Səbinə Əliyeva : Ombudsman olaraq hər zaman kütləvi informasiya vasitələri və jurnalistlərlə əməkdaşlığa böyük önəm verirəm.
Red.:Salam, Səbinə xanım, təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edirik!
S.Ə.:Mən də sizi salamlayır və müsahibə təklifinə görə minnətdarlığımı bildirirəm. Ombudsman olaraq hər zaman kütləvi informasiya vasitələri və jurnalistlərlə əməkdaşlığa böyük önəm verirəm.
Red.:Son illərdə ilk dəfə idi ki, tərbiyə müəssisəsində cəza çəkən məhkum əfv edildi. Bu məsələ ilə bağlı fikirlərinizi, bu addımın səbəblərini izah edə bilərsiniz mi?
S.Ə.:Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu il martın 18-də imzalanmış və ümumilikdə, 625 nəfərə şamil olunmuş “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncama uyğun olaraq, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilmiş və cəzaçəkmə müəssisələrindən azadlığa buraxılmışlar.
Qeyd etmək lazımıdır ki, sonuncu əfv sərəncamı nəticəsində içərisində ahılların, müxtəlif xəstəlikdən əziyyət çəkənlərin, əlilliyi olan şəxslərin və qadınların da olduğu azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdır. Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənmişdir. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş iki nəfər cəzadan azad edilmişlər. Həmçinin azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış üç nəfər cəzadan azad olunmuşdur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər və islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad edilmişdir.
Yeri gəlmişkən, bizim müraciətlər əsasında 72 məhkum azadlığa buraxılmış, 3 nəfərin ömürlük məhkumun cəzaçəkmə müddəti 25 ilə endirilmiş, həbsdə olan bir qrup şəxsin cəzaları yarıya qədər azaldılmışdır.
Bu da çox müsbət praktikadır və biz bunu çox yüksək dəyərləndiririk. Buna görə də biz cənab Prezidentə insan hüquqlarının qorunmasında humanist siyasətinə, eyni zamanda Novruz bayramı ərəfəsində neçə-neçə məhkumu, onların ailələrini və bütövlükdə hamımızı sevindirdiyinə görə öz dərin təşəkkürümüzü bildiririk.
Bir məsələni də qeyd etmək istəyirəm ki, Ombudsmanın MPM fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə müəssisəsində həyata keçirilmiş başçəkmə zamanı yetkinlik yaşına çatmayan məhkum Rəhimov İlham Emil oğlu da qəbul edilmiş, törətdiyi əməldən səmimi peşman olduğunu bildirmiş və əfv olunmasında köməklik göstərilməsi ilə bağlı müraciət etmişdir.
Böyük minnətdarlıq hissi ilə bildirmək istərdim ki, bu məsələyə müvafiq qaydada baxılması və Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının müzakirəsinə çıxarılması ilə bağlı təklifimiz də nəzərə alınmaqla, sonuncu əfv sərəncamı ilə həmin məhkumun cəzasının çəkilməmiş hissəsi yarıya endirilmişdir. Yeri gəlmişkən, onun reabilitasiyası və cəmiyyətə inteqrasiyasını məqsədilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsində müvafiq köməklik göstərilməsi ilə bağlı Ombudsmanın Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə ünvanladığı müraciəti də artıq nəzərə alınmış və həmin məhkumun qanunvericiliklə müəyyən edilmiş qaydada cəzadan azad edilməsi təmin olunmuşdur.
Red.:İnsan hüquqları üzrə müvəkkil kimi, sizcə, əhalinin hüquqi dünyagörüşü hüquq islahatları ilə dəyişiləcəkmi?
S.Ə.:Mahiyyət etibarilə qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə hüquq-mühafizə sistemində islahatlar, qanunların əhali arasında təbliği və öyrənilməsi kimi mühüm tədbirləri özündə ehtiva edən hüquqi islahatlar əhalinin hüquqi dünyagörüşünün müsbət baxımdan dəyişilməsində mühüm rola malikdir.
Apardığımız təhlillər göstərir ki, ölkəmizdə həyata keçirilən hüquqi islahatlar çərçivəsində əhalinin hüquqi maarifləndirilməsi, onların hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi ilə yanaşı, pozulmuş hüquqların bərpası, demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması prosesinə təkan verən təşəbbüslər, insan hüquqları sahəsində maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi məqsədilə mütərəqqi ideyaların tətbiqi praktik yanaşma ilə real icra olunur ki, bu da əhalinin hüquqi dünyagörüşünün müsbət baxımdan dəyişilməsinə öz töhfəsini verir.
