinə belə bir qərar ola bilərdi ki, ən azı 5 nəfərə qədər olan insanlar sıra ilə rəqs edə bilərlər”.
Paytax sakini Kəmalə İsgəndərova: “Fikrimcə, qapalı şadlıq saraylarında tibbi maskadan istifadə edilməsi düzgün bir qərardır. Amma ki, açıq havada olan toylarda tibbi maskadan istifadə edilməsinin əleyhinəyəm. Onsuz da yay aylarıdır. Havalar isti keçir. Maska da taxsaq, o zaman biz vətəndaşlar nəfəs ala bilmərik. Digər bir məsələ covid pasportudur. Bu məsələ ilə də bağlı onu deyə bilərəm ki, xəstə insanlar var, hansı ki, onlar vaksin vurdura bilmir. Bəs onlar nə etməlidir? Bununla bağlı da dövlətimiz bir qərar verməlidir”.
Paytaxt sakini Orxan Adıgözəl: “Bu məsələ çox paradoksal bir məsələdir. Ümumiyyətlə toy elə bir şeydir ki, istər-istəməz insanlar toyda qaynayıb qarışır. Ünsiyyətdə olurlar bir-birlərini öpüb qucaqlayırlar və onu da deyə bilərəm ki, maska da insanları bu virusdan tam qorumur və bu qərar mənim fikrimcə çox yersiz bir qərardır. Düşünürəm ki, dünyada da bu proseslər gedir və qərb ölkələrinə baxsaq, orada vaksinasiya sürətlə davam etdiyinə görə artıq qapalı məkanlarda belə maskadan istifadə etmirlər. Mən düşünürəm ki, bizim də ölkəmizdə vaksinasiya prosesi yaxşı olduqca bizdə də qapalı məkanlarda və digər məsələlərdə yumşalmalar olacaq".
Ziya Hikmətoğlu