"Regionların inkişafı daim dövlət siyasətinin mərkəzindədir" - MƏQALƏ
Prezident İlham Əliyev hər il respublikanın rayonlarına müntəzəm səfərlər edir, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində görülən işlərlə maraqlanır, tapşırıq və tövsiyələrini verir. Səfərlər zamanı baş tutan açılışlar və təməlqoyma mərasimləri görülmüş işlərin həcmini göstərir. Eyni zamanda, bu onu göstərir ki, ölkə hərtərəfli inkişaf edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfərə edib. Dövlətimizin başçısı Daşkəsən şəhərində Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstəsi qoyub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsəndə Şəhidlər xiyabanını ziyarət edib. Dövlətimizin başçısı Şəhidlər xiyabanındakı əbədi məşəl abidəsi önünə gül dəstəsi qoyub. 1993-cü ildə salınan Şəhidlər xiyabanında həm Birinci Qarabağ, həm də Vətən müharibəsində həlak olan şəhidlər dəfn edilib. Ümumiyyətlə, Daşkəsəndən olan gənclər də hər zaman ərazilərimizin müdafiəsi uğrunda qəhrəmanlıqla döyüşüb, Vətən uğrunda canlarından keçiblər. Vətən müharibəsinin gedişində yenidən silaha sarılan Daşkəsən gənclərindən 31 nəfər şəhidlik zirvəsinə ucalıb. Bu qəhrəman Vətən övladlarının əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyulun 22-də Daşkəsənə səfəri çərçivəsində şəhərin yenidən qurulan su təchizatı və kanalizasiya sistemləri üzrə görülən işlərlə tanış olub. Daşkəsən şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemi 1950-1960-cı illərdə yaradılmışdı. Mövcud su və kanalizasiya xətləri şəhəri tam əhatə etmirdi və istismara yararsız vəziyyətə düşmüşdü. “Azərsu” şəhər sakinlərinin yalnız 43 faizinə xidmət göstərirdi. Şəhər əhalisi içməli suyu qrafiklə alırdı, sakinlərin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi. Hazırda yeni yaradılmış su təchizatı sistemi ilə şəhərin 10 mindən artıq sakini fasiləsiz içməli su ilə təmin edilir. Layihə çərçivəsində Daşkəsən şəhərində 11,5 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi də qurulub. Daşkəsən Sukanal Sahəsi üçün müasir tipli inzibati bina tikilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfəri çərçivəsində “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olub. Dövlətimizin başçısına “Çovdar” qızıl mədənində görülən işlər barədə məlumat verildi.
“Çovdar” qızıl mədənində hasilat işlərinə 2016-cı ildən başlanıb, bu mədəndə böyük yenidənqurma və infrastruktur işləri həyata keçirilib. Bu günədək 259 min unsiya qızıl istehsal edilib, növbəti illərdə isə əlavə 338 min unsiya qızılın istehsalı planlaşdırılır.
“AzerGold” QSC təkcə “Çovdar” yatağının istismarı nəticəsində ölkənin qeyri-neft məhsulları ixracatçıları arasında lider mövqeyə yüksəlib, qızıl və gümüş ixracından ölkə iqtisadiyyatına xarici valyutada 640 milyon manata yaxın vəsait cəlb edilib. Artıq “AzerGold” qızıl layihələrinin icrası üzrə büdcədən asılılığın tam surətdə aradan qaldırılmasına nail olub. Cəmiyyət tədavülə istiqraz buraxan ilk milli dağ-mədən şirkəti kimi də tarixə düşüb. Cəmiyyətin metal ehtiyatları 24 dəfə artıb.
2017-ci ildə “Ağyoxuş-1” və “Ağyoxuş-2” qızıl yataqları, 2018-ci ildə isə “Mərəh” qızıl yatağı kəşf edilib. Bu ildən etibarən bir sıra yataqların istismara verilməsi planlaşdırılır. Mürəkkəb və çoxmərhələli emal prosesin yekunu olaraq mədəndən çıxarılan süxurlardan qızıl və gümüş qarışıqlı xəlitələr istehsal edilir. İstehsal olunan xəlitələr İsveçrəyə saflaşdırılma üçün göndərilir.