Bu baxımdan ölkəmizin əldə etdiyi yeni-yeni uğurlar, həyata keçirilən genişmiqyaslı hüquqi islahatlar, beynəlxalq aləmdə qazanmış olduğu nüfuz dayanıqlı inkişafa və insan hüquqlarının etibarlı təmininə xidmət etməklə yanaşı əhalinin hüquq mədəniyyətinin inkişaf etdirilməsinə təsir göstərir.
Red.Ombudsmanın Çağrı Mərkəzinə gələn şikayətlər ən çox hansı problemlər ilə bağlı olur? Vətəndaşların ən çox qarşılaşdıqları hüquqi problemlər nələrdir?
S.Ə.:Ölkə Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.8-ci bəndində vətəndaşların müraciət imkanlarının genişləndirilməsi və müraciətlərə baxılma işinin operativliyinin artırılması məqsədilə müraciətlər üçün vahid qaynar xəttin yaradılması Ombudsmana tövsiyə edilmişdir. Bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilmiş, Ombudsmanın qaynar xətləri bir mərkəzdə birləşdirilməklə və müasir informasiya texnologiyalarından istifadə edilməklə şəxslərin müraciətlərinin effektivliyinin təmin edilməsi məqsədilə 916 nömrəli vahid Çağrı Mərkəzi yaradılmış və bu, yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi əhəmiyyət kəsb etmişdir.
916 Çağrı Mərkəzi tərəfindən müraciətlər 7/24 rejimində qəbul olunur, danışıqlar qeydə alınır və məlumat bazasına daxil edilməklə elektronlaşdırılır ki, bu da əvvəlki dövrdən fərqli olaraq, yazılı müraciətə aid tələbi aradan qaldırmaqla onların operativ araşdırılmasına imkan verir. Bu yanaşma COVID-19 pandemiyası dövründə vətəndaşların müraciətlərinin qəbulunda mühüm vasitə olmaqla vətəndaş məmnunluğunun təmininə xidmət etmişdir.
Hər dövr üzrə Çağrı Mərkəzinə daxil olan müraciətlər mahiyyətinə görə fərqlənir. Son dövrlər daxil olan müraciətlərin əsasən sosial xarakterli olması müşahidə edilir. Belə ki, Vətən müharibəsi dövründə cəbhə bölgəsində yaşayan mülki şəxslər evlərinə dəymiş ziyanla əlaqədar, qazilər əlillik dərəcəsinin təyini, sosial baxımdan həssas əhali qrupuna aid olan işsiz şəxslər isə pandemiya ilə əlaqədar birdəfəlik sosial ödənişlərin verilməsi, nikahı pozulan qadınlar alimentin ödənilməsi, eləcə də məhkəmə qərarlarının icrası sahəsindəki çətinliklərlə bağlı Ombudsmanın Çağrı Mərkəzinə şikayət xarakterli müraciətlər edirlər.
Müraciət etmək istəyən hər kəs üçün Ombudsmanın fəaliyyətinin əlçatanlığının təmin edilməsi məqsədilə yaradılan 916 Çağrı Mərkəzi bu kimi məsələlərin həllində həm də preventiv tədbirlərdən biri kimi uğurlu mexanizmə çevrilmişdir.
Red.:Bu problemləri hansı prosedurlar ilə həll edirsiniz?
S.Ə.:Ombudsmanın ünvanına Çağrı Mərkəzi vasitəsilə daxil olan istənilən müraciətlərə çox həssaslıqla yanaşılır, insanların üzləşdikləri problem və çətinliklərlə bağlı şikayətlər operativ şəkildə araşdırılır, onların həlli istiqamətində aidiyyəti dövlət qurumlarına müraciətlər edilir, pozulmuş hüquqların bərpasına yönəlmiş tədbirlər görülür, məsələ daim nəzarətdə saxlanılır, təhlillər aparılır və müvafiq təkliflər irəli sürülür.
Red.:18 iyun – Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur. Sizcə, bu günün ölkəmiz üçün əhəmiyyəti nədən ibarətdir?
S.Ə.:Bəli, doğru buyurursunuz. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilmişdir. Bununla əlaqədar ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanmış 2007-ci il 18 iyun tarixli Sərəncama əsasən, hər il iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur.
Bu əlamətdar tarixin ölkə miqyasında qeyd edilməsi məqsədilə Ombudsmanın təşəbbüsü əsasında ənənəvi olaraq hər il 18 may – 18 iyun tarixlərində “İnsan Hüquqları Aylığı” elan olunur.
