Gərək ki, bir müddət bundan əvvəl ermənilərin birinci prezidenti olmuş Levon ter- Petrosyan həmvətənlərinə müraciət edərək bildirmişdi ki, “…ay emənilər, mən əvvəllər Minsk qrupunun təklif etdiyi “Mərhələli həll” variantının Ermənistan üçün məqbul ola biləcəyini deyəndə, “siz məni topa tutdunuz”, hətta ölümlə belə hədələdiniz. İndi isə sizə bəyan edirəm ki, Qarabağ məsələsinin həllində artıq nə Ermənistanlıq, nə də ermənilərlik bir iş qalmayıb…”.
…Deyim ki, ermənilərin ictimai televiziyasına müsahibə verən sabiq birinci erməni prezidenti danışıq əsnasında hazırda Azərbaycanla müharibənin yenidən başlanılması ehtimalının olmadığını da bildirmişdi. Amma, nə bilmək olar? Əslində, mən burada ermənilərin hansı xislət sahibi olduqları barədə dünya dahilərindən misallar gətirib köhnə palan içi eşmək niyyətində olmasam da, amma buna baxmayaraq, ermənilərin həyasızlığına da passiv müşahidəçi qalmaq istəmirəm.
Məsələn, ötən gün ermənilərin “özünü dünyanın ən iri və mütəşəkkil erməni siyasi təşkilatı” adlandıran “Daşnaksutyun” partiyasının İrəvandakı nümayəndəsi İşxan Saqatelyan özünün “Facebook” səhifəsində ermənilərə çağırış edib.
Saqatelyan öz çağırışında erməniləri yenidən birləşməyə, təsirli və praktik mexanizmlər taparaq milli müqavimət hərəkatı yaratmağa, bütün mənbələrdən istifadə edərək son nəfəsədək aramsız, amansız mübarizə aparmağa çağırıb.
Saqatelyana görə, bu gün erməni səlahiyyətliləri Ermənistanı fəlakətə aparırlar. Onlar “humanist bir xalq olan” erməni xalqı barədə xainlik edirlər. Təcrübəli, “döyüşkən” erməni zabitlərini ordudan qovurlar. Bir müddət bundan əvvəl, yəni müharibə zamanı özünümüdafiə təşkil edən icma rəhbərlərini tuturlar. Bir çox insanları saxta ittihamlar və siyasi təqib əsasında dindirilməyə çağırırlar. Onları əzirlər. sındırırlar, daha nə bilim nə…
Bir müddət bundan əvvəl Ermənistanda keçirilən erkən seçkidə hər iki nəfərdən birinin “Hayastan” blokuna səs verdiyini deyən Saqatelyan seçkilərə qatılan əksər ermənilərin indiki hakimiyyətə səs vermədiklərini iddia edir.
Onu da xatırladım ki, hələ bir müddət bundan əvvəl seçkilərdəki uğursuzluqlarını da 44 günlük müharibədəki məğlubiyyətlərinin “gözünə qatıb” bütün bunları qəbul etməyəcəyini deyən, “Daşnaksutyun” üzvü yaxınlarda “ayaq üstə duracaqlarını” və bütün ermənilərin milli ləyaqətini bərpa edəcəklərini bildirmişdi. Amma…
…Yeri gəlmişkən onu da bildirim ki, Levon ter- Petrosyan Ermənistanda hakimiyyətdə olarkən ölkədə “Daşnaksutyun”un fəaliyyətinə “qadağa qoymuşdu”. Sonradan hakimiyyətə gələn Robert Koçaryan bu partiyanın Ermənistandakı fəaliyyətinə icazə verdi. Təbii ki, indi burada İşxan Saqatelyanın “Hayastan” blokunu “taxta mindirib” onun rəhbərini təqdir etməsi başadüşüləndir.
Amma onun “artıq getmiş qatarın arxasınca boylanıb”, özündən “milli erməni qəhrəmanı” yaratmağa çalışması gülünc görünür.
Məncə, bundan sonrakı “erməni gözləntilərini” sabiq erməni prezidenti Levon ter- Petrosyan son dərəcə “dəqiq və incəliklə” ifadə edib: “…inanmaq və gözləmək lazım deyil ki, hansısa bir erməni “mən Qarabağ münaqişəsini həll edərəm”', – desin. Beləsi yoxdur, mövcud deyil. Bu, illüziyadır…”.
…Gərək ki, əlavə şərhə də ehtiyac yoxdur.
Ağasəf Babayev