Daha sonra “Made in Azerbaijan” nişanı ilə Azərbaycan qızılı və gümüşündən hazırlanan 5, 10 və 20 qramlıq sikkələr, eləcə də qızıl külçələr nümayiş etdirildi. Üzərində Heydər Əliyev Mərkəzi, Qarabağ xalçası və Qobustan qayaüstü rəsmləri təsvir olunan sikkə və külçələr istehsal edilib. Heydər Əliyev Mərkəzi ilə birgə təşkil edilən “Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinin nəticələrinə əsasən, daha iki dizaynda qızıl sikkələr istehsal olunub. Qızıl sikkələrin üzərində Qarabağın qədim memarlıq inciləri, tarixi abidələri, Şuşa şəhəri təsvir edilib.
Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətə başlayıb. Bu layihənin başlıca hədəfi qısa müddət ərzində dəmir filiz yataqlarının istismara verilməsi və metal qırıntılarını əvəzləyən, həmçinin daha keyfiyyətli metallurgiya məhsullarının istehsalı üçün xammala tələbin təmin edilməsidir. Prezident İlham Əliyev “Mərəh” qızıl mədənində süxurların ilk partlayış prosesini izlədi.
Cənab İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsi zamanı bildirdi ki: “Daşkəsənin dəmir filizi yataqlarının işlənilməsi ilə bağlı konkret planlar var”. Belə ki, bir müddət bundan əvvəl mənim göstərişimlə xüsusi proqram tərtib edilmişdir, dövlət investisiya resursları cəlb olunmuşdur. Bu sahə çox böyük gəlir gətirən sahə olacaq.
Eyni zamanda, minlərlə iş yeri yaradılacaq və idxaldan asılılıq azalacaq. Son beş il ərzində təkcə dəmir məmulatlarının idxalına ölkədən 1,7 milyard manat vəsait gedibdir. Bu sahənin inkişafı imkan verəcək ki, idxaldan asılılıq kəskin şəkildə azalacaq, daha böyük dəyərə malik olan dəyər zənciri yaradılacaq, ixrac imkanları da yaranacaq.
“Bu altı ayın sosial-iqtisadi yekunlarını necə qiymətləndirirsiniz?” sualına Prezidentin cavabı: ”- Altı ayın yekunları onu göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb. Əgər bu altı ayın hər bir ayının iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, ilin əvvəlində iqtisadi tənəzzül daha böyük rəqəmlərlə ölçülürdü. Altı ayın yekunları isə bunu göstərir ki, bizim iqtisadiyyatımız 2 faiz artıb. Qeyri-neft sektorumuz 5 faizdən çox artıb. Əgər sənaye istehsalına fikir versək görərik ki, sənaye istehsalı 0,3 faiz azalıb. Amma bunun əsas səbəbi neft hasilatı ilə bağlıdır, OPEC+ razılaşmasının yerinə yetirilməsidir. Bilirsiniz ki, biz hasilatı azaltmışıq və necə deyərlər, bu versiyanı təsdiqləyən digər göstəriciyə diqqətinizi cəlb etmək istərdim. Qeyri-neft sənayemiz 16,6 faiz artıb və daha da artacaq. Bugünkü bu açılış və görüləcək digər işlər qeyri-neft sektorunun sənaye potensialını daha da artıracaq. Çünki 16,6 faiz artım olub, mən bilmirəm hansı başqa ölkədə buna rast gəlmək olar… Kənd təsərrüfatı 5,6 faiz artıb. İnflyasiya məqbul hesab edilən rəqəmlər ətrafındadır – 4,3 faiz. Hesab edirəm ki, bu da yaxşı nəticədir. Valyuta ehtiyatlarımız artıb. Altı ayda valyuta ehtiyatlarımız 1 milyard dollar həcmində artıb”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində Naftalan şəhərində olub. Dövlətimizin başçısı xalqımızın ulu öndəri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Naftalan şəhərinə səfəri çərçivəsində Prezidenti İlham Əliyev istismar müddəti başa çatmış Naftalan şəhər hava limanına baxdı.