Aidiyyəti dövlət qurumlarının, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, elm-təhsil müəssisələrinin, vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin də qoşulduğu aylıq çərçivəsində insan hüquqlarının təmini və təbliği istiqamətində silsilə tədbirlər həyata keçirilir.
Ötən dövr ərzində əldə olunmuş təcrübə göstərir ki, aylıq çərçivəsində əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə təşkil edilən tədbirlər onların hüquqi cəhətdən maarifləndirilməsində mühüm rol oynamışdır. Buna görə də inamla qeyd edə bilərik ki, hər il ölkəmizdə belə bir aylığın elan olunması insan hüquqlarının təmini və təbliği baxımından çox mühüm əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirilməsinə şərait yaradır .
Yeri gəlmişkən, ölkə Ombudsmanı olaraq 2021-ci ilin 18 may - 18 iyun tarixlərini ölkədə “İnsan Hüquqları Aylığı” elan edərək dövlət qurumlarını, yerli özünüidarə orqanlarını, vətəndaş cəmiyyəti institutlarını, o cümlədən QHT-lər və KİV-i təşəbbüsümüzə qoşulmağa dəvət etmişəm.
Bununla əlaqədar, ünvanladığım açıq müraciətdə aidiyyəti qurumları COVID-19 infeksiyasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi qaydalarına ciddi əməl etməklə onlayn formatda hüquqi maarifləndirici görüşlərin, videokonfransların təşkil edilməsini, bu mövzuya həsr olunmuş müxtəlif sosial çarxların hazırlanmasını bir daha tövsiyə etmiş, KİV-də və sosial şəbəkələrdə insan hüquqlarının təbliğinə dəstək verməyə, insanların müraciətlərinə operativ şəkildə baxılması və pozulmuş hüquqlarının bərpası məsələlərinə daha da həssas yanaşmağa, bu istiqamətdə səmərəli əməkdaşlığa çağırıram.
Red.:Ölkədə işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm fəaliyyəti, preventiv tədbirlərin təşkili, maarifləndirmə işlərinin aparılması haqqında məlumat verə bilərsinizmi?
S.Ə.:Azərbaycan Respublikası 2008-ci ilin 2 dekabr tarixində BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunu ratifikasiya etmiş və ölkə Prezidentinin 2009-cu il 13 yanvar tarixli Sərəncamı ilə Protokolda nəzərdə tutulmuş Milli Preventiv Mexanizmin (MPM) funksiyalarını həyata keçirən təsisat qismində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) müəyyən edilmişdir.
Ombudsmanın müvafiq dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, hüquq müdafiəçiləri, vəkillər, KİV, beynəlxalq təşkilatlar, xarici ölkələrin Milli İnsan Hüquqları Təsisatları, yerli və beynəlxalq ekspertlərlə olan əlaqələri onun MPM qismində fəaliyyətinin də inkişafına, uğurlu və konstruktiv əməkdaşlıq əlaqələrinin qurulmasına, faydalı müzakirələr, treninqlər və təcrübə mübadilələrinin təşkilinə imkan vermişdir. MPM qismində işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə fəaliyyət çərçivəsində istər praktik yanaşma, istərsə də qanunvericiliyə təklif və tövsiyələrin verilməsi, habelə təşkilati baxımdan mövcud fəaliyyətin təkmilləşdirilməsi məqsədilə təşəbbüslər göstərilməkdədir.
“İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunda nəzərdə tutulmuş MPM funksiyalarını həyata keçirən Ombudsman və onun Aparatında yaradılmış Milli preventiv qrupu (MPQ) hazırda bu istiqamət üzrə fəaliyyətini uğurla davam etdirir.
MPM-in funksiyalarının həyata keçirilməsinin təşkili Ombudsman Aparatının strukturuna daxil olan İşgəncələrin qarşısının alınması şöbəsi tərəfindən icra olunur.
Ombudsman və MPQ tərəfindən müvəqqəti saxlama yerləri və istintaq təcridxanalarında, penitensiar, psixiatriya, sosial xidmət müəssisələrində, qanunsuz miqrantların saxlanılması mərkəzlərində və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərdə pandemiya dövründə saxlanma şəraiti, müyəssərlik, rəftar məsələləri, qidalanma səviyyəsi, tibbi-sosial xidmətlərə çıxış imkanları, daxil olmuş müraciətlərin araşdırılması, hospitallaşdırılmış pasiyentlərin, o cümlədən əlilliyi olan şəxslərin hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi məqsədilə mütəmadi olaraq başçəkmələr həyata keçirilir, saxlanılan şəxslərlə xüsusi karantin rejimi qaydalarına əməl etməklə görüşlər təşkil olunur, müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılır.
