Neft qiymətləri dünya bazarında bu həftə, əvvəlki həftələrlə müqayisədə yaxşı dövrünü nümayiş etdirmir. Bu sözləri Diaspor info-ya verdiyi açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban deyib.
Mərkəzin rəhbəri qeyd edib ki, beş ticarət sessiyasının dördü qırmızı zonada keçib, yəni, əvvəlki sessiyalarla müqaisədə daha ucuz qiymətə bağlanıb və bu gün sonuncu hərracdır.
“Yenə biz qırmızı xətti görürük. Dünənə nisbətən neftin qiyməti yenə ucuzlaşıb. Brend markalı neftin bir bareli hazırda 73,12 dollardır. Ancaq dünən 73,47 ilə bağlanmışdı. Nəyə görə bu həftə neft bazarı belə təlatümlər yaşayır? Bu, onunla əlaqədardır ki, bazar ertəsinə gözlənilirdi ki, OPEK+ çərçivəsində bir konsensus əldə ediləcək və OPEK açıqlayacaq ki, avqust ayının birindən o ilin sonuna qədər yeni kvotaları müəyyənləşdirəcək və sonrakı dövr üçün necə addımlar atacaq. Təəssüf ki, bu baş vermədi. Baxmayaraq ki, iki gün öncə belə bir xoş xəbər yayıldı ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri nəhayət ki, razılığa gəldilər. Baxmayaraq ki, əvvəlki Birləşmiş Ərəb Əmirliklərinin təklif etdiyi kvota ilə yox, yəni, 3,8 yox, 3,65 milyon barelə razı olublar. Sonradan, bir müddət keçəndən sonra Ərəb Əmirliklərinin Energetika Nazirliyi bunu rəsmən təkzib etdi və bazarlar yenidən qəm dəryasına belə deyək, üz tutdular və neftin qiymətində enmələr davam edir. Nəyə görə pessimist əhval-ruhiyyə kökm sürür? Əgər ortada bir kompromis əldə edilməsə, bazar iştirakçıları onu gözləyir ki, avqust ayının birindən OPEK+ formatı işləməyəcək və ölkələrin, hansı ki, hasilatın azaldılması ilə bağlı kvotaları mövcuddur, o artıq yoxdur və neft hasil edən ölkələr üçün, iqtisadiyyatı neftdən asılı olan ölkələr üçün çox yaxşı bir məqamdır ki, daha çox neft hasil edib bazara çıxarsınlar. Çünki bazarda neftin bir barelinin qiyməti hələ 70 dollardan yuxarıdır və bu onlar üçün yaxşı demirəm, əla bir fürsətdir. Ona görə ki, vaxtilə, bir il bundan öncə 50 dollar onlar üçün ədalətin zəfər çaldığı bir bazarda qiymət müjdəsi idi. Nəticə etibarı ilə bir müddət sonra bazarda neftin təklifi tələbi üstələdiyindən qiymətlər aşağı düşəcək. Ona görə də indi əllərində olan o nefti daha ucuz qiymətə satmağa, yəni, söhbət gedir Fyuçers kontraktlarını daha ucuz satmaqda maraqlıdırlar. Bu onlara əlavə divident gətirə bilər.
Başqa bir tərəfdən də koronavirusun belə gah səngiməsi, gah da artması ilə bağlı xəbərlər özü də neft bazarına birmənalı təsir etmir. Çünki bir tərəfdən ölkələr arasında əlaqələr genişlənir, digər tərəfdən də müəyyən ölkələrdə, o cümlədən neftin lokomativi sayılacaq ölkələrdə, məsələn, Rusiyada biz görürük ki, ilin əvvəlindən koronavirusa yoluxanların sayı və ölüm halları necə ən yüksək həddə çatıb. Həmçinin bu “Delta” ştammı ilə bağlı və onun coğrafiyasının genişlənməsi bazarların bundan sonra heç də o yaxşı əhval-ruhiyyədə olmasına dəlalət etmir. 2021-ci il heç də 2020-ci ildə edilən proqnozları özündə ehtiva etmir. Yəni, V obrazlı bir qalxım olacaq. Necə 2020-ci ildə çox güclü bir çökmə baş vermişdi, o cür də artım olacaq. Hələ ki, biz onu müşahidə etmirik. Ona görə də ehtiyatla proqnozlar edilir ki, bu koronavirus pandemiyasının təsirlərinin, istər dünya iqtisadiyyatına, istərsə də neft bazarına təsirlərinin aradan qaldırılması 2022 və 2023-cü illərdə olacaq, yəni, artıq OPEK də öz proqnozunda qeyd edib ki, bazar 2019-cu il səviyyəsinə ancaq 2022-ci ilin ikinci yarısından nail ola bilər”, - deyə İlham Şaban bildirib.
Müəllif: İnam Hacıyev