1977-ci ildə istismara verilən hava limanı 1997-ci ilə qədər erməni qəsbkarları tərəfindən dəfələrlə atəşə tutulub. Bu, limanda təyyarələrin enmə və qalxması üçün real təhlükəyə çevrilib. 1997-ci ildə isə hava limanının fəaliyyəti dayandırılıb.
Səfər zamanı İlham Əliyev Naftalan Mərkəzi Sanatoriyasının açılış mərasimində iştirak edib. Prezidentin şəxsi təşəbbüsü və həyata keçirilən proqramlar sayəsində Naftalan şəhəri turizm sektorunda ön sıralara yüksəldi. Şəhərin əsasını sanatoriya–kurort infrastrukturu təşkil edir. Son illər müasir əsaslarla yeni kurortların yaradılması ilə şəhərin turizm potensialı genişləndirilir, sahibkarlığın inkişafı üçün münbit şərait formalaşır. “Naftalan Mərkəzi sanatoriyası” da belə layihələrdən biridir.
Naftalanda fəaliyyət göstərən kurort–sanatoriya müəssisələrində 1000 nəfərdən çox şəxs işlə təmin olunub ki, bu da şəhərdə işsizliyin aradan qaldırılmasında əhəmiyyətli rol oynayır. Hazırda fəaliyyət göstərən müəssisələr gün ərzində 3000-ə yaxın turist qəbul etmə imkanına malikdir. Son illərdə Naftalan şəhərində müasir tələblərə cavab verən 10-dan çox istirahət və sağlamlıq mərkəzi istifadəyə verilib. 2021-ci ildə daha 4 sanatoriya kompleksinin açılışı nəzərdə tutulur. Bu da gələcəkdə yeni iş yerlərinin açılması və daha çox turist qarşılanması deməkdir. 2020-2021-ci illərdə koronavirus pandemiyası turizm sənayesinə də təsir etdiyindən rəqəmlərdə azalma müşahidə olunub. Lakin bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə Naftalanın turizm sektorunda yenidən canlanma hiss edilir. Belə ki, son bir ayda sanatoriyalara 2000-ə yaxın turist gəlib. Beləliklə, şəhər infrastrukturunun yenilənməsi, yeni sağlamlıq-istirahət mərkəzlərinin istifadəyə verilməsi yerli və xarici turistlərin Naftalana olan marağını postpandemiya dövründə daha da artıracaq.
Naftalan şəhərində 200 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib. Müasir standartlara uyğun qurulan bağçada azyaşlıların təlim-tərbiyəsi və onların sağlam vətəndaş kimi yetişmələri üçün hər cür şərait var. Uşaqların günün əsas hissəsini burada keçirmələri məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyənin keyfiyyətinə, sağlam ab-havanın yaradılmasına xüsusi diqqət yetirilməsini tələb edir. “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı Azərbaycanın uğurlu gələcəyinə hesablanıb. Ən müasir infrastrukturla təchiz edilən körpələr evi-uşaq bağçası Naftalanda sayca ikinci məktəbəqədər təhsil müəssisəsidir. Bu sahədə görülən işlər ölkəmizdə uşaqların sağlam və intellektli böyümələrini təmin edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də qərb bölgəsinə səfəri çərçivəsində Goranboy rayonunda da olub, Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Goranboy rayonunda Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun açılışında iştirak edib. Ümumi uzunluğu 38 kilometr olan yol dövlətimizin başçısının müvafiq sərəncamlarına əsasən tikilib. Dördüncü texniki dərəcəli yol iki hərəkət zolaqlıdır. Avtomobil yolunun tikintisi 8 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Goranboy Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Dövlətimizin başçısına kompleksdə görülən işlər barədə məlumat verilib.