Qeyd etmək lazımdır ki, məhkumların MPQ-yə ünvanlanmış təklif, ərizə və şikayətləri senzuradan keçirilmir və bir gündən gec olmayaraq aidiyyəti üzrə göndərilir. Şəxsi hesabında vəsait olmayan məhkumların MPQ-yə ünvanlanmış müraciətləri penitensiar müəssisələrin vəsaiti hesabına göndərilir.
Red.:Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və onların sosial inklüziyasına nail olunubmu?
S.Ə.:Azərbaycanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərdən biri də məhz milli qanunvericilik bazasının BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası”nın tələblərinə uyğunlaşdırılması ilə bağlıdır. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin II hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının hüquq sisteminin ayrılmaz tərkib hissəsi olduğundan həmin Konvensiya da ölkəmizin milli qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edir.
Təqdirəlayiq haldır ki, hazırda dövlətimiz tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının səmərəli müdafiəsinə və onların sosial inklüziyasına nail olunması, beləliklə də ölkəmizin tərəfdar çıxdığı həmin beynəlxalq müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir.
Qeyd etmək istərdim ki, mənim hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiə etdiyim dissertasiya işinin mövzusu əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının qanunvericiliyinə implementasiyası məsələrinə həsr olunduğundan bu mövzu mənə çox yaxındır.
Ombudsman vəzifəsinə seçildikdən sonra da ilk açıqlamamda fəaliyyətimizdə əhalinin həssas qruplarından biri kimi əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi işinə diqqətin daha da artırılması üçün çalışacağımı söyləmişdim. Bu baxımdan, Ombudsman Aparatının strukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar çərçivəsində artıq əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə məşğul olan ayrıca struktur bölmənin yaradılmasına nail olmuşuq. Bununla da biz beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana verilmiş tövsiyələrin icrasını təmin etməklə bərabər, həm də müsbət ölkə təcrübəsinə töhfə vermiş olduq.
Bu gün ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən islahatlar bizə inamla deməyə əsas verir ki, artıq bu qəbildən olan şəxslərin sosial inklüziyasına nail olunması dövlətimizi düşündürən və onun diqqət mərkəzində olan aktual məsələlərdən biridir.
İnklüzivlik - əlilliyinin növündən, formasından və ağırlıq dərəcəsindən asılı olmayaraq, yaşadığı yerdə layiqli həyat sürməsi üçün iş, təhsil və digər sosial mühitin və infrastrukturun əlilliyi olan şəxslərə müyəssərliyinin təmin edilməsidir. Bu mənada cəmiyyətimizin inklüzivliyə nə dərəcədə hazır olması iş, təhsil və digər sosial mühitin və infrastrukturun əlilliyi olan şəxslərə nə dərəcədə müyəssər olmasından bilavasitə asılıdır.
Son illər əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və təbliği, onlar üçün bərabər imkanların yaradılması məqsədilə qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi sahəsində həyata keçirilən kompleks islahatlar inamla deməyə əsas verir ki, cəmiyyət olaraq maariflənmək, əlilliyi olan şəxslərin sosial inklüziyasına nail olmaq bu gün artıq qarşıda duran ən mühüm tələbdir, sosial sifarişdir. Buna görə də inklüziv dəyərlərə, son illərin təcrübəsinə və birgə əməkdaşlığa əsaslanaraq vurğulamaq istəyirəm ki, sosial statusundan asılı olmayaraq hər kəs üçün bərabər imkanların yaradılacağı inklüziv cəmiyyətin qurulmasına nail olacağımız günlər çox da uzaqda deyil!
Red.:Qadın hüquqlarının müdafiəsi və təbliği, gender bərabərliyinin təmini, bütün ölkələrdə olan məişət zorakılığı, bu istiqamətdə hansı işlər aparılır?
S.Ə.:Zorakılığa məruz qalmış ailələrə maddi, mənəvi və psixoloji yardımın göstərilməsi, zorakılıq qurbanları üçün regional sığınacaqların yaradılması, regionlarda maarifləndirmə işlərinin aparılması, problemlərin həlli üçün icma səviyyəsində təşəbbüs qruplarının yaradılması, məişət zorakılığına qarşı mübarizə üzrə beynəlxalq təcrübənin öyrənilməsi, qız uşaqlarının təhsildən kənarda qalmasının və erkən evlilik hallarının qarşısının alınması üzrə tədbirlərin görülməsi zəruridir.
Xüsusi narahatlıqla qeyd edilməlidir ki, erkən evlilik halları problem olaraq qalmaqdadır. Bu vəziyyət fiziki, əqli, psixoloji və emosional təsirə malik olmaqla, qızları təhsil almaq imkanlarından məhrum etməklə yanaşı, onların fərdi inkişafını və gələcək imkanlarını məhdudlaşdırır. Erkən hamiləliyə və doğuşa səbəb olan belə evliliklər əksər hallarda ana və uşaqların sağlamlığı üçün təhlükələr yaradır.
Ombudsmanın təşəbbüsü ilə ənənəvi olaraq hər il elan edilən “Uşaq Hüquqları Aylığı” çərçivəsində erkən evliliyin qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi məqsədilə onlayn platformada təlimlər keçirilmiş, qızların hüquqlarının qorunması və onların təhsildən yayınmasının, habelə məişət zorakılığının qarşısının alınması, ana və körpə ölümü ilə bağlı məsələlər müzakirə edilmişdir.
Hələ ötən dövrlərdə Ombudsman təsisatı tərəfindən orta məktəblərdə, əsasən də kənd rayonlarında uşaqların, xüsusilə də qızların təhsildən kənarda qalması səbəblərinin əsaslı təhlil edilməsinin vacibliyi diqqətə çatdırılaraq, uşağın icbari təhsildən yayınmasında günahkar olan şəxslərə münasibətdə inzibati məsuliyyətin müəyyən edilməsi, valideyn və müəllim məsuliyyətinin artırılması, valideyn vəzifələrini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi təklif edilmişdir.
Ombudsman təsisatı olaraq, aliment öhdəliklərinin spesifik xüsusiyyətini nəzərə alaraq, aliment tələbinə dair məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətin ayrıca maddədə göstərilməsi, həmin pozuntuya görə cərimə cəzasının işin halları və pozuntunu törədən şəxsin maddi durumu nəzərə alınmaqla tətbiqinitəklif etmişik .Bununla yanaşı, aliment tələbi üzrə məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qəsdən yerinə yetirilməməsinə görə ayrıca məsuliyyətin müəyyən edilməsi təklifi ilə də çıxış etmişik.
Bundan əlavə aliment öhdəliklərinin icrasından yayınan (boyun qaçıran) şəxslərin icbari qaydada əmək fəaliyyətinə cəlb olunması ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və “İcra haqqında” Qanununa əlavə və dəyişikliklərin edilməsi, buna müvafiq olaraq, icra qurumları ilə məşğulluq orqanlarının əlaqəli fəaliyyət mexanizmlərinin yaradılması təklifini irəli sürmüşük.
Ötən dövrlərdə Ombudsmanın Aparatı və regional mərkəzləri tərəfindən müxtəlif vaxtlarda bölgələrdə, ucqar rayon və kəndlərdə yaşayan qadınlar üçün gender bərabərliyi, məişət zorakılığı, insan alveri, erkən evlilik hallarına qarşı mübarizə və digər mövzularda maarifləndirici seminar və məşğələlər keçirilmiş, intensiv maarifləndirmə işinin nəticəsi olaraq yüzlərlə qadın öz hüquqları barədə məlumatlanmış və müraciətlər əsasında onlara təmənnasız hüquqi məsləhətlər verilmişdir. Belə tədbirlərdə daim dövlət orqanlarının, beynəlxalq təşkilatların, QHT və KİV nümayəndələrinin iştirakı təmin edilmiş, qadın hüquqlarının müdafiəsi önə çəkilmişdir.
Red.:Son olaraq Azərbaycan Respublikasının Ombudsmanı kimi vətəndaşlara öz hüquqlarını qorumaq üçün hansı məsləhətləri verərdiniz?
S.Ə.:Azərbaycan Respublikasının Konstitusiyasına görə dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir.
Bu baxımdan təkcə vətəndaşlara deyil, ölkəmizin ərazisində yaşayan hər bir kəsə öz hüquqlarını qoruya bilmək üçün daim hüquqi cəhətdən maariflənməklə, tək özlərinin yox, başqalarının da hüquqlarını öyrənməyi və hər zaman ona hörmət bəsləməyi tövsiyə edirəm.
Mənbə: İNJURİA