İnşasına 2014-cü ildə başlanılan bu kompleksin ərazisi 3 hektardan çoxdur. Kompleksə üzgüçülük hovuzu da daxildir. Burada 200-dən çox tamaşaçının yarışları izləməsi üçün hər cür şərait var. Burada, həmçinin güləş, boks, fitnes-trenajor, aerobika, gimnastika və rəqs zalları, şahmat otağı, konfrans zalı və digər otaqlar yaradılıb. Ərazidə üçmərtəbəli, 44 yerlik mehmanxana da fəaliyyət göstərəcək. Burada da idmançıların və qonaqların istirahəti üçün bütün imkanlar var. Futbol stadionunun tribunası 1141 tamaşaçı yerlikdir. Bundan əlavə, iki mini futbol meydançası da qurulub. Voleybol-basketbol meydançası, həmçinin uşaq əyləncə meydançası yaradılıb. Kompleksdə fiziki imkanları məhdud idmançılar və tamaşaçılar üçün də müvafiq şərait yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində Gəncə şəhərinə gəlib. Dövlətimizin başçısı Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış olub.
Düşmənin Azərbaycanın ikinci böyük şəhəri, yarım milyon əhalisi olan və münaqişə zonasından 100 kilometrdən artıq məsafədə yerləşən Gəncə şəhərinə raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 142 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Erməni faşizminin izləri ilə tanış olan Prezident İlham Əliyev həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, tamamilə dağılmış yaşayış binalarının ətrafına gül düzüb.
Bu gün ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığını tədricən azaltmaq, qeyri-neft sektorunun inkişafına nail olmaq və iqtisadiyyatı şaxələndirmək dövlətimizin qarşıya qoyduğu başlıca məqsədlərdən biridir.Bu məqsədlə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə neft-qaz sektorundan əldə edilmiş gəlirlərdən səmərəli istifadə edərək iqtisadiyyatın digər sahələrini inkişaf etdirmək, dayanıqlı və möhkəm iqtisadiyyata nail omaq üçün ciddi əməli tədbirlər görülür, əsaslı və köklü islahatlar həyata keçirilir.
Paytaxt və regionlarda istehsal və xidmət sahələri davamlı şəkildə inkişaf edir, yeni-yeni müəssisələr yaradılır. Bu isə öz növbəsində yeni iş yerlərinin artımına səbəb olur ki, bu da ölkə vətəndaşlarının yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət etmiş olur. Həmçinin dövlət qayğısı olaraq iş əldə etməkdə çətinlik çəkən aztəminatlı vətəndaşlarımızın aylıq qazanc əldə etmələri və onların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tərəfindən maliyyələşən minlərlə ödənişli ictimai iş yerləri yaradılır.
Eyni zamanda regionların sosial-iqtisadi inkişafına nail olunması yollarından biri də ölkədə kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsidir. Bu səbəbdən dövlət tərəfindən kənd təsərrüfatı sahəsinin inkişafı, həmçinin ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması əsas hədəflərdən biri hesab edilərək, kənd təsərrüfatı sahəsi üzrə istehsal imkanlarının daha da yaxşılaşdırılması, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalının artımına nail olunması üçün çox ciddi islahatlar aparılır, şəffaflıqla, güzəştli kreditlərlə, subsidiyalarla bağlı yeni mexanizmlər hazırlanaraq tətbiq edilir.
Prezident İlham Əliyev hər il respublikanın rayonlarına müntəzəm səfərlər edir, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində görülən işlərlə maraqlanır, tapşırıq və tövsiyələrini verir. Səfərlər zamanı baş tutan açılışlar və təməlqoyma mərasimləri görülmüş işlərin həcmini göstərir. Eyni zamanda, bu onu göstərir ki, ölkə hərtərəfli inkişaf edir.
Gülxanım Allahverdiyeva
322 N-li tam orta məktəbin tarix müəllimi